04 iyun 2026 08:27
139

Yaxşı müəllim həm bilgi daşıyıcısı, həm də düşüncə oyadıcısı olmalıdır... MÜSAHİBƏ

Yəni,  bu gün biz yalnız tarixi hadisələri öyrətmir, həm də şagirdlərə tarixi düşünmə mədəniyyəti qazandırırıq

Təhsil bir millətin yaddaşı, müəllim isə o yaddaşı nəsildən-nəsilə daşıyan ən etibarlı körpüdür. Hər bir cəmiyyətin gələcəyi məhz sinif otaqlarında, müəllimin sözü, yanaşması və fədakarlığı ilə formalaşır. Bu baxımdan pedaqoji fəaliyyət yalnız peşə deyil, həm də böyük bir mənəvi missiya, ictimai məsuliyyət və milli xidmət kimi dəyərləndirilir.

Müəllimlik insan həyatında yalnız bir peşə deyil, həm də bir xalqın gələcəyini formalaşdıran, milli şüuru və mənəvi dəyərləri yaşadan ən ali missiyalardan biridir. Cəmiyyətin intellektual inkişafı, gənc nəslin düşüncə tərzi və dünyagörüşü məhz müəllimin verdiyi bilik, yaratdığı mühit və aşıladığı dəyərlər üzərində formalaşır. Buna görə də müəllimlik həm böyük məsuliyyət, həm də dərin mənəvi zənginlik tələb edən bir həyat yoludur.

Bu ali missiyanı şərəflə daşıyan pedaqoqlardan biri də Məmmədova Güntəkin Sabir qızıdır. O, hazırda Bakı şəhərində yerləşən, akademik Azad Mirzəcanzadənin adını daşıyan 147 nömrəli Texniki-Humanitar Fənlər Liseyində tarix müəllimi kimi fəaliyyət göstərir. Onun peşəkar formalaşmasında aldığı fundamental ali təhsil mühüm rol oynamışdır — Bakı Dövlət Universitetində (o dövrdə Azərbaycan Dövlət Universiteti) tarix fakültəsində qazandığı biliklər, daha sonra isə ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən təhsil layihəsi çərçivəsində M.V. Lomonosov adına Moskva Dövlət Universitetində aldığı beynəlxalq təhsil təcrübəsi onun elmi dünyagörüşünü daha da genişləndirmiş, pedaqoji fəaliyyətinə dərinlik və zənginlik qazandırmışdır.

Onun pedaqoji fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, o, “Qabaqcıl təhsil işçisi” döş nişanı, “Tərəqqi” medalı ilə təltif olunmuş, “İlin müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Bu təltiflər onun uzun illər ərzində göstərdiyi fədakar əməyin və yüksək peşəkarlığın göstəricisidir.

Bu müsahibədə Güntəkin müəllimənin həyat və yaradıcılıq yolu, tarix fənninin tədrisinə yanaşması, gənc nəslin formalaşmasında müəllimin rolu və pedaqoji dəyərlərə baxışı təqdim olunur.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Tarix müəllimi olmağa aparan yolunuz necə başlayıb?

-Məmmədova Güntəkin Sabir qızı 1983-cü ildə Ağdam şəhəri 2 №li orta məktəbi bitirmişəm. Həmin ildə də, Bakı Dövlət Universitetinin(o zamankı Azərbaycan Dövlət Universitetinin) tarix fakültəsinə qəbul olunmusam. 3-cü kursu bitirdikdən sonra ulu Öndərimiz H.Əliyevin Azərbaycanlı gənclərin Azərbaycandan kənarda təhsil alması ilə bağlı çox mühüm layihəsinə görə M.V. Lomonosov adına Moskva dövlət Universitetinə göndərilmisəm.Təhsilimi başa vurduqdan sonra təyinatla Bakı Slavyan Universitetinin tarix kafedrasında  işləməyə başlamışam. 1999-cu ildən əsası akademik Azad Mirzəcanzadə tərəfindən qoyulan 147 Nömrəli THFL-nin tarix müəllimiyəm.

-Niyə məhz tarix fənnini və müəllimlik peşəsini seçdiniz?

