22 yanvar 2021 17:35
1334

Xəzər dostluq, əməkdaşlıq, firavanlıq dənizidir

Regional sabitliyin, təhlükəsizliyin təminatçısı olan  «Dostluq» yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun” imzalanması tarixi hadisədir

«Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan ilk dəfə  sənaye üsulu ilə neft çıxarılan ölkə olmaqla, hazırda Avropa dövlətlərinin etibarlı enerji təminatçısıdır.

 Ulu öndər Heydər Əliyevin  neft strategiyasının reallaşdırılması ilə   Xəzər dənizinin Azərbaycana məxsus sektorundan hasil olunan karbohidrogen ehtiyatlarının  nəqli ilə bağlı şaxələndirmə siyasətini həyata keçirən, müəllifi olduğu  qlobal  layihələrin həlli ilə  dünyanın enerji  xəritəsini dəyişən  ölkəmizin  təşəbbüslərinə maraq artır. BTC, BTƏ neft-qaz kəmərlərinin  ardıcılları olan Cənub Qaz Dəhlizinin,  onun  əsas seqmentləri olan TANAP-ın, TAP-ın istifadəyə verilməsi ilə neft  strategiyasından  irəli gələn vəzifələri yerinə yetirən, qarşıya qoyulan hədəflərə çatan, neft-qaz sənayesinin inkişafında  zəngin təcrübə qazanan Azərbaycan etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir.

 Müstəqilliyimizin ilk illərində  sahilyanı ölkələr arasında Xəzərin dibinin, təbii ehtiyatlarının bölüşdürülməsi ilə bağlı yaranan fikir müxtəlifliyinin həllində də aparıcı rola malik Azərbaycan bölgədə sülhün, sabitliyin  qorunması üçün faydalı təşəbbüsləri ilə diqqəti cəlb edir. Azərbaycan hər zaman Xəzər dənizi üzrə danışıqlarda dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması naminə  səylər göstərmiş və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən olmuşdur. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət etmişdir.

 Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündə «Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir. Mən əminəm ki,  Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi,  əməkdaşlığın dərinləşməsi üçün mühüm addım olacaqdır.» söyləyən Prezident İlham Əliyev Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində qarşılıqlı əməkdaşlığın faydalarından da  bəhs etmişdir. Sonrakı illərdə  Azərbaycan- Rusiya,  Azərbaycan- Qazaxıstan, Rusiya – Qazaxıstan arasında  Xəzərin sektorlara bölünməsi istiqamətində aparılan danışıqlar,  atılan önəmli addımlar, üç ölkə arasında müəyyən razılaşmalar nəticəsində  qonşu ölkələrin maraqlarını təmin edən tranzit imkanlar, əməkdaşlıq formatı  yaranmışdır.   Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi üçün Azərbaycanın təşəbbüsü ilə yaradılan çoxşaxəli  format  bölgənin təhlükəsizliyi baxımından da əhəmiyyətlidir.

Bugünlərdə  Aşqabad şəhərində «Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində «Dostluq»” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında» Anlaşma Memorandumu”nun imzalanması tarixi hadisə olmaqla, bölgədə sabitliyin qorunması, əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər bu yatağın işlənməsi ilə bağlı ardıcıl danışıqlar aparılıb, dövlət başçıları arasında ardıcıl təmaslar qurulub. Qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həllinə etibarlı zəmin yaradıb. Yatağın «Dostluq»” adlandırılması iki ölkə arasında  qardaşlığın, qarşılıqlı əlaqələrin, tarixi etnik-dini ənənələrə  bağlılıq nümunəsidir.

Yanvarın 21-də «Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində «Dostluq»” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında» Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüşdə qeyd olunduğu kimi  yatağın karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi  həmrəylik, qarşılıqlı hörmət və dəstək prinsiplərinə əsaslanır. Tarixi hadisə olan və iki dost ölkə arasında imzalanan Memorandumda qeyd olunduğu kimi yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq.  Yəni, neft və qaz ixracatçısı olan Azərbaycan həm də tranzit ölkə olacaq,  energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələsi formalaşacaq.  Memorandumun imzalanması Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsi,  beynəlxalq və regional  əməkdaşlıq, etimad mühitinin yaradılması  baxımından da  əhəmiyyətlidir.

Yatağın işlənməsi ilə Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə, xarici investorların  layihələrə cəlbinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaranacaq.

Görüşdə ev sahibi kimi yeni layihəyə xeyir-dua verən, «Şübhəsiz ki, Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir. Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, bizim regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə güclü təkan verilir» söyləyən Türkmənistanın Prezidenti Qurbanqulu  Berdiməhəmmədovun vurğuladığı  kimi, ölkələrimiz arasında qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlərlə  və bütövlükdə dünya energetikasının arxitekturası haqqında səslənən fikirlərlə  eynidir.

Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir.  Bu dostluq  Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfədir. İmzalanan Anlaşma Memorandumunu tarixi sənəd adlandıran Prezident İlham Əliyev bildirdi ki,  bu əməkdaşlıq  Azərbaycan və Türkmənistan  dövlət başçılarının son 3 ildə  qarşılıqlı olaraq baş tutan  5 rəsmi səfərinin məntiqi nəticəsidir. «Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyətinin şaxələndirilməsinə, iri infrastruktur layihələrinin reallaşdırılmasına yönəlib.  Ən yüksək dövlət səviyyəsində qurulan açıq, konstruktiv və səmimi siyasi dialoqların nəticəsi olan  Türkmənistan-Azərbaycan əməkdaşlığının  böyük potensial imkanlardan istifadə etməklə  gücləndirilməsi yeni ideyaların və təşəbbüslərin  icrasını stimullaşdırır, strateji istiqamət olan  enerji  tərəfdaşlığında  yeni mərhələnin təməli qoyulur. Bunun üçün zəruri olan  siyasi iradə,  texnoloji təchizatın təminatının yüksək səviyyəsi, yüksək ixtisaslı kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi artıq mövcuddur.  Xəzəryanı ölkələrin əməkdaşlığının dinamik, qarşılıqlı anlaşma və  dəstək ruhunda inkişaf etdiyini, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın  imzalandığını xatırladan Prezident İlham Əliyevin  vurğuladğı kimi  Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən, inamla irəliləyən, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsindəki   mühüm məsələləri uğurla  həll edən, investisiyalar üçün açıq ölkələrdir.  «Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik. Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi bu sənəd bölgəyə rifah, sabitlik, xoş güzəran gətirəcək. 2021-ci ildə  Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması sahilyanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinə layiqli töhfədir.

Xuraman İsmayılqızı, «İki sahil»