28 iyul 2020 16:15
702

“Neft Daşları”nda çalışan işçilərin yaşayışı çox yüksək səviyyədədir

Bu gün “Neft Daşları” ən müasir və ən yeni qəsəbəyə oxşayır.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinə (İB) baş direktoru Şahmar Hüseynov İnsan Resurslarının İdarə Edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşü zamanı bildirib.

Onun sözlərinə görə, bu gün “Neft Daşları” qorunub saxlanılır: “Bu gün yataqda qəzalı vəziyyətdə olan özüllərdə istismar dayandırılıb. Həmin özüllərdə əsaslı təmir işləri gedir. Bu özüllər əsaslı təmirdən sonra yenidən istismara qoşulurlar”.

Ş. Hüseynov bildirib ki, “Neft Daşları”nda çalışan işçilərin yaşayışı çox yüksək səviyyədədir: “Onların hər birinin evcikləri yenilənib. Dəniz şəraiti olduğu üçün bu evciklər korroziyaya uğrayır. Amma buna baxmayaraq mütəmadi olaraq təmir işləri aparılır”.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov isə əlavə edib ki, pandemiya şəraitində “Neft Daşları” və ümumiyyətlə, SOCAR-ın platformalarında koronavirus xəstəliyinin yayılmaması üçün “Azneft” İstehsalat Birliyi özü və podratçıları üçün karantin rejimi təşkil edib. Onun sözlərinə görə, karantin rejimi Bakıdakı bir neçə mehmanxanada təşkil edilib: “Orada onlar üçün bütün şəraitlər yaradılıb. İşçilər bir həftə müddətinə ailələrindən təcrid olunur, bu mehmanxanalarda qalırlar. Onlar iki dəfə test verirlər və testin nəticəsi neqativ olduqdan sonra dənizə aparırırlar. Bununla da biz virusun dənizdə platformalara aparılmasına imkan vermirik".