22 iyun 2017 23:54
667

Su içməyi unutmayın!

Su içməyin olduqca faydalı olduğu barədə eşitmişik. Su içmək niyə bu qədər önəmlidir? Suyu necə içmək lazımdır? Daha çox su içmək üçün nə etməliyik? Bu kimi suallara aşağıda cavab tapa bilərsiniz.

Yetkin yaşlı sağlam kişilərdə bədən çəkisinin 60 %-ni, qadınlarda 50 %-ni su təşkil edir. İnsan beyninin 95 %-i, ağciyərlərin isə 90 %-i sudan ibarətdir. Ümumiyyətlə, orqanizmin heç bir orqanı su olmadan öz funksiyasını yerinə yetirə bilməz. Orqanizmdə suyun miqdarının cəmi 2 % azalması belə insanlarda hissolunacaq dəyişikliklərə, yaddaşın zəifləməsinə, diqqət əksikliyinə, yorğunluğa səbəb ola bilir. Adətən, günboyu insanlarda müşahidə edilən yorğunluğun, halsızlığın əsas səbəbi elə dehidrasiya olur.

“Su həyat mənbəyidir” kəlməsi əbəs yerə deyilməyib. İnsan vücudunda daşıma vəzifəsini yerinə yetirən su hüceyrələrə oksigen daşıyır, böyrəkləri toksik maddələrdən təmizləyir, bədən hərarətinin normal qalmasında əsas rolu oynayır, maddələr mübadiləsini nizamlayır, immunitet sisteminin öz vəzifəsini yerinə yetirməsində önəmlidir. Kalsium, maqnezium, yod və digər mineral maddələri içdiyimiz sudan əldə edə bilirik. Bundan əlavə, doğru zamanda və qədərdə içilən su bədəndə lazımsız yağların yığılmasının qarşısını alır və artıq çəkidən xilas edir.

Suyu necə və nə zaman içməli İlk növbədə suyu içərkən, hər udumunu sizə təravət, enerji gətirəcəyi fikri ilə udun.

Yeməkarası fasilələrdə, hər 30 dəqiqədən bir su için.

Heç vaxt yeməkdən dərhal sonra su içməyin. Bu, maddələr mübadiləsinə mane olur. Yeməklə dərhal qarışmış su çox pis həzm olunur.

Səhər acqarına nisbətən isti su içmək bütün bağırsaqları təmizləyir.

Hər zaman qaynanmış su içirsinizsə, onu oksigenlə zənginləşdirmək üçün stəkandan stəkana boşaltmaq və sonra içmək məsləhətdir.

Çaydanda qalmış suyu ikinci dəfə qaynatmaq olmaz.

Çay, su, qəhvə, qazlı içkilər heç biri suyu əvəz edə bilməz. Çünki suyun kalorisi və turşuluğu yoxdur.

Su içmək üçün susamağınızı gözləməyin. Su içməyi özünüz üçün faydalı bir vərdişə çevirməyə çalışın.

Nubar Süleymanova, “İki sahil”