11 iyun 2019 19:36
279

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Müstəqilliyimizin taleyi təhlükə altına düşəndə Azərbaycan xalqı dünya şöhrətli siyasətşi Heydər Əliyevə ümid yeri kimi baxdı, ona inandı, xilasını onda gördü

Sovetlər birliyinin dağılmasından sonra Azərbaycan ağır tarixi sınaqlarla üzləşmişdi. Onun müstəqil bir dövlət kimi yaşaması üçün təhlükə göz qabağında idi. Bir tərəfdən ölkəmizə qarşı həyata keçirilən xarici hərbi müdaxilə və bunun nəticəsində ərazimizin bir hissəsinin işğal olunması, digər tərəfdən hakimiyyət uğrunda mübarizə və daxili çəkişmələr xalqın öz gələcəyinə olan inamını tamamilə qırmışdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmaqla həmin inamı xalqa qaytardı.

Hər bir xalqın tarixində fəlakətli, faciəli məqamlar olur. Belə məqamlarda xalqın mövqeyi hər şeyi həll edir. 1993-cü ilin iyun hadisələri ən yeni tariximizin ən mürəkkəb, ən təhlükəli, ən faciəli olan belə anlarındandır. Müstəqilliyimizin taleyi təhlükə altına düşəndə xalq Azərbaycanı müstəqilliyə hazırlayan dahi şəxsiyyət Heydər Əliyevə ümid yeri kimi baxdı, ona inandı, xilasını onda gördü.

Bu fikirlər Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakultəsinin dekanı, dosent İbrahim Kazımbəylinin AZƏRTAC-a təqdim etdiyi “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” sərlövhəli məqaləsində öz əksini tapıb.

Məqalədə deyilir: “1918-ci ildə ilk qazanılan müstəqilliyimizin itirilməsindən 100 ilə yaxın bir dövr keçməsinə, nəsillərin dəyişməsinə baxmayaraq, ötən əsrin 80-ci illərinin sonunda xalqımızın artıq sovet imperiyasının əsarəti altında yaşamaq istəmədiyini bildirməsi, milli azadlıq hərəkatına başlaması bir daha təsdiq edirdi ki, qəlblərdəki azadlıq, müstəqillik arzusunu boğmaq mümkün deyildir.

Ümummilli liderin sözləri ilə desək, “Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi”.

İmperiya rəhbərləri 80-ci illərin sonunda keçmiş SSRİ-yə daxil olan respublikalarda başlanan milli azadlıq hərəkatlarını ordu gücünə boğmaq istəyir, ayağa qalxan xalqların gözünü qorxutmaq üçün təpədən dırnağadək silahlanmış müxtəlif qoşun hissələrini əhalinin üstünə yeridirdilər. 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə qarşı törədilən vəhşilikdən bir qədər əvvəl həmin ssenarini sovet imperiyasını qoruyub saxlamaq istəyənlər Qazaxıstanda, keçmiş Pribaltika respublikalarında, Gürcüstanda həyata keçirmişdilər. Amma bu, müstəqilliyə can atan xalqı öz yolundan çəkindirə bilməzdi.

Xalqımızın müstəqilliyə qovuşmaq arzusu tezliklə çin oldu. Uğrunda şəhidlər verdiyimiz müstəqilliyi qoruyub saxlamaq isə xüsusən vacib idi. Bir dəfə müstəqilliyini itirən xalq üçün bunun nə dərəcədə vacib olduğu öz-özlüyündə aydındır. Xalqımız yaşadığı acı təcrübədən gözəl bilirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.

İkinci dəfə dövlət müstəqilliyini bərpa etmək şansı qazanan Azərbaycanda müstəqilliyin qorunub saxlanması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin təmin edilməsi və nəhayət, Azərbaycanın parçalanmaqdan xilas edilməli ən mühüm vəzifələr idi. Daxili və xarici siyasətdəki uğursuzluqlar ölkəmizin müstəqilliyini gözü götürməyən qüvvələri fəallaşmağa, Azərbaycana qarşı müxtəlif cür siyasi və iqtisadi təzyiqləri artırmağa ruhlandırmışdı. Bu dəfə də müstəqilliyimizin daxili düşmənləri düşmən “dəyirmanına su tökməkdə” xüsusilə fərqlənirdilər. Ölkənin müxtəlif bölgələrində seperatçı qüvvələr fəallaşmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.

