Yaxud savadsız bəhanə və bəraət daha bərbad oldu
Sevinc Osmanqızının azərbaycanlıları xuliqan, bandit, vətənşüvən adlandırdığı videonun yayılmasından sonra ictimaiyyətimizdə kəskin reaksiya formalaşdı. Ziyalılar, jurnalistlər, vətəndaş cəmiyyəti və mədəniyyət nümayəndələri, hətta, sadə vətəndaşlar belə Osmanqızını lənətlədilər, onu xain, düşmən mövqeyinə görə qınadılar. Cəmiyyətimizin böyük əksəriyyəti düşünürdü ki, bəlkə bundan sonra Sevinc Osmanqızı xalqdan, xüsusilə də şəhid ailələrindən üzr istəyəcək. Axı, Sevinc Osmanqızı həmin sözləri şəhidlərimizin portretlərinin ermənilər tərəfindən tapdalandığı, bayrağımızın yandırıldığı, azərbaycanlıların erməni millətçiləri tərəfindən vəhşicəsinə döyüldüyü, xəsarət yetirildiyi bir zamanda xüsusi həvəslə, emosiya ilə deyirdi. Amma görünür azərbaycanlıları təhqir edib, erməniləri günahsız göstərmək Sevinc Osmanqızının həmin gün üçün xüsusi siyasi missiyası imiş. Ona görə də, xalqın sözlərini qulaqardına vurdu, azərbaycanlılara yönəlmiş nifrətinə Ramiz Yunus, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərdən ibarət "dəstək truppası" yaratdı. Amma fiasko oldu, çünki, Sevinc Osmanqızı artıq xəyanət obrazına çevrilmışdi və ictimaiyyət onun möhürünü vurmuşdu...
Xalqın iradəsinə, düşüncəsinə qarşı gedərək Sevinc Osmanqızını müdafiə edənlərin heç birinin məntiqli müdafiə arqumentləri olmadı. Yalnız bir məsələ üzərində dayandılar: "montaj". Axı, başqa necə müdafiə etsinlər ki? Sevinc Osmanqızı açıq şəkildə deyir ki, ermənilərin günahı yoxdur, bütün təxribatları Azərbaycan tərəfi edir. Bu məqamda qeyd edim ki, elə Osmanqızının məhşur çıxışının olduğu həmin gün Paşinyanın həyat yoldaşı Anna Hakobyan erməni mediasına açıqlamasında deyirdi ki, xaricdəki təxribatları Azərbaycan tərəfi törədir. Buyurun, fakt ortadadır. Anna Hakobyan da, Sevinc Osmanqızı da eyni mövqeyi, məntiqi və sözləri bölüşürlər. Buna necə bəraət qazandırasan?
İndi isə gələk "montaj" bəhanəsinə. Tutaq ki, Sevinc Osmanqızının videosunu montaj ediblər, kəsiblər, doğrayıblar. Lakin videoda deyilən sözlər, işlədilən təhqirlər başqa kiminsə dilindən deyilmir. Videodan görünür ki, Sevinc Osmanqızı açıq şəkildə erməniləri müdafiə edir. Əgər kimsə videoya Sevinc Osmanqızının əvəzinə başqa səs yerləşdirsəydi, yaxud, Osmanqızının dodaqlarının tərpənişi, mimikası ilə sözlər, idafələr arasında gecikmə, dəyişmə olsaydı, o zaman montaj "bəhanəsi" işə yarayardı. Amma belə bir cəhd olmadığından cəbhə trollarının müdafiə taktikasının da, bəhanənin də yalnış, qondarma olması sübut edilir.
Bununla yanaşı, mediada və sosial şəbəkələrdə sürətlə yayılan videoya olan kəskin reaksiyaları, paylaşılan statusları da görməzdən gəlmək özü böyük təhqirdir. Çünki, məlumatları təhlil etdikdə aydın şəkildə görürsən ki, bir nəfər də olsun sadə vətəndaş Sevinc Osmanqızının xain sözlərinə bəraət qazandırmadı. Əksinə qınadı, şiddətlə qınadı. Amma AXCP və Milli Şura rəhbərliyi, cəbhəçi trollar onun müdafiəsinə qalxdılar. Bilə-bilə ki, xalq Sevinc Osmanqızının bu hərəkətinə xəyanət kimi baxır, o cür qiymətləndirir. Belə çıxır ki, AXCP və Milli Şura üçün xalqın rəyi də, fikri də önəmli deyilmiş. Əsas məsələ erməni maraqlarıdır, onların uzantılarının müdafiəsidir.
Eyni mövqeyi Sevinc Osmanqızıda da görə bilərsiniz. Həmin azərbaycanlıları təhqir videosunun yayılmasından sonra canlı yayıma çıxan Osmanqızı özünə bəraət qazandırmağa, hətta ictimai rəyə tüpürməyə çalışdı. Hər dəfə "burada nə var ki?" deməklə xalqın düşüncəsinə hörmət etmədiyini sübut etdi. Hətta, utanmadan canlı çat hissəsində trollarına xalqı da təhqir etdirirdi. Və bir az da irəli gedib deyirdi ki, guya montaj olunmuş video ermənilərin maraqlarına xidmət edir. Çox gülməli məntiqdir. Necə olur ki, Sevinc Osmanqızının çıxışı ermənilərin maraqlarına xidmət etmir, amma onun qısaldılmış videosu edir? Bu nə qəribə məntiq, düşüncəsizlik, savadsızlıqdır? Guya, Osmanqızı özünü müdafiə edir, amma bu dəfə də Azərbaycan xalqına iftira atır və Sumqayıt, Bakı hadisələrini, ermənilərin öldürülməsini azərbaycanlıların üzərinə atır.
Savadsızlıqlığı ilə yanaşı Azərbaycan xalqına və dövlətinə bu qədər kin, nifrət formalaşdırmış birisinin çox ciddi səbəbləri olmalıdır, hər halda. Görünür, Sevinc Osmanqızı, ciddi stress, psixoloji sarsıntı keçirir. Onun özünə bəraət qazandırmaq cəhdi şizofreniya və "beyin oyunu" sindromuna da yoluxmasından xəbər verir. Hər bir halda Allah şəfa versin...
P.S. Diqqətinizə xəyanət çıxışı ilə xəyanətə bəraət videosunu təqdim edirəm. Videoda siz Osmanqızını tənqid etmiş Aybəniz Haşımovanın trol təhqirlərinə məruz qaldığını görəcəksiniz. Lakin qırmızı xətlə göstərilən rəyə xüsusi diqqət yetirin və Osmanqızının əslində kim olduğunu, kimlərlə işlədiyini bir daha görün...
Ramil Vəlibəyov,
YAP Sosial media qrupunun rəhbəri