-Böyük Vətən müharibəsi başlayanda atamın on yaşı olub, təhsilini davam etdirə bilməyib, babam cəbhəyə yollandığı üçün atam bacı – qardaşlarının böyüməsində nənəmə kömək edib. Təhsil ala bilməməyinə baxmayaraq mütaliəni çox sevirdi, xüsusilə tarixi əsərləri. Evimizdə zəngin kitabxanamız var idi. O, zaman hətta Ağdam ziyalıların çoxu atamdan oxumaq üçün kitabları alıb sonra qaytarırdılar. Yəqin ki,tarixə maraq atamdan keçib.

-Sizcə, tarix fənni gənc nəslin dünyagörüşünün və vətəndaş mövqeyinin formalaşmasında hansı rolu oynayır?

-Gənc nəslin dünyagörüşünün və vətəndaş mövqeyinin formalasmasında tarix fənninin rolu böyükdür. Biz bunun əyani sübutunu 44 günlük Vətən müharibəmiz dövründə daha aydın hiss etdik. Vətənin azadlığı uğrunda mübarizəyə qoşulan gənclərimizi məhz Azərbaycan müəllimi, Azərbaycan məktəbi yetişdirmişdir. O, gənclərin çoxu Qarabağı görməmişdi, lakin Qarabağ uğrunda canlarını fəda etdilər. Məşhur alman kansleri Otto Bismark Fransa ilə qalibiyyətli müharibədən sonra yazırdı: “ Alman müəllimi fransız müəlliminə qalib gəldi.”

-Tarixi hadisələri şagirdlər üçün canlı və maraqlı etmək məqsədilə hansı metodlardan istifadə edirsiniz?

-Dərslərin maraqlı və canlı olması üçün debatlar, rollu oyunlar, ekskursiyalar və vizual sənədlərdən istifadə etmək olar.

-İnformasiya bolluğu və sosial şəbəkələrin təsiri dövründə tarix müəlliminin əsas missiyası nədən ibarətdir?

-Əsas məqsədimiz şagirdlərdə tənqidi təfəkkür formalaşdırmaqdır ki, həqiqi faktları miflərdən ayırmağı öyrənsinlər, keçmişi bugünlə əlaqələndirib dərs çıxarsınlar, mədəni kimliyimizi, yaddaşımızı unutmasınlar, dəyərlərimizi ötürməyi bacarsınlar. Yəni,  bu gün biz yalnız tarixi hadisələri öyrətmir, həm də şagirdlərə tarixi düşünmə mədəniyyəti qazandırırıq.

-Tarixin tədrisində faktları əzbərlətmək daha vacibdir, yoxsa hadisələrin səbəb-nəticə əlaqələrini izah etmək?

-Hər ikisi vacibdir. Lakin tarixi öyrənmənin mahiyyəti - səbəb nəticə əlaqələrinin izahı ilə bağlıdır. Bunlar insanı düşünməyə və dərs çıxarmağa imkan verir.

-Sizcə, yaxşı tarix müəllimini fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

-Dərin bilik, tənqidi düşüncə, empatiya və dəyərlər, yaradıcı metodlar. Yaxşı müəllim həm bilgi daşıyıcısı, həm də düşüncə oyadıcısı olmalıdır.

- Müəllimlik peşəsinin ən çətin və ən dəyərli tərəfləri hansılardır?

-Çətinlik ondadır ki, informasiya bolluğu ilə üz – üzəyik, müxtəlif xarakterli şagirdlərlə işləmək səbr, dözüm tələb edir, məsuliyyət yükü ağırdır, hər bir şagirdin taleyinə, dünyagörüşünə təsir edirik. Dəyərli tərəfi odur ki, cəmiyyətin sabahını formalaşdırırıq, şagirdlərin həyatında iz qoyuruq, şagirdlərimiz tərəfindən illər sonra belə minnətdarlıqla xatırlanırıq. Deməli, müəllimlik həm ağır məsuliyyət, həm də ən böyük mənəvi mükafat deməkdir.

-Sizcə, tarixi bilməyən cəmiyyət hansı risklərlə üzləşə bilər?

-Tarixsiz cəmiyyət öz milli yaddaşın, mədəni köklərini və mənəvi dayaqlarını itirir. Tarixi bilməyən nəsil yanlış qərarlar verə bilir, incəsənət, ədəbiyyat, dini və fəlsəfi irs unudulur, nəticədə mənəvi boşluq yaranır. Ən təhlükəli risk isə, kimlik itkisidir. Tarix cəmiyyətin gələcəyi üçün kompasdır. Deməli tarixi öyrənmək, özünü tanımaq və gələcəyi qorumaqdır.

