17 fevral 2020 20:55
872

“Şahdəniz” növbəti fazalar üçün nəhəng potensiala malikdir

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. Ümumi dəyəri qırx milyard dollar olan və 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə bu layihəyə üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun qoşulacağı gözlənilir. Bu baxımdan da Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsi deməkdir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Euractiv” saytına müsahibəsində bildirib ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi, demək olar ki, hazırdır: “Cənub Qaz Dəhlizi üzrə bütün işlərin ümumi dəyəri 40 mlrd. ABŞ dollarına yaxındır. Azərbaycan və Türkiyədə işlər zamanı əhəmiyyətli miqdarda qənaət olunub. Azərbaycan və Gürcüstanda qurudakı işlər 100% yekunlaşıb. Türkiyə ərazisində inşa olunan TANAP layihəsinin inşası da 100% başa çatdırılıb”.

“Şahdəniz” yatağının III, hətta IV mərhələsinin işlənməsinə haqq qazandıracaq nəhəng potensiala malik olduğunu qeyd edən SOCAR rəsmisi onu da əlavə edib ki, “Şahdəniz” qaz-kondensat yatağında 16 quyu qazılıb və indi əməliyyatlar üçün tam hazırdır. “Artıq 8 quyuda hasilat həyata keçirilir. Bu quyulardan qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edilir. Qalan quyular tədricən işə salınacaq, İtaliyada son işlər yekunlaşdıqdan sonra tam gücdə işə başlanacaq. Cənub Qaz Dəhlizinin yeganə tamamlanmamış hissəsi TAP kəməridir və onun 91%-i yekunlaşıb”.

O, həmçinin bildirib ki, Türkiyə artıq 2018-ci il iyulun 1-dən qaz alır: “Türkiyə 2018-ci ildə təxminən 2 mlrd. kubmetr, 2019-cu ildə təxminən 4 mlrd. kubmetr qaz alıb. 2020-ci ildə isə tədarük təxminən 6 mlrd. kubmetr nəzərdə tutulub. Bu “Şahdəniz”in I Fazası çərçivəsində nəql olunan miqdardan əlavə həcmdir. Bundan əlavə, Yunanıstan və Bolqarıstan üçün 2 mlrd. kubmetr həcmində qaz ayrılıb. Bu həcmlər TAP boru kəməri və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) tamamlandıqdan sonra nəql olunacaq”.

Xatırladaq ki, “Şahdəniz”in kəşfi və layihənin uğurla reallaşdırılması ilə Azərbaycan dünyaya böyük həcmdə təbii qaz ixrac edən bir ölkə kimi tanınıb. 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü (HPBS) haqqında saziş imzalanıb. Bundan 3 il sonra - 1999-cu ilin iyununda isə nəhəng “Şahdəniz” yatağı kəşf edilib. Bu qaz yatağı Alyaskadakı “Prudo Bey” (“Prudhoe Bay”) neft yatağından sonra BP-nin ən böyük kəşfi kimi qeydə alınıb.

Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşən yataqda ilk quyu 2006-cı il dekabrın 15-də istismara verilib. Quyunun gündəlik qaz hasilatı 5,6 milyon kubmetr, kondensat hasilatı isə 2,5 min ton olub. Həmin quyunun yerləşdiyi sahədə dənizin dərinliyi 100 metr, quyunun dərinliyi isə 6 min 500 metr təşkil edib. Bu hadisə Azərbaycanın neft sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı olub.

“Şahdəniz-1” üzrə əməliyyatlara elə 2006-cı ildə başlanıb və yataqdan hasilat həyata keçirilib. Layihə üzrə hasil olunan qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri - CQBK (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilib. 2006-cı ilin sonlarından etibarən isə bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstana və Türkiyəyə çatdırılır. “Şahdəniz-1” üzrə maksimum hasilat ildə təxminən 10 milyard kubmetr qaz və gündəlik 50 min barrel kondensat təşkil edir. 2014-cü ildə mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırılıb.

“Şahdəniz II Mərhələ” layihəsi isə Azərbaycan neft-qaz sənayesi tarixində bütün tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir. Eyni zamanda, bu layihə çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində sualtı infrastruktur yaradılır.

Sevinc Azadi, “İki sahil”