20 noyabr 2020 18:23
1229

Xalqa, dövlətə xidmət nümunəsi

Yeni Azərbaycan Partiyası – 28

28 illik yolu sözlə əməl birliyinə sadiqliyi ilə addımlayan Yeni Azərbaycan Partiyasının hər bir üzvü  Heydər Əliyev ideyalarının təbliğatçısıdır

Azərbaycan 1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlıqları, səriştəsizlikləri, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından müstəqil Azərbaycanın yaşadığı çətinliklər yaddaşlarda, tariximizin  qara səhifəsində yer alıb.   1992-ci il oktyabarın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı «Azərbaycan Sizin sözünüzü gözləyir» başlıqlı müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu.  Ziyalıların  müraciətinə Ümummilli Liderin «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabı həmin dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın  başlanğıcı  kimi dəyərləndirildi. Ulu öndər Heydər Əliyev «Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu   problemlərin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur» bildirərək bu inamı da ifadə etmişdir ki,  müstəqil  Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması  obyektiv zərurətdən irəli gələn  Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində  və inkişafında tarixi rol oynaya bilər.

Bu amalla yaradılan Yeni Azərbaycan Partiyasının fəaliyyətə başlamasından  28 il ötür.  Təsis konfrnasını 1992-ci il noyabrın 21-də  respublikanın müxtəlif bölgələrindən   550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək,  ulu öndər Heydər Əliyevin  ideyalarının,  həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə diqqət mərkəzindədir. Ən əsası bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında  əksini tapan arzu və istəklərinin təsdiqidir. Dünənin, bu günün partiyası kimi  gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirən partiya dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atıb ki,  yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, arxada qalan 28 illik tarixini qələbələr və uğurlar səhifəsi ilə zənginləşdirir.       

    Daim çıxışlarında  Yeni Azərbaycan Partiyasının sıralarında birləşən üzvlərin  40 faizini gənclər təşkil etdiyini önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir. Ölkə Prezidentinin  bu fikirləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının II qurultayında  «Birincisi, gənclər bizim  partiyanın sıralarında xüsusi qayğıya malik olmalıdırlar. Onlara qayğı göstərmək lazımdır. İkincisi də gənclər arasında geniş iş apararaq, partiyanın nizamnaməsini, məramnaməsini və partiyanın gördüyü işləri onlara anlatmaq lazımdır. Onda əlbəttə ki, gənclər bizim partiyanı yaxşı tanıyacaqlar. Əgər yaxşı tanıyacaqlarsa, doğrudan da bir gənc adam kimi bizim partiyaya məhəbbəti, könlü olacaqsa, onlar bizim partiyaya gələcəklər» tapşırığının  reallıqda öz əksini tapmasıdır.  Dahi şəxsiyyət Heydər Əliyev partiyanın sıralarında qadınların və gənclərin çoxluq təşkil etməsinin vacibliyini bildirirdi.  Yeni Azərbaycan Partiyasının tərkibində Gənclər Birliyinin və Qadınlar Şurasının yaradılması, həmçinin partiyanın rayon təşkilatlarında onların fəaliyyətinin genişləndirilməsi də bu tələbdən irəli gəlirdi.

    760 mindən artıq üzv böyük statistikadır. Bu, yalnız statistika deyil, eyni zamanda, həyata keçirilən siyasətə dəstək, partiyanın bugününə və gələcəyinə inamın göstəricisidir. Məhz bu inam partiyanın ölkədə keçirilən hər bir seçki prosesindən böyük qələbə ilə çıxmasını şərtləndirir.

   2020-ci il ölkəmizdə növbədənkənar parlament seçkiləri ili kimi də yadda qalacaq. Yeni Azərbaycan Partiyasının ölkədə həyata keçirilən islahatlardan qanunverici orqanın da kənarda qalmaması üçün parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü  ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Prosedur qaydalarına uyğun olaraq atılan addımların sonunda dövlətimizin başçısı İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli  Sərəncamı əsasında  2020-ci ilin 9 fevralında növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkilərin nəticələri əsasında formalaşan yeni parlament Azərbaycanda siyasi sistemin təkmilləşməsindən,  siyasi partiyalar arasında həmrəyliyin  yaradılmasından, siyasi dialoq mühitinin mövcudluğundan xəbər verir. Dövlətimizin başçısı İlham Əliyev yeni parlamentin ilk iclasında çıxışı zamanı deputatların qarşısında bir sıra vəzifələr qoydu.

       Yeni Azərbaycan Partiyasını milyonların partiyasına çevirən, qələbələr partiyası kimi tanıdan tutduğu yola sadiqliyi, populizmdən uzaq olması, hər addımında xalqın, dövlətin maraqlarını üstün tutmasıdır. Qeyd etdiyimiz kimi, Azərbaycanın 29 illik müstəqillik tarixinin bələdçisi olan partiya müasir müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin   düzgün müəyyənləşdirdiyi siyasətin son 17 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurlar sayəsində də özünəinamı və etimadı gücləndirir.

