30 avqust 2017 14:49
1592

İqtisadiyyat dayanıqlı inkişaf edir, neftdən asılılıq azalır

2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tətbiqi sayəsində simasını dəyişən bölgələrimiz müasirləşməklə ölkə iqtisadiyyatının güclənməsində də  önəmli rol oynayır. Dünyada hələ də davam edən iqtisadi və maliyyə böhranından daha az itki ilə çıxmağı şərtləndirən islahatların tətbiqi ilə yeni sənaye, emal müəssisələri,  minlərlə iş yeri yaradılır, iqtisadi zonalar təşkil olunur, rayonlar üzrə ixtisaslaşma prosesi müsbət nəticələrini göstərir. Qazanılan uğurlar ilk növbədə valyuta ehtiyatlarını artırır ki, bu da maliyyə imkanlarını, ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirən amildir. Bu dinamika beynəlxalq təşkilatların hesabatlarında da nümunə kimi qeyd olunur. Azərbaycanla bağlı müsbət rəyini bildirən Ümumdünya Davos İqtisadi Forumunun hesabatında ölkələrin rəqabətqabiliyyətliliyinə görə respublikamız üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşır. 80-ə yaxın inkişaf edən ölkənin cəmləşdiyi siyahıda sürət tempinə görə  Azərbaycanın ilk onluqda yer alması beynəlxalq təşkilatların respublikamıza verdiyi qiymətdir. Xüsusilə bölgələrdə aparılan işlərin uğurla nəticələnməsi, qeyri-neft sektorunda sürət dinamikasının saxlanılması dəyərləndirilir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, bölgələrin iqliminə, aqrar sahənin inkişafına göstərilən diqqət və qayğının, yol, nəqliyyat infrastrukturunun təbii şəraitə uyğun tətbiqinin, insanları narahat edən sosial məsələlərin düşünülmüş həllinin nəticəsidir ki, nəzərdə tutulan vəzifələr vaxtında yerinə yetirilir. “Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq” söyləməklə regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımları, infrastruktur layihələri dinamik inkişaf, biznes mühitinin yaxşılaşdırılması üçün əhəmiyyətli hesab edən Prezident İlham Əliyevin bölgələrə davamlı səfəri zamanı müşahidə olunan inkişaf konseptual proqramların məntiqi nəticəsidir.

Regionlarda yaşayan əhalinin əksəriyyəti fermer təsərrüfatlarında çalışır. Bu yaxınlarda Qax, Balakən, Zaqatala, Gədəbəy, Şəmkir və digər rayonlarda olan cənab İlham Əliyev aqrar sahənin inkişafının göstəricisi olan emal müəssisələrinin açılmasını, Azərbaycanı dünya bazarlarında təmsil edəcək məhsulların ixracı prosesinin sürətləndirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirərək yüz min hektarlarla torpağın əkinə yararlı hala salınmasını təmin edəcək meliorativ tədbirləri aparılan islahatların uğurları kimi dəyərləndirdi. Dövlət başçısı, həmçinin Taxtaköprü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarlarının istifadəyə verilməsi ilə əkinə yararlı torpaqlardan istifadə imkanlarının artırılmasını əhalinin ərzaq təhlükəsizliyinin təminatı baxımından vacib amil adlandırdı.

Vurğulandı ki,  iqtisadiyyatın möhkəmlənməsində əsas amil olan  elektrik stansiyalarının sayının artırılması da regionların inkişafına təsir göstərir. “Bu gün bizim 35 elektrik stansiyamız varsa, onların 26-sı proqram icra edilərkən tikilmişdir. O vaxt Azərbaycanda qazlaşdırma 51 faiz səviyyəsində idi. Bölgələrdə isə, demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizə qalxıbdır” söyləyən Prezident İlham Əliyev bölgələrin inkişafı üçün başlıca məsələ olan yol nəqliyyat infrastrukturuna artan diqqəti də əhəmiyyətli hesab edir: “Biz yol çəkilişi ilə çox ciddi məşğuluq. Bu il şərti olaraq adlandırılan “40 yol layihəsi”, - əslində bu, 200-dən çox kəndi əhatə edir, - o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Bu, nəinki insanlara rahatlıq gətirir, eyni zamanda, fermerlərin, kəndlilərin öz məhsullarını bazarlara çıxarmaları üçün şərait yaradır. Ona görə, mən göstəriş vermişəm ki, gələn ildən bu sahəyə çox böyük vəsait ayrılsın, o cümlədən yaşayış məntəqələrinin sayına, orada yaşayan əhaliyə və əkin sahələrinə yaxınlığına görə prioritetlər müəyyən edilsin. Yol çəkilişi kənd təsərrüfatının inkişafında da öz rolunu oynamalıdır.”

