Psixoloq: Real sosial münasibətlərin yerini virtual əlaqələr tutduqda, uşaq canlı ünsiyyətin verdiyi emosional təcrübədən məhrum olur
Müasir cəmiyyət sürətlə dəyişir, texnologiya həyatın bütün sahələrinə nüfuz edir, ailədaxili münasibətlərin strukturu transformasiya olunur, məktəb mühiti isə yeni sosial çağırışlarla üz-üzə qalır. Bu dəyişikliklərin fonunda diqqətdən yayınan, lakin gələcək nəsillərin psixoloji sağlamlığı baxımından uşaqların sosial təcridi son dərəcə həssas məsələdir. İlk baxışda sakitlik, qapalı xarakter və ya təkliyə meyil kimi görünən bu hal əslində daha dərin emosional boşluğun, qəbul edilməmə qorxusunun və ünsiyyət çatışmazlığının göstəricisi ola bilər.
Uşaqlıq dövrü insan şəxsiyyətinin bünövrəsinin qoyulduğu mərhələdir və bu mərhələdə qurulan sosial əlaqələr gələcək həyatın psixoloji dayanıqlığını müəyyənləşdirir. Mövzunun psixoloji tərəflərini daha dərindən anlamaq, sosial təcridin uşağın daxili dünyasında və gələcək həyatında hansı izlər buraxdığını aydınlaşdırmaq üçün məsələyə mütəxəssis mövqeyindən yanaşmaq zəruridir. Uşaqlıq dövründə yaşanan emosional boşluğun, qəbul edilməmə hissinin və ünsiyyət çatışmazlığının uzunmüddətli təsirləri ilə bağlı suallarımızı Psixologiya Elmi - Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmova ünvanladıq. O, sosial təcridin həm fərdi, həm də ictimai səviyyədə doğurduğu nəticələri belə şərh etdi:

“Mən yetərli deyiləm” düşüncəsinin formalaşdığı məqam
“Uşaqların sosial təcrid olunması müasir dövrdə həm psixoloqları, həm də cəmiyyətin bütün təbəqələrini narahat edən ciddi bir problemdir. Bu hal ailədaxili emosional laqeydlik, yaşıdlar tərəfindən qəbul edilməmək, zorakılıq və ya kənarlaşdırılma, eləcə də rəqəmsal mühitə həddindən artıq bağlılıq fonunda formalaşa bilər. Sosial münasibətlərdən kənarda qalan uşaq tədricən emosional, sosial və şəxsiyyət baxımından risk qrupuna daxil olur.
Uşaqlıq dövründə sosial əlaqələr şəxsiyyətin formalaşmasının əsas dayaqlarından biridir. Uşaq ünsiyyət vasitəsilə empati qurmağı, özünü ifadə etməyi, münaqişələri həll etməyi və emosiyalarını tənzimləməyi öyrənir. Sosial təcrid şəraitində böyüyən uşaqlarda bu bacarıqlar zəif inkişaf edir. Onlar özlərini dəyərsiz hiss edə, “mən yetərli deyiləm” düşüncəsi formalaşdıra və özünə inam problemləri yaşaya bilərlər. Digər mühüm məqam psixi sağlamlıqla bağlıdır. Araşdırmalar göstərir ki, sosial təcridə məruz qalan uşaqlarda depressiya, təşviş pozuntuları, xroniki stress və emosional boşluq hissi daha çox müşahidə olunur. Uşaq emosional dəstək görmədikdə və anlaşılmadığını düşündükdə, daxili dünyasına qapanır. Bu isə uzunmüddətli perspektivdə psixoloji davamlılığın zəifləməsinə səbəb olur”.
Virtual aləm: Ünsiyyətin əvəzi, yoxsa əngəli?
Psixoloq qeyd etdi ki, rəqəmsal asılılıq da bu prosesdə xüsusi rol oynayır: “Real sosial münasibətlərin yerini virtual əlaqələr tutduqda, uşaq canlı ünsiyyətin verdiyi emosional təcrübədən məhrum qalır. Nəticədə empati zəifləyir, ünsiyyət bacarıqları geriləyir, sosial situasiyalarda çətinliklər yaranır. Bu cür uşaqlar real həyatda özlərini ifadə etməkdə və münasibət qurmaqda çətinlik çəkirlər. Yetkinlik dövrünə keçdikdə isə sosial təcrid yaşamış şəxslərdə bir sıra xarakterik psixoloji xüsusiyyətlər müşahidə oluna bilər. Onlarda özünə inamsızlıq, tək qalmağa meyil, münasibətlərdən qaçmaq, insanlara güvənməkdə çətinlik, emosiyaları açıq ifadə edə bilməmək kimi hallar daha çox rast gəlinir. Bəzi hallarda bu, aqressiv davranışlara, digərlərində isə həddindən artıq passivliyə və sosial çəkilməyə gətirib çıxara bilər”.
Təcridin yetkinlikdə görünən izləri
Elnur Rüstəmov vurğuladı ki, sosial təcrid bəzən peşə və şəxsi inkişafda da özünü göstərir: “Bu şəxslər komanda işində çətinlik çəkə, liderlik təşəbbüsü göstərməkdən çəkinə, qərar vermədə tərəddüd yaşaya bilərlər. Sosial mühitdə öz yerini tapmaq onlar üçün daha uzun və mürəkkəb prosesə çevrilir. Lakin vacib məqam odur ki, sosial təcrid geri dönməz taleyə çevrilməməlidir. Vaxtında göstərilən psixoloji dəstək, ailənin diqqəti, məktəb mühitində sağlam münasibətlərin qurulması və uşağın sosial bacarıqlarının inkişaf etdirilməsi bu riskləri xeyli azalda bilər. Ailə üzvlərinin uşağa emosional yaxınlıq göstərməsi, onu dinləməsi, maraqlarını bölüşməsi və təhlükəsiz ünsiyyət mühiti yaratması əsas qoruyucu amillərdəndir”.
Çıxış yolu var: Erkən müdaxilə və sağlam mühit
Həmsöhbətimiz sonda qeyd etdi ki, məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, məktəb psixoloqlarının erkən risk əlamətlərini müəyyən etməsi və valideynlərlə əməkdaşlığı da mühüm rol oynayır: “Uşaq nə qədər tez sosial dəstək sisteminə daxil edilərsə, onun psixoloji sağlamlığı bir o qədər effektiv şəkildə qoruna bilər. Yəni, uşaqların sosial təcrid olunması yalnız bu günün problemi deyil, gələcəyin psixoloji sağlamlığına birbaşa təsir edən amildir. Sağlam, balanslı və güclü şəxsiyyətin formalaşması üçün uşağın sevildiyini, qəbul edildiyini və dəyərli olduğunu hiss etməsi əsas şərtdir. Bu məsuliyyət isə həm ailənin, həm təhsil sisteminin, həm də bütövlükdə cəmiyyətin üzərinə düşür”.
Nigar Orucova, "İki sahil"