   Əvvəldə də qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyası yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu. Müstəqilliyimizin ilk illərində yaşanan durum yaddaşlardadır. Tarixi paralellər əsasında  Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını aydın görmək mümkündür. Bu əsas məqamı da xüsusi vurğulamaq lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı əsasında 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa, onlardan dərs almağa, ən əsası zəngin tariximizlə qürur duymağa əsas yaratdı.

  1991-1993-cü ilin yayına qədər olan dövr Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran illəri kimi yazılıb. Həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını  dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Belə bir çətin məqamda ulu öndər Heydər Əliyev ona üz tutan xalqını ümidsiz qoymadı. Hakimiyyətə qayıdışı ilə Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi, ən əsası ölkədə sabitliyi təmin etməklə hər sahədə uğurlara yol açdı. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması bugünkü uğurlarımızı şərtləndirdi. Qısa müddətdə sabitlik diyarına çevrilən Azərbaycan böyük investisiyalar məkanı kimi tanındı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına  yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır.

   Bir məqamı da nəzərə alsaq ki, demokratiya sabitliyin və qanunun aliliyinin təmin olduğu şəraitdə inkişaf edir, bu halda Azərbaycanın uğurları təqdirəlayiqdir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında  isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir. Azərbaycanın regionda sabitləşdirici faktor kimi tanınması və nüfuz qazanmasında bu amilin rolu inkaredilməzdir.  Ölkə Prezidenti İlham Əliyev sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirərək bildirir: «Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.»

      Demokratikləşmə prosesinin sürətləndirilməsi ölkənin hərtərəfli inkişafında  əsasdır. Dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının normal fəaliyyətlərinin təminatı istiqamətində  atdığı addımlar göz önündədir. Milli Konstitusiyamızın qəbulundan ötən 25 ildə sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, mətbuat azadlığının təminatına, eyni zamanda, jurnalist məsuliyyətinin və peşəkarlığının artırılmasına yönələn davamlı tədbirlər bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanın demokratiya təcrübəsi öyrənilməyə  layiqdir.

 
   Dövlətimizin başçısı İlham Əliyevin daim qeyd etdiyi kimi, iqtisadi və siyasi islahatların vəhdətliyi davamlı inkişafı təmin edir. Demokratikləşmənin əsası kimi ölkəmizdə sabitliyin, təhlükəsizliyin təminatı bu inkişaf üçün əsas stimulverici amildir.  Azərbaycanın müxtəlif humanitar, iqtisadi, siyasi tədbirlər üçün ideal məkan kimi qəbul olunmasında da sabitləşdirici faktor kimi rolu əsas yer tutur. Tolerantlıq təcrübəsi və multikultural dəyərlərin  inkişafına töhfələri təqdir olunur. Bunun təsdiqi 2016-cı ilin ölkəmizdə «Multikulturalizm İli», 2017-ci ilin isə «İslam Həmrəyliyi İli» elan edilməsi, müxtəlif mədəniyyətlərarası, dinlərarası dialoq tədbirlərinə evsahibliyi etməsini qeyd edə bilərik. Bütün bunlar   Azərbaycanın sabit ölkə imicinə yeni-yeni əlavələr  etməklə dünyaya bir sülh, həmrəylik mesajıdır.

   Ulu öndər Heydər Əliyev bu tezisi irəli sürmüşdür: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”  1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyanın əsasını qoydu.  Neft strategiyasının əhəmiyyətindən bəhs edərkən siyasi tərəfi daha çox  önə çəkilir. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiyanın yatırılması ölkəmizə olan inamın göstəricisidir. Eyni zamanda, «Əsrin müqaviləsi»ndən sonra onlarla saziş, Anlaşma memorandumları imzalandı. Ən əsası  müqavilənin imzalanmasının 23 illiyi ərəfəsində «Yeni əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qazandığı mövqeyə işıq saldı.

  Azərbaycanın bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında əsas rol oynamasına möhkəm təməl yaranıb. 2006 və 2007-ci illərdə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi layihələrin davamlılığını təmin etdi. Belə ki, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ilin mayında rəsmi açılışı oldu. 2018-ci ilin iyununda onun əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. Azərbaycan bu layihələrin uğurlu sonluqla başa çatması ilə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi  mövqeyini daha da möhkəmləndirdi.

