Soyuqdəymə payız-qış fəsillərində ən tez-tez təsadüf etdiyimiz xəstəlikdir. Bəzən bu xəstəliyin müalicəsi ilə bağlı bir çox yanlış fikirlərlə bağlı suallar yaranır. Gəlin araşdıraq.
Soyuqdəymə müalicə olunur?
Yox. Əslində soyuqdəymənin müalicəsi yoxdur. Soyuqdəyməni 300-dən artıq müxtəlif virus yaradır və bütün bu virusları öldürən universal vasitə yoxdur. Həm də belə vasitəyə ehtiyac da yoxdur. İmmun sistemimiz bu viruslarla effektli şəkildə mübarizə aparır və onları 5-7 gün ərzində dəf edir.
Soyuqdəymə və qrip eyni xəstəliklərdir?
Bu da düz deyil. Qrip çox ağır və təhlükəli xəstəlikdir. Təxminən 100 il bundan əvvəl “ispan qripi” epidemiyasından 40 milyona yaxın insan ölüb. Qrip çox ağır fəsadlar verə bilir ki, (ağciyər, beyin iltihabları və s.) bu fəsadlar (xüsusilə söhbət ağciyər iltihabı olan pnevmoniyadan gedir) əlilliyə və ölümə səbəb ola bilir.
Qrip soyuqdəymə ilə müqayisədə özünü daha ağır simptomlarla büruzə verir: kəskin qalxan yüksək qızdırma, bütün bədəndə güclü ağrılar, ağır intoksikasiya, halsızlıq və s. Qripdən şübhələnirsinizsə dərhal həkimə müraciət edin.
Soyuqdəymə qriplə müqayisədə daha yüngül keçir və çox nadir hallarda hər hansı fəsad verir.
Antibiotiklər kömək edirmi?
Bu ən yayılmış və ən təhlükəli yanılmadır. Antibiotiklər viruslara təsir etmir. Antibiotiklər yalnız bakteriyaları öldürür.
Antibiotiklərin tez-tez və səbəbsiz qəbulu orqanizmin onlara qarşı həssaslığını azaldır və artıq antibiotiklər orqanizmə lazım olan təsiri etmir. Bu, bütün dünyada mövcud olan problemdir.
Lakin digər tərəfdən, məsələn, tonzillit və ya pnevmoniyanın müalicəsində mütləq antibiotiklərdən istifadə olunmalıdır ki, əks halda bu, çox ciddi fəsadlar verə bilər.
İsti maye qəbul etmək lazımdır
Əksinə, ilıq və hətta bir qədər sərin maye qəbul etmək lazımdır. İsti maye iltihablaşmış boğazı daha da qıcıqlandırır və həm də bədən hərarətinin artmasına səbəb ola bilir.
Yüksək kalorili qidalar
Soyuqdəymə zamanı insanın iştahası pozulur. Orqanizm virusla mübarizə etmək üçün gücünü səfərbər edir. Bu zaman ağır, yüksək kalorili qidaların qəbulu xəstəyə heç bir fayda vermir və əksinə orqanizmi yükləyir.
Xəstəlik zamanı yüngül, duru qidalar qəbul edin. Məsələn, toyuq bulyonu orqanizmə müalicəvi təsir edir, nəfəs yollarının təmizlənməsinə yardım edir.
Röya Rasimqızı, “İki sahil”