18 noyabr 2020 18:20
1118

Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin

Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Ordumuzun gücü,qüdrəti sayəsində Azərbaycanın Birinci vitse-prezidentinin İkinci Qarabağ müharibəsi başlandığı ilk günlərdə səsləndirdiyi  bu istəyi reallığa çevirdi

Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ermənistan silahlı qüvvələrinin müxtəlif  istiqamətlərdən hücumlarına  Azərbaycan Ordusunun cavabı  kimliyindən, siyasi əqidəsindən, siyasi mənsubiyyətindən, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları Prezidentin ətrafında sıx birləşdirdi.  Əks-hücum əməliyyatlarının  nəticəsi olaraq demək olar ki, hər gün qələbə xəbərlərini eşidir, bütün işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağının sancılacağına əminlik hər an artırdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin sırasına Qarabağın döyünən ürəyi, tacı olan  Şuşamızın  daxil olması tam qələbəmizin nəfəsini duydurdu.  Dövlətimizin başçısı İlham Əliyev  xalqa müraciətlərində   bildirirdi ki,   hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm: “Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik.”

İşğalçı dövlət bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu, ən əsası sərsəm bəyanatları ilə ordumuz haqqında yaratdıqları fikirlərin  yanlışlığının şahidi oldu. Dövlətimizin başçısı İlham Əliyev bugünlərdə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində qələbə sevincini insanlarla paylaşarkən bu məqama xüsusi diqqət yönəltmişdir: “Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, A zərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır.”

    Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etmişdir ki,  sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmiş, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə o vaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır.

  “Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı” söyləyən ölkə Prezidenti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün müsbət meyillərin inkişaf etməyə başladığını diqqətə çatdırdı.  Bu gün Azərbaycan  Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycan  bütün dünyaya göstərir ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifi məhv edildi, Azərbaycan Ordusu  onları yerinə oturtdu,  diz çökdürdü: “Onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi.”

   44 gün ərzində cəbhə bölgələrimizdən gələn qələbə  xəbərləri Azərbaycan dövlətinin, xalqının gücünü göstərdi. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi şəksizdir. Onda Ermənistan və onun havadarları Azərbaycanın bu bəyanatını sülh danışıqlarından imtina kimi dəyərləndirirdilər. İşğalçı dövlət bir qədər də irəli gedərək belə bir sərsəm bəyanatla çıxış edirdi ki, Azərbaycan hərb yolunu seçərsə uduzacağı şəksizdir. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atır, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, haradadır bu “yenilməz Ermənistan ordusu?. Görün, necə qaçır bizim qabağımızdan: “Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq.»

     Dünya xalqımızın orduya dəstəyinin hələ ermənilərin  12 iyul təxribatı zamanı şahidi olmuşdu.  Bu  əhval-ruhiyyə istər onların Orduya dəstək adı altında keçirdikləri yürüşlərdə, istərsə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq  çoxsaylı müraciətlərində öz əksini tapmışdı.  Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin çağırışına səs verən  onminlərlə   vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alındılar.

   Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında gənclərimizin milli ruhda tərbiyəsinin vacib amil kimi önə çəkərək bu fikri də xüsusi qeyd edirdi ki, gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir: «Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlərboyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir...Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.» 44 günlük qələbə daim Azərbaycan Ordusunun gücünə, qüdrətinə inanan, arxalanan dövlətimizin başçısı İlham Əliyev bu fikri də xüsusi qeyd etdi ki, gənclərimizdə vətənpərvərlik hissi çox yüksəkdir, bugünkü qələbəmizdə əsas rol Azərbaycan əsgərinə məxsusdur, şəhidlərimizin, yaralı döyüşçülərimizin valideynlərinə belə övladlar yetişdirdikləri üçün minnətdarıq.

      Ümumi  məqsəd tarixi ədaləti bərpa etmək, 30 ilin həsrətinə son qoymaq, bir xalq olaraq başımızı dik tutmaq idi. 44 günlük müharibə bizə bu sevincləri yaşatdı. Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın diplomatik mübarizədə qələbəsinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, bu gün dünya   ermənilərin 200 illik  işğalçılıq siyasətinin yaratdığı faciələr barədə ətraflı məlumatlar əldə etdi. Zaman-zaman tarixin ayrı-ayrı dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistanın 1988-ci ildə əsassız torpaq iddiasının baş qaldırması nəticəsində yaranan və 30 ildən artıqdır dünyadan ədalətli yanaşma gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dövlətimizin başçısı İlham Əliyevin 44 gündə xarici mətbuata 30-a yaxın müsahibəsi əsasında dünyaya çatdırıldı.

    «Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz» söyləyən   cənab İlham Əliyev 44 gündə  tarix yazan Azərbaycan Ordusunun qələbə xəbərlərini hər gün xalqımıza çatdırmaqla, eyni zamanda, gənclərimizin Vətən, torpaq sevgisindən qaynaqlanan döyüş ruhlarının artmasından qürurlandığını nümayiş etdirirdi. Dövlətimizin başçısı İlham Əliyev daim bildirirdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Azərbaycan Ordusu bu qisası döyüş meydanında aldı.

