29 iyul 2020 11:49
215

Qorunan əmanətlər: Faiz dərəcəsinin artırılması önəmlidir, yoxsa?

Mərkəzi Bankın məlumatına görə, bu ilin əvvəli ilə müqayisədə iyulun 1-nə banklara əmanət qoyuluşu 10,8 faiz az, son 1 ildə isə 11,8 faiz azalıb. Görünən odur ki, qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin yalnız dekabra qədər uzadılması, eyni zamanda, 4 bankın bağlanması əhalini ehtiyatlı davranmağa vadar edib. Digər tərəfdən, bağlanmış banklardan 2-nə bir müddət əvvəl əmanət cəlbinin qadağan edilməsinə baxmayaraq buna məhəl qoyulmaması və bundan irəli gələrək qorunan əmanət faizi ilə banklara yerləşdirilən vəsaitlərin taleyi banklara etibarı böyük sual altına alır: banklara əmanət etməyə dəyərmi?

Bütün bunlarla belə iyul ayında bir ay əvvələ nisbətən banklara əmanət qoyuluşunda artım qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, bu ilin iyulun 1-nə Azərbaycan banklarına 7 milyard  706,4 milyon manat əmanət qoyulub ki, bu da iyunun 1-i ilə müqayisədə 0,6 faiz çoxdur.

Nəticə etibarilə banklara əmanət qoyuluşunun xeyli müddətdir ki, azalmaqda davam etməsindən sonra iyun ayında yenidən artmasının baş verənlərin fonunda hansı səbəblərdən irəli gəlməsini izah etmək çətindir. Ancaq o da qeyd edilməlidir ki, Əmanətlərin Sığortalanması Fondu 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 12 faizə qaldırılması barədə qərar qəbul edib. Bu qərar banklara daha böyük faizlə tam sığortalı əmanət yerləşdirməyə imkan verir. Düzdür, heç də bütün banklar 12 faizlə əmanət cəlb etmirlər. Lakin bu qərar bir çox banka vəsaitlərinin azalması fonunda əmanət faizlərini artırmağa, əhaliyə isə vəsait yerləşdirməyə stimul verib. Bu mənada iyun ayında əmanət qoyuluşunda az da olsa artımın olmasını həmin qərarla bağlı olduğunu demək olar.

Ancaq bir neçə ay əvvəl lisenziyası ləğv edilmiş 2 bankın qadağa qoyulmasına baxmayaraq əmanət cəlb etməsinin presedentə çevrilməyəcəyi də istisna deyil. Söhbət ondan gedir ki, həmin banklara əmanət qəbulunun qadağan edilməsinə baxmayaraq, bunun ictimailəşdirilməməsinə münasibətini bildirən Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev deyib ki, banklara qoyulan qadağaların ictimailəşdirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş formaları var. Hər hansı bir banka əmanətin qoyulmasına qadağanın qəbul olunmasını ictimailəşdirmək olmur: “O zaman insanların həmin bankda olan əmanətlərinin bir anın içində çəkməsi problemi yaranardı. Əgər bir vətəndaş bilsə ki, bu banka əmanətin qəbulunu qadağan ediblər, o zaman kim orada vəsaitini saxlayar?” (Report).

Bu isə onu deməyə imkan verir ki, əmanət yerləşdirərkən əsas meyar təklif edilən faiz yox, bankın etibarlılığı olmalıdır. Çünki yüksək faiz təklifi həmin bankın etibarlılığına dəlalət etmir. Ancaq o da məlumdur ki etibarlı banklarda da əmanət faizləri elə də yüksək olmur.

                                                                         Ceyhun Piriyev, “İki sahil”