 -Tarixdən dərs çıxarmaq ifadəsi tez-tez işlədilir. Sizcə, bəşəriyyət tarixdən lazımi nəticələri çıxara bilirmi?

-Məncə bəşəriyyət tarixdən lazımı nəticələr çıxara bilmir. İnsanlıq eyni səhvləri yenidən edir. Lakin tarix bir güzgü rolunu oynamalıdır. O, güzgüyə baxıb nəticə çıxarmalıyıq.

-Uzun illər ərzində qazandığınız nailiyyətlər və yetirmələrinizin uğurları müəllim kimi fəaliyyətinizə necə təsir edib?

-Hazırda Respublikamızda və Respublikamızdan kənarda çoxsaylı yetişdirmələrimin çoxu nüfuzlu yerlərdə Azərbaycanı yüksək səviyyədə təmsil edirlər. Amerikada, Yaponiyada, Almaniyada, Çində yaşayıb – yaradan, fəaliyyət göstərən şagirdlərimlə bu gün də, əlaqə saxlayıram, onlarla fəxr edirəm. Bu yaxınlarda 20 il bundan əvvəl liseyimizi bitirən məzunlarla görüşə dəvət olunmuşdum. Hal – hazırda Respublikamızın çox mötəbər ali təhsil ocaqlarından birində prorektor işləyən bir qızımızın bir cümləsi çox yadımda qalıb. O dedi ki, “Güntəkin müəllimə bizə qarşı həmişə ədalətli mövqeyi ilə xatirəmizdə qalıb.” Sözün düzü çox xoşuma gəldi belə xatırlanmağım...

-Hansı müəlliminizin və ya tarixi şəxsiyyətin fikirləri bu gün də sizin üçün yolgöstəricidir?

-Albert Eynşteyn yazırdı: “Müəllim şagirdin zehnini dolduran deyil, onu düşünməyə vadar edəndir.

-Tarix müəllimi olaraq Azərbaycan tarixinin hansı dövrünün daha dərindən öyrənilməsinə ehtiyac olduğunu düşünürsünüz?

-Mənə elə gəlir ki, Azərbaycan Xalq Cümhuriyyəti – xüsusən də, mühacirət tarixi –nin öyrənillməsinə ehtiyac var. 2018-ci ildə respublikamızda AXC-nin 100 illiyi təmtəraqla keçirildi. O zaman mən Yaponiyada Qafqazla bağlı bir elmi konfransda iştirak edirdim. Yapon elm adamlarına belə bir sual verdim ki, biz Yaponiya tarixini məktəblərimizdə yüksək səviyyədə keçirik. Bəs, Yaponiyada AXC haqqında hər hansı bir məlumat varmı ? Cavabları məni yaxşı mənada təəccübləndirdi. Məlum oldu ki, M.Ə.Rəsulzadə ilə baglı hətta bir neçə əsərdə yazılıb. Deməli, yapon dili bilən tarixcilərə ehtiyacımız var. Təbii ki, çox maraqlı araşdırmalar tarix elmimizə  çox böyük tövfələr verə bilər.

-Qarabağın işğaldan azad olunması və son illərin tarixi hadisələrinin tədrisi şagirdlərdə hansı təsiri yaradır?

-Mən özüm köklü Qarabağlıyam. Babam Şuşalı (Qalalı) olub, nənəm isə Ağdamın Abdal-Güllablı kəndindən. Torpaqlarımız azad olunandan sonra 4 dəfə Qarabağı ziyarət etmişəm. Vətən müharibəsinə qədər şagirlərimin bəzi sualları qarşısında aciz qalırdım, cavab verməyə çətinlik çəkirdim. Lakin qalibiyyətli muharibəmizdən sonra bu tarixi qürurla, fəxarətlə öyrədirəm. Şagirlərim də, qalib xalqın övladları olduqları üçün fəxr edirlər.

-Gələcəklə bağlı peşəkar hədəfləriniz və planlarınız nələrdir?

-Bu gün Ağdam azaddır. Mən Ağdam işğal olunandan çox qabaq Bakıda yaşayıram, bacı-qardaşlarımdan fərqli olaraq köçkün deyiləm. Son günlər Ağdama böyük qayıdış başlayıb. Yaxınlarım da, köçməyə hazırlaşır.  Məni də, doğma şəhərim özünə çəkir. Düşünürəm ki, Ağdam təhsilinin inkişafı üçün nələrisə etmək olar. Gələcək planlarımda və hədəflərimdə bu mövzu çox aktualdır.