10 dekabr 2019 11:16
784

Ucarlılar seçkilərdə fəallıq nümayiş etdirəcək - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatı təbliğat-təşviqat  kampaniyasını davam etdirir. Rayonun Lək və Xələc kəndlərində 23 dekabr tarixində keçiriləcək  bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş keçirilib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxış edərək qarşıdan gələn bələdiyyə seçkilərindən, dövlətimizin yerli özünü idarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb: “23 dekabr bələdiyyə seçkilərində YAP-ın böyük qələbə qazanmasına ciddi əsası var. Çünki Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz, o cümlədən regionlar dinamik inkişaf edir. Paytaxt Bakı ilə yanaşı, ən ucqar kəndlərdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf kimi amillər insanların rifah halının yaxşılaşmasında müsbət dəyişikliklərə səbəb olub.”

Təbliğat-təşviqat qrupunun üzvü Yaqut Zeynalova, Lək bələdiyyəsinə namizədlərdən Ağamirzə Ağayev, Şakir Mehdiyev, seçicilərdən Sevda Abdullayeva, Solmaz Məmmədova, Səridə Tağıyeva, Xələc bələdiyyəsinə namizəd Vidadi Xəlilov, Xələc kənd seçicilərindən Səadət Hüseyinova, Əvəz Ağayev çıxış edərək cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıblar. Natiqlər bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən ucarlılar əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlar.

Tədbir iştirakçıları bələdiyyə seçkilərində YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi fəal olmağa, “Xalq üçün” səsverməyə çağırıblar.

Görüşlərdə bir qrup şəxsə YAP-ın üzvlük vəsiqələri təqdim edilib.

Orxan Vahidoğlu, “İki sahil”