   Azərbaycan Ordusunun qələbə əzmi, döyüş ruhu qarşısında aciz duruma düşən erməni ordusu  silah-sursatı  qoyub qaçır, açıq-aşkar Silahlı Qüvvələrimizin gücünü etiraf edirdi. Azərbaycan  Ordusu, eyni zamanda, 30 ilə yaxın icrasını gözləyən beynəlxalq  təşkilatların qərar və qətnamələrinin, beynəlxalq hüquq normalarının mövcudluğunu dünya dövlətlərinin yadına salmaqla yanaşı, qəbul etdirdi. Diqqət çəkən əsas məqamlardan biri bu oldu ki,  ötən 30 ildə  danışıqlar prosesinin bərpa olunmasına çalışmayan dövlətlər, təşkilatlar ayağa qalxıb, işğalçı Ermənistandan sülh danışıqları masasına oturmağı tələb etdi. Amma sual olunur- Niyə bu dövlətlər 30 ildə bu  fəallığı göstərmirdilər? Dünya bir daha bu reallığın şahidinə çevrildi ki, Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək və vermədi. 10 noyabr şanlı qələbəmiz bunu bir daha sübut etdi.

   Dağlıq Qarabağ münaqişəsinin həllində vacib olan amillərdən bəhs edərkən dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək və güclü ordu xüsusi önə çəkilirdi. Bu gün dövlətimizin qətiyyəti, xalqın iradəsi, ordumuzun gücü, qüdrəti sayəsində işğalçı Ermənistana yeri göstərildi, işğal altında olan torpaqlarımız azad olundu, düşmənin hərbi texnikası məhv edildi və qənimət kimi götürüldü. İlk gündən bu inam ifadə edildi ki, zəfər sənindir, Azərbaycan əsgəri!    

       30 il Azərbaycan dünyanın ən yüksək tribunalarından  prinsipial mövqeyini bəyan etdi. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. O da bəyan edilirdi ki,  bütün münaqişələr öz həllini bir prinsip əsasında tapmalıdır. Xalqların öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktı məhz bunu diktə edir. Münaqişənin həlli ilə bağlı  prinsipial mövqeyimizdən dönmədik.

       Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anladı, cəbhə xəttində  təxribatlar törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağın mümkünsüzlüyünü dərk etdi, öz məğlubiyyətini etiraf edərək  Azərbaycanın siyasi qələbəsinin təsdiqi olan 10 noyabr bəyanatını imzaladı.  

  Bütün bu olaylar ermənilərin və erməni diasporunun bu günə qədər apardıqları təbliğatın nə qədər yalan və əsassız olduğunu nümayiş etdirdi. Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Yalan ayaq tutsa da, yeriməz. Ermənistanın təxribatlara daha çox meyilli olması danışıqlar prosesində maraqlı olmadığının bariz göstəricisi idi.  Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində, müsahibələrində   Azərbaycan xalqının  mənasız danışıqlardan bezdiyini  ifadə edərək bildirirdi ki, ona görə bu məsələ ilə məşğul olanlar və bu illər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər. Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın güclü ordusu var. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin, inkişafın, qarşıya qoyulan bütün hədəflərə nail olmağın  əsas şərtidir.

Azərbaycanın 10 noyabr qələbəsi  tariximizlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlarımızdır. Dövlətimizin başçısı İlham Əliyevə təbrik və minnətdarlıq məktublarında  möhtərəm Prezidentimizin qətiyyətindən, müstəqil siyasətindən, Azərbaycanın yeni reallıqlar yaradaraq regionda geostrateji mənzərəni dəyişdiyindən böyük qürur hissi keçirdiklərini bildirirlər. Qeyd edirlər ki,  cənab İlham Əliyev kimi Prezidenti olan xalq xoşbəxtdir. Dövlətimizin başçısı bütün sahələrdə Heydər Əliyev siyasətini uğurla davam etdirir. Tarixi ədalətin, ərazi bütövlüyümüzün bərpa olunması ata vəsiyyətinin yüksək səviyyədə yerinə yetirilməsi kimi dəyərləndirilərək, hər zaman olduğu kimi, bundan sonra da Prezidentimizin ətrafında sıx birləşəcəklərini bildirirlər.  

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman cəbhədən gələn qələbə xəbərlərini paylaşarkən bu fikri dönə-dönə qeyd edirdi ki, Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!  Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir. Bu arzunu, duanı da ifadə edirdi ki, Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Bu gün böyük fəxr, qürur hissi ilə qeyd edirik ki, dövlətimizin qətiyyəti, ordumuzun gücü,  dövlət-xalq-ordu birliyi sayəsində bu istək reallığa çevrildi. Torpaqlarımız işğaldan azad edildi,  Qarabağa yeni nəfəs gəldi. Artıq həmin ərazilərdə yeni həyat başlayıb. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında yol tikintisinə, yenidən bərpa olunmasına başlanılıb. Soydaşlarımız öz doğma yurd-yuvalarına qayıtmağın sevincini yaşayırlar.

Göründüyü kimi, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları birləşdirən vahid amal -   vətənpərvərlik,  torpağa, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq 44 gün davam edən İkinci Qarabağ müharibəsinin gedişində və qələbəmizdə özünü bir daha təsdiqlədi. Bu gün böyük qürurla qeyd edirik ki, torpaqlarımız tarixi sahibinə qayıtdı, məğrur, yenilməz xalqımız başını dik tut! Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi “İnstagram” səhifəsindəki paylaşımda bildirmişdir:«Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!»

Yeganə Əliyeva, «İki sahil»