Azərbaycanın belə bir ağır vəziyyətində əhalinin əksəriyyəti müstəqilliyimiz üçün yaranan təhlükədən xilas yolunu dünya şöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.

Vətənin dar günü idi. Xalq çıxılmaz vəziyyətə düşmüş, imdad axtarırdı. Ayrı-ayrı insanlar, qruplar ulu öndər Heydər Əliyevə üz tutub nicatımızın yalnız onunla bağlı olduğunu birmənalı şəkildə bildirirdilər. Getdikcə bu axın güclənir və iri bir hərəkata çevrilirdi. Hakimiyyətdə olan AXCP-Müsavat cütlüyü də yaranmış vəziyyətdən çıxış yollarını görməyərək, əlacsız və aciz qalaraq ümummilli lider Heydər Əliyevə müraciət edir, onu əməkdaşlığa çağırırdı.

Vətəni, ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün üzünü o vaxt Naxçıvanda Ali Məclisin sədri işləyən Heydər Əliyevə tutmuş Azərbaycan ziyalılarının müraciətində deyilirdi: “Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq, bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz adımızdan, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Bu müraciət xalqın qəlbinin ifadəsi idi. Artıq mövcud hakimiyyətsizlikdən, özbaşınalıqdan cana doymuş xalq ölkənin xilasını yalnız müdrik rəhbər Heydər Əliyevdə görür, ümidlərini ona bağlayırdı.

Azərbaycanı müstəqilliyə hazırlayan Ulu Öndər belə bir vəziyyəti kənardan seyr eləyə bilməzdi. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini qorumağı özünün başlıca vəzifəsi hesab eləyən bu dahi insan xalqın çağırışına, tələbinə biganə qala bilməzdi.

O deyirdi: “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur”.

Vətənin ağır günündə xalqın iradəsi ilə böyük siyasətə qayıdan Heydər Əliyev bacarıqlı dövlət xadimi, müdrik sərkərdə kimi Azərbaycanın nicatını təmin etdi, Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etdi.

1993-cü ilin avqustunda “Sobesednik” qəzeti müxbirinin: “Bu gün Azərbaycanın taleyi Sizin əlinizdədir. Çox ağır yük deyilmi?”- sualına ulu öndər Heydər Əliyev belə cavab vermişdi: “Bugünkü vəzifəni tutmaq arzusunda deyiləm, hakimiyyətin ləzzətini görmüşəm, düşünüldüyü qədər də şirin deyil. Hakimiyyətdən çəkilməyə də hazıram. Lakin bu gün adamlar mənə baxırlar. Özü də ümidlə baxırlar. Hərçənd, mən o adamlardan deyiləm ki, onlara deyim: siz məni seçin, dərhal müharibəni qurtarım və yarım ildən sonra yağ-bal içində yaşayacaqsınız. Yox! Milli Məclisin, bizim Ali Məclisin deputatları məndən soruşurlar ki, bizə nə vəd edirsiniz? Birmənalı cavab verdim: Heç nə! Mən peyğəmbər deyiləm və sabah nə olacağını da bilmirəm. Bəlkə daha pis olacaq... Lakin bir şeyi deyirəm: bu dəhşətli anda hər şeyi atıb getmək – adamlara xəyanət etmək deməkdir...”

1993-cü ilin iyun ayını Azərbaycan tarixinin dönüş nöqtəsi kimi xarakterizə etmək olar. Belə bir vaxtda xalqın tələbi, o vaxt hakimiyyətdə olanların xahişi ilə Bakıya gələn Heydər Əliyev respublikanı düşdüyü iflic vəziyyətindən, məhvolma təhlükəsindən qurtardı.

Milləti fəlakət girdabından qurtaran Heydər Əliyev öz müdrikliyi, dərin düşüncəsi, bacarığı və uzaqgörən siyasəti ilə Azərbaycanı dünyada tanıtdı, ölkəmizi beynəlxalq aləmdə mövqeyi və yeri olan bir dövlətə çevirdi.

