17 fevral 2020 21:09
2756

“Titanik” qəzasından sağ qalan insanların inanılmaz hekayətləri - FOTO

1912 -ci ilin 14 aprel tarixində batan “ Titatik”in göyərtəsində olan 2224 sərnişin və 1513 ekipaj üzvü həlak olmuşdu . Gəmi batarkən, kiçik xilasetmə qayıqları tam doldurulmadan dənizə enmişdi.  Bu səbəbdən lüks laynerdə olanların  üçdə biri xilas edildi. Şimali Atlantikanın sərt şəraitinə baxmayaraq, bir çox şərnişinlər xilas ola bildi. “Titanik” faciəsindən sağ qalan insanların inanılmaz həyat hekayətlərini təqdim edirik .

Çarlz Jaffin

Çarlz Jaffin dəbdəbəli laynerdə baş aşpaz vəzifəsində çalışırdı. 12 funt- sterlinq maaşı olan 30 yaşlı Çarlz laynerin ən yüksək maaş alan heyət üzvlərindən biri sayılırdı. Gəmi 1912-ci  ildə, saat 11:40-da aysberqlə  toqquşanda, o növbədə deyildi. Qadınları və uşaqları müşayiət etmək üçün onu 10 nömrəli xilasetmə qayığına göndərmişdilər. Amma Çarlz qayıqdakı yerindən imtina edərək onu başqasına vermişdi. Qorxusuna qalib gəlmək üçün spirtli içki qəbul edərək, insanlara kömək edən bu cəsur ürəkli insan bir çox insanın həyatını xilas etdi. Gəmi batdıqdan sonra 2 saatdan çox soyuq suda qalan Jaffinin  həyatı “Karpat” gəmisin ekipajı tərəfindən xilas edildi. Onun sözlərinə görə, məhz spirtli içki qəbul etdiyinə görə o, sağ qaldı. Jaffinin sağ qalması bir möcüzə idi, çünki bir çox insan bir neçə dəqiqə buzlu suda qaldıqdan sonra həyatlarını itirdi. Jaffini xilas ediləndə, vəziyyəti normal idi, sadəcə ayaqları şişmişdi.

Rut Bekker

Rut Bekker “Titanik” gəmisində səyahətə çıxarkən cəmi 12 yaşı var idi və o, gəminin ən gənc sərnişinlərindən biri idi. Rut anası Nelli, xəstə qardaşı Riçard və kiçik bacısı ilə səyahət edirdi. Onların atası Allen Oliver Bekker işləri olduğu üçün doğma Hindistandakı Guntur şəhərində qaldı. Səyahətə çıxmalarının əsas səbəbi  odur ki, xəstə olan qardaşına müalicə lazım idi və həkimin məsləhəti ilə onlar Miçiqan ştatının Benton-Harbora şəhərinə yola düşdülər. Lakin 14 aprel tarixi onlar üçün ən qorxulu günlərdən biri oldu. Həmin dəhşətli gün Rutun anası və iki balaca uşağı 11 nömrəli xilasetmə qayığına mindilər, lakin Rut üçün orada yer yox idi. Balaca qızı başqa, 13 nömrəli xilasetmə qayığına otuzdururlar. 13 və 15 nömrəli  qayıqlar suya salınarkən, toqquşma riskını yaşayır . Böyük xoşbəxtlikdən ekipaj üzvlərindən biri 13 nömrəli qayığın kabellərini kəsərək insanları ölümdən xilas edir. Balaca Rut “Karpat” komandası tərəfindən xilas edilir və ailəsinə qovuşur.

Riçard Uilyams Norris

İsveçrənin Cenevrə şəhərindən olan məşhur tennisçi Riçard Uillyams Norris atası Çarlz Duane Uillyams ilə birgə “Titanik”də səyahətə çıxmışdı. Riçard Harvard universitetində təhsil almağa başlamazdan əvvəl,  Amerikadakı tennis turnirində iştirak etmək istəyirdi. Həmin o dəhşətli gün batan gəmidən çıxmağa heç bir cəhd göstərmədi. Laynerin aysberqlə toqquşduğu zaman Riçard təlimçi Makkouli və digər sərnişinlərlə idman zalında söhbət edirdilər. “Titanik” sulara qərq olduğunda Riçard və atası üzərək həyatlarını xilas etməyə çalışdılar. Təəsüf ki, onun atası  suda yaranan burulğana düşərək  həyatını itirir. Ayaqlarının zədələnməsinə baxmayaraq, o, üzməyə davam edir və 14 nömrəli qayığa qalxaraq həyatını xilas edir. Bu dözümlü insan 1914 və 1916-cı illərdə Amerikada  tennis üzrə keçirilən turnirdə qalib olur. 1920-ci ildə Uimbldonda  kişilər arasında keçirilən turnirdə qalib olur və nəhayət, 1924-ci ildə “Olimpiya oyunlarının” qızıl medalına yiyələnir.

Yetim uşaqlar

Həmin o  gün  qadınları və usaqları xilasetmə qayıqlarına otuzdururdular. Elə həmin an ağlayaraq bir kişi iki oğlunu axırıncı D adlı kiçik qayığa salaraq onların həyatını xilas edir. Başqa insanlarla birgə xilas onunan bu qıvırcıq oğlanlar Nyu-Yorka gəldikdə “Titanik”ın yetim uşaqları” adlanırlar. Onların kim olduğu uzun müddət  bilinmir və bütün qəzetlərdə onlar haqqında xəbərlər verilir. O zamanlar yetim uşaqlara Meri Kelli alı 22 yaşlı qız qayğı göstərərək, onları tək buraxmır. Müəyyən zamandan sonra üç yaşlı Marvel və iki yaşlı Edmond Rogerin anası tapılır. Uzun zaman uşaqlarının axtarışına çıxan bədbəxt ana nəhayət ki, onlara qovuşur. Atalarını itirən  bu uşaqların qəmli əhvalatı uzun illər yaddaşlardan silinmir.

Uilliyams Karter II

Karterlər ailəsi Avropanın nüfuzlu  ailələrindən  biri idi. “Titanik”ə ən gözəl sərnişinlər kimi daxil oldular. Onlar sevimli itləri, xidmətçiləri Aleksandr Kerns və Avgust Serrepla birlikdə Rod-Aylend şəhərindən Avropaya qayıdırdılar.Lakin bu səyahət onlar üçün uğursuz oldu. Qəza baş verən gecə qadınlara və uşaqlara qayıqlarda yer ayırırdılar və Karter ailəsini 4 nömrəli qayığa göndərdilər. Lakin 11 yaşlı Karterə qayığa minməyə qadağan etdilər, çünki oğlan artıq böyük idi. Kiçik oğlunu batan gəmidə buraxmaq istəməyən  Uilliyamsın anası başındakı papağı oğluna geyindirərək, onu qayığa keçirdi . Beləliklə, anası və bacıları ilə birliktə xilas olunan Uilliyams 84 il yaşadı,lakin bu dəhşətli günü heç unutmadi.

Samirə Tağıyeva, “İki sahil”