KÖŞƏ

Zahid Rza

Siyasi-mənəvi əxlaqsızlıq və deqradasiya

01 may 2018 00:58
4309

Siyasi-mənəvi əxlaqsızlıq və deqradasiya: Antiazərbaycan şəbəkənin ölkəmizə qarşı “qara piar” kampaniyası iflasa məhkumdur

 Seçkilərdən seçkilərə “fəallaşaraq” şər-böhtan və xəyanət yuvası olan qərargahlarından boy verən, erməni lobbisinin təsiri altında olan xarici təşkilatların və maliyyə qruplarının ən yağlı müştərilərindən olan dağıdıcı  müxalifətin lakeyləri ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində antimilli fəaliyyətlərini daha da genişləndirsələr də heç nəyə nail ola bilmədilər. “Demokrat” maskasına bürünmüş bu marginallar  ətraflarına özləri ağılda olan beş-üç nəfəri, siyasi cəhətdən yetkinləşməmiş, müxtəlif vədlərlə aldadılmış gəncləri, ayrı-ayrı məkrli dairələrin toruna düşmüş səbatsız insanları, bəzi qohum-əqrəbalarını yığaraq yeni 2013-cü ilin prezident seçkiləri ərəfəsində xaricdəki antiazərbaycan qüvvələrin təlimatı və xeyir-duası ilə araya-ərsəyə gətirilən “Milli Şura”nın şou-mitinqləri  ilə gündəmdə qalmağa cəhd etsələr də, növbəti  hər dəfə fiaskoya uğradılar.

Seçkilər ərəfəsində onlarla bərabər, ermənipərəst dairələrin arxa bağçalarında hazırlanan ssenarilər əsasında Avropanın müxtəlif ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşaraq özlərini azərbaycanlı adlandıran bəzi üzdəniraqlar Vətənimizə, dövlətimizə, onun simvollarına qarşı çirkin, əxlaqsız “söyüş kampaniyası” başladaraq antiazərbaycan dairlərin dəyirmanına daha çox su tökmək üçün yarışa girdilər. Lakin onların bu əməlləri cəmiyyətimiz tərəfindən qəzəblə qarşılandığından fiaskoya uğradı. Özləri isə rüsvayçı şəkildə meydanı tərk etdilər.

Seçki ilində, eləcə də ölkədə mühüm əhəmiyyətli beynəlxalq tədbirlər keçiriləndə  şəxsi ambisiyalarının girovuna çevrilmiş bu siyasi ambisioz qrupun hərəkət trayektoriyasında müşahidə olunan pozucu təkrarçılıq, identlik artıq sağalmaz mərəzə çevrilib.  Bunu iddia etməyə kifayət qədər dəlillər var.

Ermənipərəst qüvvələrin boyunduruğunu  xirtdəyinə keçirərək onların cızdığı xəttin ətrafında dövrə vuran belə marginallar Bakıda “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, daha sonra I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları  keçiriləndə də ermənipərəsət dairələrlə səs-səsə verərək həyasızcasına Azərbaycan əleyhinə təbliğat aparırdılar. Ermənilərlə sinxron fəaliyyətdə olan antimilli ünsürlər  o zaman bir qrup QHT nümayəndələrini və muzdlu yazarları “səfərbər” edərək “Demokratiya naminə oxu” adlı iyrənc kampaniya keçirdilər. 

Ermənipərəstlərin qrant pulları ilə “yağ içində  böyrək kimi bəslənən” bu antimilli ünsürlər öz fəalliyyətlərini antiazərbaycan dairələrlə koordinasiyalaşdırırdılar. Bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla  bağlı qəbul edilən qərəzli, qeyri-obyektiv, ədalətsiz hesabat bunu bir daha təsdiq edir.

Əslində  belə “hesabatlar”, Qərbdə bəzi dairələrin Azərbaycana qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil. Birmənalı olaraq demək lazımdır ki, Avropada “demokratiyanın dayaqları” kimi tanınan bir sıra təşkilatların “ikili standartlar”ı bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə ağır zərbələr vurur.

Biz dəfələrlə bunun şahidi olmuşuq. Hələ 2014-cü ilin oktyabr ayında Gürcüstanın Batumi şəhərində Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan ölkələrin Vətəndaş Cəmiyyəti Forumunda baş verən hadisələri xatırlatmaq lap yerinə düşər. O zaman  Çexiyada fəaliyyət göstərən, işğalçı Ermənistanla, onun cinayətkar rəhbərliyi ilə qaranlıq əlaqələri üzə çıxarılaraq ifşa olunmuş “People in Need”  təşkilatının Forumda törətdiyi təxribat çox haqlı olaraq Gürcüstan və  Azərbaycanda kəskin etirazlara səbəb oldu.  Həmin günlərdə bu məsələyə münasibət bildirən tanınmış ekspertlər, diplomatlar qeyd etdilər ki,  Çexiyada “People in need” adlı QHT çoxdan antiazərbaycan və erməniyönümlü fəaliyyəti ilə tanınır. Bundan bir az əvvəl isə təşkilatın yaradıcılarından olan Yeromir Ştetsina  Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər etmişdi.

 Bir müddət əvvəl beynəlxalq hüquq səviyyəsində ikili standartların mövcud olduğunu Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində Fransa Senatının Beynəlxalq işlər komissiyasının üzvü Natali Qule söyləmişdi. Xanım Qule bildirmişdi ki, onların qısqanc cəmiyyətləri öz prizmasından fikir bildirmək xaricində başqa tədbir görmək gücündə deyil: “Əgər hansısa təmənnasız akt varsa, onda qarşılığında kompensasiya gözləyirlər. Azərbaycan təbii ki, demokratiya sahəsində bir çox nailiyyətlər əldə edib” deyən Xanım Qule bu məslələlərdə o zaman  qərbliləri ittiham edərək “niyə onlar hesab edirlər ki, izah olmadan, heç bir arqument göstərilmədən tənqid edə bilərlər” sualı ilə əslində onların əsl simalarını- irrasionilizmini və siyasi-mənəvi əxlaqsızlığını, deqradasiyasını öz kəskin məntiqi ilə ifşa etmişdi.

Nədənsə “Freedom House”, “Human Rights Watch” “Amnesty International”, “People in Need”   kimi beynəlxalq  təşkilatlar bir neçə il bundan əvvəl Ermənistanda parlament gülləbaran edildikdə də, Yerevanda mitinqə çıxan insanlara atəş açıldıqda, bu günlərdə Serj Sarkisyanın baş nazir postunu saxta seçkilərlə zəbt etməsinə qarşı etiraz edən dinc nümayişçilərə qarşı törədilən polis zorakılıqlarına  göz yumdular. Nümayişçilər həbs edildikdə, necə deyərlər, ağızlarına su alıb susdular. 

 Şübhəsiz, cəmiyyətimiz bəzi beynəlxalq qurumların ölkəmizə qarşı  mənəviyyatsız ikili standartlarla müşayiət olunan ikiüzlü siyasətinin mahiyyətini yaxşı dərk etdiyindən  onu birmənalı olaraq rədd edir, dövlətimizin başçısının qüdrətli Azərbaycan naminə həyaya keçirdiyi məqsədyönlü siyasətini dəstəkləyir.

Zahid Rza, “İki sahil”