Regionların inkişafı naminə daim diqqət göstərilən sahələrdən biri də kəndlərarası yolların təmiri və çəkilişidir. Ötən illərdə insanlara rahatlıq verən, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amil sayılan magistral və kənd yolları da daxil olmaqla  11 min kilometr avtomobil yolu çəkilmişdir. Rayonlarda ehtiyac duyulan ərazilərə yol çəkilişi ilə bağlı sərəncamlar imzalayan cənab İlham Əliyev sosial və infrastruktur layihələrinin davamlı və vaxtında icra olunacağını əminliklə bildirir. Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux və istifadəyə verilən digər avtomobil yolları uzaq məsafələri yaxınlaşdırır. Bu layihələr ölkəmizin inkişafı, gələcəyimiz üçün zəruri olmaqla bundan sonra da onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Əsas hədəf isə qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaqdır.

Son illərdə aparılan islahatlar nəticəsində Azərbaycanda güclü və fəal milli biznes sinfi formalaşmışdır. Sahibkarlarla görüşlərində mövcud problemlərlə maraqlanan cənab İlham Əliyev iş adamlarına göstərilən maddi-mənəvi dəstəyin artırılması istiqamətində önəmli sərəncamlar imzalamış, imtiyazlı kreditlərin, subsidiyaların ayrılmasında yol verilən nöqsanların aradan qaldırılmasını tələb etmişdir. “Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir işi görmək mümkün deyil. Bir də ki, heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, - bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb” söyləyən dövlət başçımızın qeyri-neft sektoruna göstərdiyi diqqətin nəticəsidir ki, son illərdə sahibkarlara təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilmişdir. Artıq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan güzəştli kreditlər əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına ödənilir. İl ərzində sahibkarlara 200, bəzi hallarda 250 milyon manat vəsaitin ayrılması iş adamlarının biznes imkanlarını artırmaqla iş yerlərinin açılmasında da əhəmiyyətli rol oynayır.

Onu da xatırladaq ki, inkişafın Azərbaycan modelinə heç bir ölkədə alternativ yoxdur. Ona görə də infrastruktur layihələrini tətbiq etməklə biznes mühitinin yaxşılaşdırılmasına göstərilən diqqət sayəsində  sosial infrastrukturun yaradılması vahid proqram çərçivəsində uğurla icra edilir.

Bütün bunların sayəsində sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişaf nəzərə çarpır. Cari ilin ilk yarısında qeyri-neft iqtisadiyyatı  1,7, qeyri-neft sənayesi 4,4 faiz yüksəlib, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. 101 mini daimi olmaqla 122 min iş yeri açılıb, ixracda 36, qeyri-neft ixracında isə 27 faiz artım  müşahidə olunub. Şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı sayəsində iqtisadiyyat dayanıqlı inkişaf edir və neft amilindən asılılıq azalır.

Regionların sosial-iqtisadi  inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrası əhali arasında məşğulluğun səviyyəsini də artırır. Yerlərdə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, beynəlxalq səviyyədə tanınan rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsal edən müəssisələrin müasirləşməsinə imkan yaradır. Qarşıdakı hədəflər isə daha mükəmməl və əhatəlidir. Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən, konseptual əhəmiyyətli “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” sənəddə 2016-2020-ci illəri əhatə edən strateji yol xəritələri, həmin dövr üçün tədbirlər planı, 2025-ci ilədək hədəflər, perspektivlər əksini tapır. İqtisadi islahatlar paketi çərçivəsində biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının təqribən 330-dan 87-yə endirilməsi ilə bağlı qərarların hər biri özlüyündə ölkə iqtisadiyyatının inkişafına təsir göstərə biləcək qədər zəruri və əhəmiyyətlidir.

Xuraman İsmayılqızı, “İki sahil”