07 yanvar 2026 18:18
288

Xarici siyasətdə böyük uğurlar - TƏHLİL

2025-ci ildə Azərbaycan fəal, təşəbbüskar və çoxistiqamətli xarici siyasətini davam etdirərək mövqelərini gücləndirdi. Bəri başdan qeyd edək ki, bu prosesdə Prezident İlham Əliyevin müstəsna xidmətləri danılmazdır.

Ötən il Azərbaycan-Amerika münasibətlərində sözün həqiqi mənasında yaxınlaşma özünü göstərdi. Bunu  iki ölkə arasındakı münasibətlərin böyük dönüş nöqtəsi adlandırmaq olar. Belə ki, Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı, vacib razılaşmalar əldə olundu. Bununla da Tramp Azərbaycanın sülh gündəliyinə böyük sədaqət nümayiş etdirdi. Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması isə iki ölkə arasındakı münasibətlərə yeni çalarlar əlavə etdi. Üstəlik, “Azadlığa Dəstək Aktı”na ədalətsiz  907-ci düzəliş müvəqqəti olaraq dayandırıldı. Həm də Minsk qrupunun fatihəsi verildi. Yeri gəlmişkən, Prezident İlham Əliyev  yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən PrezidentiDonald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində Konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb. Həmin tədbirdə ən əhəmiyyətli məqamlarından biri həm də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutuna (TRIPP), yəni Zəngəzur dəhlizinə dair siyasi iradənin nümayiş etdirilməsi oldu. Yeri gəlmişkən, dövlətimizin başçısı yanvarın 5-də yerli televiziya kanallarında müsahibəsində demişdir ki, Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir: “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq”. 

Ötən il Azərbaycan Çin Xalq Respublikası ilə də strateji tərəfdaşlığı  daha da möhkəmləndirildi. Belə ki, Prezident İlham Əliyevin Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. Şübhəsiz, bu da çox böyük uğur sayıla bilər. Unutmayaq ki, Çin də dünyada aparıcı ölkələrdən biridir. Məlumat üçün bildirək ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord səviyyəyə çataraq 4 milyard dolları keçib. Bbu, Azərbaycanın tərəfdaş ölkələrlə ticarətində ən yüksək artım göstəricilərindən biridir. Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşu əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Yeri gəlmişkən, 27 ölkə ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə malik Azərbaycan artıq bu gün “orta güc” kimi qəbul olunur. Şübhəsiz, bu da ölkəmizin müstəqil siyasət yürüdərək hər zaman bərabərhüquqlu tərəfdaşlıq prinsipinə sadiq qalmasından irəli gəlir.

Ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlara üzv olmaq da əsas prioritetlərdəndir. Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və bir sıra nüfuzlu təşkilatların üzvü olan Azərbaycanın daha bir mötəbər beynəlxalq qurumun - müsəlman dünyasının ən böyük ölkələrini özündə birləşdirən və 30 ilə yaxındır ki fəaliyyət göstərən  İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) tamhüquqlu üzvü oldu. Onu da qeyd edək ki, Azərbaycan bu qurumun sonradan qəbul edilən ilk yeni üzvüdür. Şübhəsiz, bu, dövlətimizin artan regional və beynəlxalq nüfuzunun daha bir bariz nümunəsidir. Məlumat üçün bildirək ki, bu təşkilatda birləşən ölkələrin (Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş) ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Şübhəsiz, bu üzvlük Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın xarici siyasətində yeni üfüqlər açacaq, ticarət əlaqələrini genişləndirəcək, ənənəvi tərəfdaşlardan kənarda yeni bazarlara çıxışı təmin edəcək.

Xarici siyasətlə bağlı digər önəmli nailiyyət isə Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda  sıx əlaqələri var. Son illər də Mərkəzi Asiya ölkələri ilə bir  çox layihələr icra edilir. Elə bu kimi səbəblərdən ölkəmizin bu quruma  yekdilliklə tamhüquqlu üzv seçilməsi labüd idi. Bu mənada sözügedən quruma üzv seçilməyimizi böyük bir siyasi və diplomatik uğur kimi dəyərləndirmək olar. Digər tərəfdən, Azərbaycanı bu qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm  ölkəmizə böyük hörmət göstərmiş oldular, həm də ki, öz uzaqgörənliklərini nümayiş etdirdilər.

2025-ci ildə Azərbaycan Prezidenti 20 dəfə xarici ölkələrə işgüzar və dövlət səfərləri edib. Bir çox xarici dövlət, hökumət başçıları ölkəmizə gəliblər.  Yeri gəlmişkən, ölkəmizdə beynəlxalq tədbirlər keçirilib. Onların arasında təbii ki, Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü, Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü xüsusi qeyd etmək olar. Ötən il işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda  isə üç forum keçirilib: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Şübhəsiz, belə tədbirlərin işğaldan azad edilmiş ərazilərdə təşkili Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında  mühüm rol oynayıb.  Bütün bunlar onu göstərir ki, Azərbaycan artıq təkcə regionun deyil, daha geniş geosiyasi məkanın söz sahibi olan güclü dövlətdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”