05 sentyabr 2019 10:58
1433

Səngərdə döyüş əzmi, qələbə ruhu gördüm

Mən eşitmişəm də, duymuşam da qazilərin özü, şəhidlərin ruhu deyir ki, hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətdi Vətən sevgisi, yerə-göyə sığmayan, sığışmayan qətiyyətdi Vətən sevgisi. Bu kəlmələr ön xətdə daha həssaslıqla eşidilir, duyulur.

“Açıq qapı” günündə hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısında təzə tanış olduqlarınla da səmimiyyətlə, könül xoşluğuyla kəlmələşirsən, ön xətdə belə kəlmələşmələr daha düşündürücü olur; təmas xəttində bütün söhbətlər Vətən, torpaq kəlmələriylə tamamlanır. Bütün söhbətlərin mahiyyəti Vətənə sevgidir. Bu mahiyyət qazilərdən eşitdiklərimin, şəhidlərin ruhundan duyduqlarımın eynidir. Mən də hərbi xidmət ifadəsini Vətən sevgisi ifadəsinin eyni bilənlərin sırasındayam. Bu qənaəti səngərdə əsgərlərə də deyirəm. Zabit əsgərlərə baxır, yəni fikrinizi bildirin. Baxır və deyir ki, qazilərin özü, şəhidlərin döyüş yolu bizim hərbi xidmət amalımızın mənəvi söykənclərindəndir. Biz “Necə xidmət etməli?” - sualına cavab olaraq onları deyərəm.

Söhbətə “Açıq qapı” günü ilə başlamışdıq, mahiyyət baxımından ordu-ictimaiyyət münasibətlərinin daha da dərinləşməsindən danışmışdıq. Deyilən fikirlərin hamısı təsdiqləyirdi ki, ordu xalqa arxalanır. Arada yenə Vətənə, orduya gərəkli kəlmələr gəzişmişdi. Bu kəlmələrin ifadə etdiyi fikirlərin davamı kimi yenə həmin başlanğıca dönmüşdük. Dedim ki, “Açıq qapı” günündə yaşı 90-nı haxlayan ağsaqqaldan eşitdiyim kəlmələri qələbə gününəcən unutmayacam: Yurd qədri bilən kəsə ata ocağından, doğma yurdundan on-on beş addım o tərəf də qürbətdi. Ya zəlzələdən, ya vəlvələdən, isti ocağından, dolu bucağından didərgin düşmək ruhun candan ayrılmağının başlanğıcıdı. Can üzən, ruh sarsıdan bu həsrətin acığına yaşayacam, ay oğul, yaşayacağıq. Mən ömürün də gözəlini sevirəm, ölümün də. Əlim evimin daşına-divarına dəyməmiş ölümə can vermərəm...”. ağsaqqalın hərbi hissənin Nəzarət-buraxılış məntəqəsinin qarşısında özünün dodaqlarını yandıran, bizim düşüncələrimizi qarsılayan kəlmələri daş-daş dikəldən ev-eşiyə aşırı, bəşəri, yaşarı sevginin ifadəsi kimi dinlənilmişdi.

Əsgərlərə deyirəm ki, o ağsaqqalın həsrətini siz sonlandıracaqsınız... Səngərə bir anlığa kövrəkliklə qoşalaşmış düşündürücü sükut çökür. Başqa bir zamanda başqa hərbi hissədə illərin sıxılcımını yaşayan qaçqın atadan eşitdiklərimi də xatırladıram: Son nəfəsim doğma ocağıma qismət olsa, dünyadan heç bir arzumanım qalmaz.

Bayaqkı düşündürücü sükutun davamını yaşamaqdayıq. Bu kəlmələrin nə kəlmələr olduğunu, niyə deyildiyini əsgərlərin düyünlənən yumruqları deyir: Az qalıb. Ali Baş Komandanın döyüş əmri, döyüşlər və qələbə. Həmin o ağsaqqalın da, qaçqın atanın da həsrətinin sonu...

“Yaşı 90-nı haxlayan qaçqın ağsaqqalı “Açıq qapı” günü hərbi hissəyə təkcə oğlunun nəvəsiylə - nəticəsiylə görüşmək istəyi gətirməmişdi. Əsgərlərdən dədə yurduna qayıtmaq istəyinin ərki, bu ərkin səmimiyyəti gətirmişdi” - deyirəm. Zabit  sözümə qüvvət kimi deyir:

-Xidmət etdiyim hərbi hissələrdə əsgər babalarıyla da çox söhbətlərim olub. Deyiblər - dinləmişik, demişik - dinləyiblər. Əksəriyyəti hərbi hissəyə məhz sizin dediyiniz həmin səmimi ərkə görə gəldiyini bildirir. “Hər gəlişimizdə əsgərlərimizin yerişini, duruşunu, baxışını görürük, kəlmələşirik, inamımız, güvəncimiz daha da artır...”, - deyiblər. Onu da deyiblər ki, bizi bu inam yaşadır, yəni dədə yurdunun həsrətini çəkənlərin güvənci Azərbaycan əsgəridi...

Səngərdə bu güvəncin də, əsgərlərin döyüş əzminin də, qələbə ruhunun da işığını aydınlığıyla görürəm...

