07 yanvar 2026 17:41
293

Regional reallıqları dəyişən nəqliyyat xətti

Zəngəzur dəhlizi ətrafında gedən proseslər təkcə iri infrastruktur layihəsinin icrası kimi deyil, bütövlükdə regionun geosiyasi, geoiqtisadi və nəqliyyat xəritəsinin yenidən formalaşması kontekstində qiymətləndirilməlidir. Bu dəhliz uzun illər blokada şəraitində saxlanılan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əraziləri ilə fasiləsiz əlaqəsinin təmin olunması baxımından tarixi əhəmiyyət daşıyır, eyni zamanda, Cənubi Qafqazın beynəlxalq tranzit sisteminə inteqrasiyasında yeni mərhələnin əsasını qoyur. Artıq fakt ondan ibarətdir ki, Zəngəzur dəhlizi konseptual ideya mərhələsini çoxdan geridə qoyub və onun əsas hissəsi Azərbaycan ərazisində real, fiziki icra mərhələsinə keçib. Horadizdən başlayaraq Cəbrayıl, Zəngilan və Ağbənd istiqamətində uzanan yol və dəmir yolu xətləri bu prosesin ən bariz nümunəsidir.

Siyasi iradə və texniki reallıqların vəhdəti

Hazırda Zəngəzur dəhlizinin reallaşması istiqamətində aparılan işlər göstərir ki, Azərbaycan bu layihəni yalnız milli maraqlar çərçivəsində deyil, regional əməkdaşlıq və beynəlxalq logistika baxımından da strateji hədəf kimi görür. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun 96 faizinin tamamlanması, Ağbənd körpüsündə işlərin 95 faiz səviyyəsinə çatması təsadüfi deyil. Bu göstəricilər həm texniki, həm də siyasi baxımdan Azərbaycanın iradəsini və ardıcıl mövqeyini ortaya qoyur. Yolun 2026-cı ilin birinci yarısında istifadəyə verilməsi planı isə onu deməyə əsas verir ki, artıq Zəngəzur dəhlizi mərhələli şəkildə real nəqliyyat arteriyasına çevriləcək və bu arteriya təkcə daxili deyil, həm də beynəlxalq yüklərin daşınmasında mühüm rol oynayacaq.

Naxçıvan istiqamətində paralel yollar: Təhlükəsizlik və çeviklik strategiyası

Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas məqamlardan biri Naxçıvan istiqamətində paralel marşrutların formalaşdırılmasıdır. Məlum olduğu kimi, Naxçıvanla əlaqə üçün həm Ermənistan ərazisindən keçən yol, həm də İran üzərindən alternativ marşrut nəzərdə tutulur. Bu yanaşma Azərbaycanın nəqliyyat təhlükəsizliyi siyasətinin mühüm tərkib hissəsidir. Bir istiqamətdən asılılığın aradan qaldırılması, marşrutların şaxələndirilməsi və risklərin minimallaşdırılması ölkənin strateji düşüncə tərzini əks etdirir. Ermənistan üzərindən keçəcək yol regionda etimadın bərpası və iqtisadi əməkdaşlığın genişlənməsi üçün imkan yaradırsa, İran istiqaməti Azərbaycanın regional tərəfdaşlarla əlaqələrini daha da möhkəmləndirir və Zəngəzur dəhlizini çoxşaxəli nəqliyyat şəbəkəsinə çevirir.

Dəmir yolu xətti: Yeni tranzit imkanlarının açarı

Dəmir yolu infrastrukturu bu layihənin ən vacib komponentlərindən biridir. Horadiz–Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizinin, tikinti işlərinin isə 69 faizinin icra olunması onu göstərir ki, proses planlı şəkildə və müəyyən edilmiş qrafikə uyğun aparılır. Bu xətt yalnız mövcud dəmir yolu əlaqələrinin bərpası deyil, eyni zamanda, yeni nəqliyyat imkanlarının yaradılması deməkdir. Naxçıvan istiqamətində nəzərdə tutulan 188 kilometrlik dəmir yolu xətti boyunca körpülərin, tunellərin və viyaduktların yenidən qurulması bölgənin mürəkkəb relyef şəraitində belə yüksək mühəndislik həllərinin tətbiq edildiyini göstərir. Bu xəttin illik buraxılış qabiliyyətinin 15 milyon ton olması isə Zəngəzur dəhlizinin sadəcə regional deyil, beynəlxalq əhəmiyyətini açıq şəkildə ortaya qoyur.