      Neft-qaz sənayesinin inkişafını iqtisadiyyatın əsası kimi dəyərləndirən cənab İlham Əliyev, eyni zamanda,  bu məqsədi də qarşıya qoyub ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. 2003-cü ildən bu günədək qeyd olunan istiqamətdə atılan  addımlar və onların uğurlu nəticələri göz önündədir.  Dövlətimizin başçısı İlham Əliyev regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəni təmin etmək məqsədilə 2004-cü ildə ilk Dövlət Proqramını təsdiqlədi və onun uğurlu icrası növbəti 3 sənədin qəbulunu zərurətə çevirdi. Artıq  dördüncü Dövlət Proqramı icra edilir. Baxmayaraq ki, Azərbaycan da dünya dövlətləri ilə  yanaşı koronavirus infeksiyasına qarşı mübarizə aparır, dayanıqlı inkişaıfın qorunması yenə də prioritetliyini qoruyur. İlk gündən sahibkarlığın inkişafı diqqətdədir. Postpandemiya dövrü üçün nəzərdə tutulan addımlar, həmçinin işin səmərəliliyinin artırılması üçün müxtəlif qurumların yaradılması, bəzilərinin vahid mərkəzdən idarə edilməsi üçün funksiyalarında eynilik təşkil edən müəssisələrin birləşdirilməsi və sair kimi addımlar öz müsbət nəticəsini verəcək.

     İslahatların zamanın tələbinə uyğun təkmilləşməsi, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsi yenilikçi ölkə kimi nüfuzunu daha da artırır. Eyni zamanda, yeni texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi ölkəmizin davamlı inkişafına təkan verir. Bu mühüm uğurumuzu da qeyd etməliyik ki, artıq üç peykimiz orbitə çıxarılıb. Cənab İlham Əliyev bildirir: «Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir.”    

   Uğurlarımıza yol açan mühüm amillərdən biri  idarəçilik sistemində təkmilləşmə və   yeniləşmədir. 2016-cı ildə  keçirilən referendumda  səsverməyə çıxarılan  əlavə və dəyişikliklərin bir hissəsi insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, digər qismi isə  məhz idarəçilik sistemində təkmilləşməyə xidmət edir. Prezidentlik müddətinin 7 ilə qədər uzadılması, vitse-prezidentlik institutunun  yaradılması, yaş məhdudiyyətinin aradan götürülməsi və sair  kimi mühüm məsələlər uğurlarımızın miqyasının genişləndirilməsinə, qarşıya qoyulan hədəflərin uğurlu icrasına xidmət edir.  2017-ci ildə  Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi  və son üç ildən artıq dövrdə fəaliyyəti yeni-yeni hədəflərin gerçəkləşməsinə böyük dəstəkdir.

Uğurlarımızın miqyası genişdir. Təbii ki, Yeni Azərbaycan Partiyasının bələdçisi olduğu müstəqil Azərbaycanımızın 29 ildə əldə etdiyi uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas odur ki, Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. Azərbaycana  hansı tərəfdən diqqət yetirsək yalnız və yalnız inkişafın, tərəqqinin şahidi olarıq. Həyata keçirilən siyasətin alternativsizliyi davamlı uğurların müşayiətçisidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev partiyanın 25 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə demişdir:   «Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var.»  Cənab İlham Əliyevin bu fikirləri ümummilli lider Heydər Əliyevin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» fikrinin davamıdır. Partiyanın 28 illik yoluna bələdçilik edən bu inam qarşıdakı  uğurlarının aydın mənzərəsini yaradır.

  Bu gün Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız kimi 10 noyabr şanlı Qələbəmizin sevincini yaşayır. Bu Qələbəyə gedən yol təbii ki, ölkə Prezidentinin hər bir təşəbbüsünün, qərarlarının xalq tərəfindən dəstəklənməsinə, onların dövlətimizin başçısının ətrafında yumruq kimi birləşmələrinə əsaslanır. Bu birlik, həmrəylik 44 gündə daha qabarıq şəkildə  özünü büruzə verdi. Hər gün Prezidentindən qələbə xəbərlərini gözləyən xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində istəyimizə nail olacaq, tarixi ədalət bərpa ediləcək, torpaqlarımız öz tarixi sahiblərinə qayıdacaq. Şəhidlərimizin qanı, canı, döyüşçülərimizin şücaəti sayəsində əldə olunan bu tarixi Qələbəmizin yaratdığı qürur, sevinc heç zaman unudulmayacaq. Xalqımız bu Qələbənin müəllifi olan Prezidentimizlə fəxr edir. Eşq olsun, Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə! Eşq olsun Azərbaycan xalqına! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Azərbaycanın 29 illik müstəqillik tarixində qazandığı uğurlara, eyni zamanda, ona 28 il bələdçilik edən Yeni Azərbaycan Partiyasının verdiyi töhfələrə qısa baxış fonunda bu ümumiləşdirməni apara bilərik ki, artıq yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi də Azərbaycanın Qələbəsi ilə başa çatdı, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, o torpaqlarımızda, Qarabağımızın ürəyi olan Şuşamızda yeni həyat başlayır. Artıq başlanan bərpa və quruculuq işləri, yol çəkilişləri hər birimizi qürurlandırır.  

Yeganə Əliyeva, “İki sahil”