COP29-a ev sahibliyi etmiş Azərbaycana yenidən gəlmək xüsusi əhəmiyyət daşıyır
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü də dinamik və məhsuldar müzakirələrlə yadda qalır. Qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu bu mühüm platformada iştirakçılar müxtəlif ölkələri təmsil edərək öz təcrübə və baxışlarını bölüşürlər.
“İki sahil” olaraq biz də forumun gedişini izləyir, iştirakçıların tədbirlə bağlı gözləntilərini və ilk təəssüratlarını öyrənirik.
Cenevrədə yerləşən Beynəlxalq Miqrasiya Təşkilatının İqlim Fəaliyyəti üzrə direktoru Rania Sharshr “İki sahil”ə özəl açıqlamasında Bakıya yenidən səfərindən məmnunluğunu ifadə edib.
O bildirib ki, WUF13 çərçivəsində şəhərlərin dayanıqlı inkişafı, urbanizasiya prosesinin yaratdığı çağırışlar və iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri ilə bağlı vacib məsələlər geniş şəkildə müzakirə olunur.
Onun sözlərinə görə, forum müxtəlif ölkələrdən olan mütəxəssislər, dövlət nümayəndələri və beynəlxalq təşkilatları bir araya gətirərək təcrübə mübadiləsi və ortaq həll yollarının müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır. Beynəlxalq Miqrasiya Təşkilatının İqlim Fəaliyyəti üzrə direktoru diqqətə çatdırıb ki, xüsusilə iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlı şəhərlərin qurulması, su ehtiyatlarının qorunması, yaşıllaşdırma təşəbbüslərinin genişləndirilməsi və həssas əhali qruplarının müdafiəsi hazırda əsas prioritet istiqamətlərdən biridir. O qeyd edib ki, sürətli urbanizasiya prosesi şəhərlərdə yeni risklər yaradır və bu səbəbdən hökumətlər, beynəlxalq qurumlar və yerli icmalar arasında əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir.
Rania Sharshr qeyd edib ki, COP29-a ev sahibliyi etmiş Azərbaycana yenidən gəlmək xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, həmin tədbirdə iqlimə uyğunlaşma və dayanıqlılığın gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub. O, Xəzər dənizində su səviyyəsinin azalmasının ciddi problem olduğunu vurğulayaraq əlavə edib ki, bu baxımdan dayanıqlı şəhərsalma, iqlim dəyişikliklərinə uyğunlaşma və icmaların dayanıqlığının artırılması böyük əhəmiyyət kəsb edir.
Direktorun sözlərinə görə, Beynəlxalq Miqrasiya Təşkilatı digər BMT qurumları və hökumətlərlə birlikdə, xüsusilə köçkün və miqrant əhalinin dayanıqlılığının artırılması istiqamətində fəaliyyət göstərir:”Hazırda BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İnsan Məskənləri Proqramı və Azərbaycan hökuməti ilə birgə uyğunlaşma fondu çərçivəsində layihə həyata keçirilir. Layihə təbiət əsaslı həllər, iqlim maliyyəsinə çıxış, erkən xəbərdarlıq sistemləri, su qıtlığı ilə mübarizə və yaşıllaşdırma təşəbbüslərini əhatə edir”.
Rania Sharshr hesab edir ki, gələcəkdə bu layihənin Xəzər dənizi hövzəsində yerləşən digər ölkələrdə də tətbiqi nəzərdə tutulur.
Yaqut Ağaşahqızı, “İki sahil”