21 yanvar 2021 19:09
739

Sənaye sektorunda əldə olunmuş artım ölkəmizdə sürətli sənayeləşmənin göstəricisidir

«Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsidir. Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbəni qeyri-neft sektorunu uğurla inkişaf etdirməklə möhkəmləndirir. Çünki iqtisadiyyatı gücləndirmədən gələcək uğurlardan danışmaq olmaz. Cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinin təməlində qeyri-neft sektorunun inkişaf etdirilməsi dayanır. İqtisadiyyatın şaxələndirilməsi prinsipi əsas götürülərək qeyri-neft sektorunda uğurlar əldə edilir.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı Azər Badamov bildirib.

Azər Badamov qeyd edib ki,  Prezident İlham Əliyev hər zaman ölkəmizdə liberal bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişafına impuls verən addımlar atıb və bütün dövlət qurumlarına özəl biznesə müdaxilə edilməməsinə dair göstəriş verib. Dövlətimizin başçısı iqtisadi və sosial bölmələrdə neqativ hallara qarşı barışmaz mövqeyini nümayiş etdirməklə azad biznesin və şəffaflığın ən böyük təminatçısı olduğunu təsdiqləyib. Müasir şəraitdə Azərbaycanda iqtisadi inkişafı səciyyələndirən xüsusiyyətlərdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə  idarəetmə sahəsində ardıcıl struktur islahatlarının aparılması və makroiqtisadi sabitliyin əldə olunmasıdır. Belə bir şəraitdə iqtisadi təhlükəsizliyin təmin edilməsi və mövcud imkanlardan daha səmərəli istifadə olunması, idarəetmədə nəzarət amilinin təkmilləşdirilməsi və gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ötən il ölkə iqtisadiyyatında cəmi 4,3% geriləmə qeydə alınıb. Qeyri-neft sənayesində isə 12,5% artım olub. Valyuta ehtiyatları cüzi olsa da artıb. Sənaye sektorunda əldə olunmuş artım ölkəmizdə sürətli sənayeləşmənin göstəricisidir. 18 yanvarda cənab Prezident Sumqayıt Kimya Sənaye Parkında iki yeni müəssisənin təməlini qoyub, bir müəssisənin isə açılışını edib. Müəssisələrin yaradılması yeni iş yerlərinin açılması, daxili tələbatın ödənilməsi və ixracyönümlü məhsulların istehsalı deməkdir. Təməli qoyulmuş sulfat turşusu istehsalı müəssisəsi ildə 20 min ton sulfat turşusu istehsal edəcək. Bu da daxili tələbata olan 5-10 min ton tələbi ödəyəcək. Paralel olaraq qonşu Rusiya və Gürcüstana ixracın reallaşması gözlənilir. Təməli qoyulmuş şüşə tara istehsalı zavodu isə 60-90 milyon şüşə istehsal etməklə daxili tələbata olan 45-50 milyon şüşəni ödəməklə ixrac potensialımızı formalaşdıracaq. Açılışı olmuş vərəqə şüşə istehsalı zavodu isə ölkəmizin vərəqə şüşə idxalından asılılığını aradan qaldıracaq”.

A.Badamov vurğulayıb ki, «Əsl siyasət konkret real iş görməkdir» devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının qayəsində hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı bu sahədə inamlı addımlar atır. Qeyd edək ki, sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib. Yeni sənaye sahələri son texnologiyalara əsaslanır və dünya bazarlarında rəqabət qabiliyyətlidir. Ona görə də Azərbaycanda istehsal olunan sənaye məhsullarına dünya bazarlarında alıcıların tapılması çətinliyi yaranmır. İdxalın istehsalla əvəz olunması və ixrac potensialımızın artması ölkəmizin xarici valyutadan asılılığını aradan qaldırır. Bu da manatın möhkəmlənməsinə və ölkədə iqtisadi sabitliyin qorunmasına gətirib çıxarır. Gələcəkdə ölkəmizin iqtisadiyyatına xarici investisiyaların yatırılması daha da artacaq. Ölkəmizdə münaqişə mövzusu arxada qalıb. Sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. İşğaldan azad olunmuş ərazilərin təbii resurs potensialı yüksəkdir. Ölkəmizin yerləşdiyi coğrafiya istehsal olunan məhsulların xarici bazarlara çatdırılmasını asanlaşdırır. Manatın məzənnəsi sabitdir. Eyni zamanda, ölkədə biznesə başlanması üçün asan sistem qurulub”.

A.Badamov əlavə edib ki,  Dünya Bankının «Doing Busines» jurnalının hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi sırasında yer alıb. Biznesə başlamağın rahatlığı indikatoru üzrə Azərbaycan dünyada ən qabaqcıl yerlərdədir. İşğaldan azad olunmuş ərazilərdə sənayeləşməyə xidmət edən yeni investisiya layihələrinin həcmi genişlənəcək. Bu da ölkəmizin iqtisadiyyatının daha güclənməsi və insanların sosial rifahının yaxşılaşması deməkdir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin böyük iqtisadi əhəmiyyəti olacaq. Bu aeroport bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Dağlıq Qarabağ ərazisi paytaxt Bakıdan uzaqda yerləşdiyindən bu ərazilərdə sürətli bərpa işlərinin aparılması üçün daşınmaların həyata keçirilməsində Füzuli aeroportunun xüsusi rolu olacaq”. Biz, ermənilərin Qarabağ torpaqlarında törətdikləri vəhşiliklərini dünya ictimaiyyətinə real faktlarla təqdim etməliyik. Xarici qonaqları, beynəlxalq təşkilatların nümayəndələrini bu ərazilərimizə dəvət edəcəyik, gətirəcəyik və erməni vandallığı ilə canlı şəkildə tanış olmaqlarına şərait yaradacağıq.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»