Əsgərlərdən biri deyir ki, bu yaxınlarda tərxis olunan əsgərlərdən biri atasının xatirələrini xatırladırdı. “Atam Zənginlanlı günlərindən, Zəngilanın müdafiəsindən, döyüşlərdən danışanda gözləri dolurdu, deyirdi ki, ora qayıdacağım gün dünyaya təzədən gəldiyim gün deyərdim. Bütün zəngilanlılar da mənim kimi...”, - deyirdi. Atalar yurd həsrətini tək yaşamır. Bu elə həsrətdi ki, dədə yurdunun sıxıntılarını görməyənlər də çəkir. Onları bu sıxıntılardan biz qurtaracağıq. “Azərbaycan əsgəri buna qadirdi...”

Əsgərin dediklərini döyüş əzminin qələbə ruhunun ifadəsi kimi dinləyirəm. O kəlmələrin Azərbaycan əsgərinin adından deyildiyinə zərrəcə şübhəm yoxdu. Bu inam bu səngərin zəmanətiylə Azərbaycan əsgərinə, Azərbaycan Ordusunun qüdrətinə inamdı.

Əsgərin dedikləri məni də, əsgər yoldaşlarını da, komandirini də duyğulandırır. Bu, adi xatırlama deyil, bu xatırlamanı Azərbaycan əsgərinin hərbi xidmətinin müharibəni sonlandıracağına inam, inama qətiyyət bilirik. Bu qətiyyət 2016-cı ilin aprel döyüşlərinin qətiyyətindən zərrəcə fərqlənmir; o qətiyyətin bu səviyyədə yaşadılması döyüş əzmidi - səngərdə gördüyüm bu qətiyyətin duruşunda  bir döyüş əzmi görürük.

-Səngərdə gördüyümüz döyüş zəmini qələbə ruhu bilirəm, - deyirəm. Zabit bir anlığa qarşı tərəfə baxır və əsgərlərə xitabən deyir:

-Belədirmi? Əsgərlərin sayı qədər “Elədir!” - kəlməsi eşidilir...

Yadıma düşür ki, belə bir səslənişi səngərdə Azərbaycan Ordusunun yaranmasının 100 iliyinə həsr olunmuş möhtəşəm paraddan az sonra da eşitmişdim. Onda səngərli söhbətdə əsgərlərdən biri paradda göstərilən ən müasir texnikaların, qurğuların, silahların ordunun güc göstəricisi kimi izlənildiyini demişdi. Əsgərin səsində duyulan qürur düşüncələrimizi özünə çəkmişdi. Zabit əsgərlərə xitabən demişdi ki, yoldaşınızın fikrinə nə deyirsiniz. Əsgərlərin hamısı bir ağızdan “Elədir”, - demişdi. Bu iki məqam - ayrı-ayrı səngərlərdə eşidilən eyni kəlmə - arasında ruh doğmalığı görürəm və hər iki halda eyni kəlməni min illərin o üzündən boy göstərən  ruhun dedizdirdiyini bildirirəm. Zabit razılıqla gülümsünür və könlümüzə yatan bir fikir deyir:

-Bəlkə dediyiniz məqamlara ayrılıqda eyni ruhun zərrəsi deyək?

-Düz sözü sağlam məntiqi etiraf etmək də milli ruha sədaqətdi, - deyirəm, yəni bu fikirlə razılaşmamaq günahdı.

Komandirlərinin səsləndirdiyi fikrin belə dəyərləndirilməsi əsgərlərin könül xoşluğuna dönür. Belə könül xoşluğuyla hərdən bir baxış məsafəsində görünənlərə - düşmənin mövqelərinə, hərdən də göy üzünə baxan əsgərlərin yaşadığı ovqatı səngərin döyüş əzmi, qələbə ruhu bilirəm. Bu əzm, bu ruh Ali Baş Komandanın döyüş əmriylə, döyüş əmri qələbəylə tamamlanacaq - torpaqlarımız işğaldan azad ediləcək.

Ötənlərdə milli ruhumuzun qadirliyini bayraqlaşdıraraq yazmışdım: Bu ruhun zərrəsi olmaq ad səadətdi, Vətən! Səngərdə gördüyüm ovqat-döyüş əzmi, qələbə ruhu bu ifadəni yadıma salır; səngərdə gördüyüm ruh həmin ruhun zərrəsidi. Bu ölçüyəgəlməz zərrədə qüdrət olduğuna yerə-göyə inandığım qədər inanıram.

Məni səngərdən əsgərlərin döyüş əzmi, qələbə ruhu uğurlayır...

...Əsgərlərə “Açıq qapı” günündə yaşı 90-nı aşan ağsaqqaldan eşitdiklərimi xatırlatmışdım. Onda səngərə bir anlığa kövrəkliklə qoşalaşmış düşündürücü sükut çökmüşdü. O sükutu yox, o sükutu  yaradan səbəbi, o səbəbə səbəb olanların sıxıntılarını özümlə aparıram; yaxın vaxtlarda sərhədlərimiz daxilində belə sükut olmayacaq. Bu əminlik səngərdə gördüyüm döyüş əzminin, qələbə ruhunun əminliyidir... Sərin-sərin əsən yellər, ağacların budağından sürüşən yellər səngərə aparan yolun sağını-solunu sığallayır...

Rəşid Faxralı