İyunun 4-dən başlayaraq cərəyan etmiş hadisələrin mahiyyətini təhlil edərkən, vəziyyətin son dərəcə idarəolunmaz hala düşdüyünü göz önünə gətirərkən, odövrkü hakimiyyətin tam səriştəsizliyi, bacarıqsızlığı, qətiyyətsizliyi ortaya çıxır. İyun hadisələri öz mahiyyətinə görə qiyam, çevriliş, vətəndaş qarşıdurması, sui-qəsd kimi səciyyələndirilə bilər. Ancaq ən dəhşətlisi o idi ki, Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi qarşısında idi.

Dövr, zaman xalqımızı imtahana, sınağa çəkmişdi. Hadisələrin gedişindən özünü itirən o vaxtkı iqtidar nümayəndələri vəziyyətdən çıxış yolları arayırdılar: biri Gəncəyə gedib, orada Surət Hüseynovun ordusunu, qoşununu darmadağın etməyi təklif edir, o biri prezidentin həbsinə sanksiya verir, üçüncüsü ermənilərlə vuruşan ordunun bir hissəsini Gəncəyə çəkib, orada qiyamçıları susdurmaq təklifi ilə çıxış edir, digəri də aviasiyanı havaya qaldırıb Gəncəni bombalamağı təklif edirdi...

Belə bir vəziyyətdə xalqın etimadını tamamilə itirdiklərini görən AXCP-Müsavat liderləri qəribə bəyanatlarla çıxış edirdilər. Onların “Xalqın 95 faizi tələb etsə də, biz hakimiyyətdən getməyəcəyik”, “Biz hakimiyyətə qan gücünə gəlmişik, qanla da gedəcəyik” kimi “aforizmləri” hələ də qulaqlarımızdadır. Dövlətçilik, müstəqillik, xalqın mənafeyi məsələləri büsbütün unudulmuşdu...

Hamı görürdü ki, ovaxtkı iqtidar ölkəni artıq idarə edə bilmir. Artıq onlar qiyamçı ordu hissəsinə başçılıq edən Surət Hüseynovun qarşısında tam acizlik nümayiş etdirirdilər. Qiyamçılar Bakıya doğru irəliləyir, yolboyu rayonlarda yerli hakimiyyət nümayəndələrini dəyişdirirdilər. Xalq çaşqınlıq, qorxu, təşviş içində idi.

Milli Məclisin 1993-cü il iyunun 13-də keçirilmiş sessiyasında çıxış edən dahi rəhbər Heydər Əliyev bir daha güc işlədilməməsini, bir daha silahların işə salınmamasını təkidlə tələb etdi. O, çıxış yolunu yalnız danışıqlarda, qarşılıqlı anlaşma, sülh və barışıqda görürdü. Heydər Əliyev bütün hadisələrə nəzarət edib hər şeyi öz axarına yönəltdi. İyunun 13-də Heydər Əliyev Gəncəyə yola düşdü. Qədim Gəncə onu öz xilaskarı və ümidgahı kimi qarşıladı. Xalq əmin idi ki, Heydər Əliyev Azərbaycanı düşdüyü bu vəziyyətdən qurtaracaq, Azərbaycanı parçalanmadan, dövlətimizi məhvolmadan xilas edəcək.

İyun hadisələri tarixin reallığı idi. Ovaxtkı iqtidarın yaratdığı xaosun, qanunsuzluğun, hakimiyyətsizliyin, ədalətsizliyin, nadanlığın bu reallıqda əks olunan təzahür formaları idi. Azərbaycanda artıq vətəndaş müharibəsi başlamış, Gəncədə qardaş qanı tökülmüşdü. 1988-ci ildən başlanan meydan hərəkatının dalğasında hakimiyyətə gələnlər öz səriştəsizlikləri üzündən Azərbaycan dövlətçiliyini məhvolma təhlükəsi ilə üz-üzə qoymuşdu.

Xoşbəxtlikdən belə bir vaxtda xalq daha güclü birlik, mətinlik, qətiyyət göstərərək Heydər Əliyevi Bakıya dəvət etdi. Bu, xalqın son və yeganə xilas yolu idi. Yadımızdadır ki, hakimiyyətdəkilər də xalqa qoşuldular. Belə çıxmasın ki, onlar səhvlərini başa düşdülər, xeyr, özlərini xilas etmək naminə Heydər Əliyevə minnətçi düşüb onu Bakıya, dövləti idarə etməyə dəvət etdilər.