15 milyon tonluq perspektiv: Qlobal marşrutlara inteqrasiya

Bu rəqəm təsadüfi deyil. 15 milyon ton yük dövriyyəsi Zəngəzur dəhlizini Orta Dəhliz, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat marşrutları ilə birləşdirən mühüm logistika qovşağına çevirir. Beləliklə, Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa arasında daşınan yüklər üçün alternativ və daha qısa yol formalaşır. Bu da həm vaxt itkisini azaldır, həm də daşınma xərclərini minimuma endirir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də bu məqama xüsusi diqqət çəkərək bildirib ki, Çin və Orta Asiya ölkələrindən gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyi gözlənilir: “Təbii ki, biz buna ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq”. Bu yanaşma Zəngəzur dəhlizinin yalnız regional kommunikasiya xətti deyil, qlobal ticarət marşrutlarının ayrılmaz hissəsi kimi nəzərdə tutulduğunu aydın şəkildə göstərir.

Ermənistan üçün açılan iqtisadi pəncərə

Zəngəzur dəhlizi ilə bağlı tez-tez səsləndirilən fikirlərdən biri də onun yalnız Azərbaycanın maraqlarına xidmət etməsi ilə bağlı iddialardır. Lakin reallıq tamam fərqlidir. Dəhlizin açılması Ermənistan üçün də iqtisadi dividendlər vəd edir. Ermənistan uzun illər regional nəqliyyat layihələrindən kənarda qalıb və bu da ölkənin iqtisadi inkişaf tempinə mənfi təsir göstərib. Zəngəzur dəhlizi vasitəsilə Ermənistan tranzit ölkə statusu qazana, yeni gəlir mənbələri əldə edə və regional layihələrdə iştirak imkanlarını genişləndirə bilər. Bu baxımdan dəhliz qarşıdurma deyil, əməkdaşlıq platforması kimi dəyərləndirilməlidir.

“Tramp marşrutu” anlayışı və qlobal maraqlar

Son dövrlərdə beynəlxalq mediada və ekspert dairələrində “Tramp marşrutu” ifadəsinin səslənməsi də Zəngəzur dəhlizinə olan qlobal marağın göstəricisidir. Bu termin daha çox ABŞ və Qərb dairələrinin regionda alternativ nəqliyyat xətlərinə verəcəkləri önəmi ifadə edir. Zəngəzur dəhlizi Avrasiya məkanında təkcə regional deyil, həm də qlobal ticarət axınlarının optimallaşdırılması baxımından əhəmiyyətli sayılır. Bu marşrut enerji resurslarının, sənaye məhsullarının və kənd təsərrüfatı mallarının daha çevik və təhlükəsiz daşınmasına şərait yaradır. Beləliklə, Zəngəzur dəhlizi qlobal logistika zəncirinin mühüm halqasına çevrilir.

2028 - ci il üçün əsas hədəf: Mərhələli və düşünülmüş strategiya

Dəhlizin tam 2028-ci ilə planlaşdırılması layihənin miqyasını və mərhələli icra strategiyasını göstərir. Bu, tələsik qərar deyil, uzunmüddətli və düşünülmüş planın nəticəsidir. Azərbaycan bu müddət ərzində həm texniki standartların yüksək səviyyədə təmin olunmasına, həm də regional və beynəlxalq tərəfdaşlarla koordinasiyanın gücləndirilməsinə xüsusi önəm verəcək. İnfrastrukturun keyfiyyəti, təhlükəsizlik məsələləri və dayanıqlılıq prinsipləri layihənin əsas prioritetləri sırasında yer alacaq.

Postmünaqişə dövrünün əsas dayaqlarından biri

Zəngəzur dəhlizi, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı prosesinə də güclü təkan verir. Magistral yol və dəmir yolu xətlərinin çəkilməsi, körpülərin, tunellərin inşası regionda yeni iqtisadi aktivlik yaradır, məşğulluğu artırır və yaşayış məntəqələrinin dirçəlməsinə şərait yaradır. Bu baxımdan Zəngəzur dəhlizi yalnız tranzit xətti deyil, həm də postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafının mühüm alətidir.

Strateji layihənin yaratdığı yeni regional reallıq

Nəticə etibarilə Zəngəzur dəhlizi Azərbaycanın strateji baxışının, siyasi iradəsinin və iqtisadi potensialının təcəssümüdür. Bu layihə Naxçıvanın blokadadan çıxarılması ilə yanaşı, regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına, beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə və Cənubi Qafqazın qlobal logistika xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edir. 2028-ci ilə doğru atılan hər addım göstərir ki, Zəngəzur dəhlizi artıq sadəcə gələcək planı deyil, reallığa çevrilən strateji layihədir və bu reallıq regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən biri olacaq.

Nigar Orucova, "İki sahil"