Bəli, dahi rəhbərin yenidən hakimiyyətə qayıdışından sonra qanunsuz silahlı dəstələr məhv olundu, xalq normal yaşayış tərzinə qayıtdı, ölkə daxilində seperatçı fəaliyyətlərə son qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı.

İyun hadisələrini hər dəfə xatırlayanda bir şeyi dərindən dərk edirsən ki, əgər bu hadisələrin qarşısı alınmasaydı, saysız-hesabsız qardaş qanı axıdılacaq, günahsız insanlar həlak olacaqdı. Şəhərlər, kəndlər, qəsəbələr dağılacaqdı. Azərbaycan öz dövlətçiliyini itirəcəkdi, parçalanacaqdı. Bütün bunların qarşısını yalnız Heydər Əliyev kimi təcrübəli siyasi xadim, səriştəli sərkərdə ala bilərdi. Məhz Ulu Öndər öz qüdrəti, rəhbərlik bacarığı ilə dövlətçiliyimizi xilas etdi, xalqın taleyinə görə məsuliyyəti öz üzərinə götürdü.

Bu hadisələrdən sonra Heydər Əliyev ölkə daxilindəki hakimiyyət hərislərini, Azərbaycanın müstəqilliyini gözü götürməyən bir çox düşmən qüvvələri, silahlı dəstələri ram etdi, dövlətçiliyimizi qorudu. Əlbəttə, bunlar çox böyük çətinliklə başa gəldi.

Azərbaycan Respublikası bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Ümummilli Liderin siyasət olimpinə yenidən qayıdışı nəinki Azərbaycanı bəlalardan xilas etdi, hətta dünyanın inkişaf etmiş dövlətləri arasında respublikamızın şan-şöhrətini göylərə qaldırdı.

Ümummilli Lider haqlı olaraq deyirdi ki, “əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhvolma təhlükəsindən qurtuldu. Dövlət və hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq meyillərinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Milli Ordu yaradıldı, atəşkəs elan olundu, əhalinin müxtəlif təbəqələrinin sosial müdafiəsi gücləndi, makroiqtisadi sabitlik təmin olundu. Yeni, azad, suveren və müstəqil dövlət yaratmaq arzusu həqiqətə çevrildi. Müstəqilliyimiz möhkəmləndi, hüquqi və milli dövlətin formalaşması istiqamətində addımlar atıldı.

Bu gün aparılan islahatlar, qazanılan nailiyyətlər respublikamızı qüdrətli dövlətə çevirməkdədir. Ümummilli Liderin beynəlxalq təşkilatlarda tutduğu mövqe, qazandığı nüfuz Azərbaycanın gələcəyinə nurlu yol açırdı. Bunu görən xarici müşahidəçilər, siyasətçilər Heydər Əliyevə hər hansı formal göstəriciyə görə deyil, həyatın özü ilə sübut olunmuş müdrikliyinə, dərin zəkasına, fövqəladə təşkilatçılıq qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə görə qüdrətli şəxsiyyət kimi qiymət verirdilər. Dahi rəhbərin Azərbaycan naminə fəaliyyəti yaşadığımız dünənimizin tarixi, bu günümüzün sabahı, istiqlalımızın gələcəyidir.

Ümummilli liderHeydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ömrünü tamamilə Azərbaycana - onun dövlət quruculuğuna, ölkənin inkişafına, iqtisadiyyatın dirçəldilməsinə, yaşayış səviyyəsinin yüksəlməsinə, ən ümdəsi isə Azərbaycanın beynəlxalq aləmdə tanınmasına həsr etdi. Öz həyatı, sağlamlığı bahasına Azərbaycanı ayağa qaldırdı və onun adını dünya dövlətləri sırasına yazdı. Bu həqiqətlər hamıya- həm azərbaycanlılara, həm də Vətəndən kənarda yaşayanlara, xarici ölkə vətəndaşlarına yaxşı bəllidir.

Ulu Öndərin qurub-yaratdığı, yerbəyer etdiyi müstəqil Azərbaycanda yaşamaq çox asan və rahat olacaqdır. Çünki bu dövlətə Heydər Əliyev ideyalarının, siyasi kursunun ən layiqli davamçısı və “Hər bir azərbaycanlının prezidenti” olacağına inam ifadə edən Prezident İlham Əliyev başçılıq edir”.