KÖŞƏ

Zahid Rza

Qərbin siyasi avantürası, ikiüzlülüyü dünyada separatizmin tüğyan etməsinə rəvac verib

03 oktyabr 2017 23:58
3056

“İdrakdan məhrum güc öz-özünü məhv edər”

(“Roma hüququ”ndan)

Dünyanı yönləndirməyə çalışan güc mərkəzlərinin, Qərbin böyük dövlətlərinin etnik separatizmi və terrorçuluğu dəstəkləmələri, ayrı-ayrı etnik qrupların silah, işğal gücünə dövlət qurmaq istəyinə, “özmüqəddəratını təyinetmə hüququ” adı altında bir dövlətin ərazi bütövlüyünə qəsd etmək cəhdlərinə qətiyyətsiz münasibətləri bütün dünyanı  qarşısıalınmaz parçalanma prosesi ilə üz-üzə qoyub. Qərbin dünyanın müxtəlif yerlərində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etnizasızlıq göstərməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz fəsadlarını verir. Bu gün İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması məhz ikli standartlar siyasətinin Qərbin  özünə qarşı çevrilməsinin açıq təzahürüdür. Avropa Parlamentinin hazırkı sədri  Antonio Tayani Kataloniyada müstəqilliklə bağlı referendumu qanunsuz adalndırsa da, yaranmış böhranın Kataloniyanın separatçı hakimiyyəti və İspaniyanın mərkəzi hakimiyyəti arasında həll edilməli olduğunu deyir. Avropa Parlamentinin sədr müavini, Avstriya “Yaşıllar Partiyası”nın sədri Ulrike Lunaçek isə Kataloniyanın müstəqillik təşəbbüslərinə dəstək ifadə edən bəyanatla çıxış edir.  

Baş verənlərin fonunda görünən budur ki, Qərbin bəzi dairələri Kataloniya hadisələrindən  də nəticə çıxarmırlar. Sanki onlar separatizmin Avropada daha geniş vüsət almasında və Avropa İttifaqında dezinteqrasiya meyillərinin güclənməsində, qurumun  dağılmasında maraqlıdırlar. Belə qətiyyətsiz, çox zaman separatçılara haqq qazandıran münasibətin nəticəsi olaraq Şotlandiyanın Böyük Britaniyadan ayırılması, Belçikanın linqvistik prinsiplə  Valloniya və Flarandiyaya bölünməsini bəzi ekspertlər artıq zaman məsələsi hesab edirlər. Elə İspaniyanın Valensiya, Qalisiya və Bask vilayətlərində, Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində də separatizm meyilləri kifayət qədər yüksəkdir.

Bu gün məsələlər elə qarışıb, iş o yerə çatıb ki, Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominat etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində də separatizm meyilləri müşahidə olunur. Yalnız Avropada deyil, ABŞ-ın ispandilli və qaradərili əhalinin çoxluq təşkil etdiyi ştatlarında, eləcə də tarixən Konfederasiyaya daxil olmuş cənub ştatlarında separatizmin qarşısını hələ ki yalnız  güclü ordu və xüsusi xidmətə malik federal hakimiyyət ala bilir.

Bütün bu baş verənlər onu göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır. Dünya birliyi, xüsusən Qərb ölkələri ikili standartlar siyasətinə son qoymalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır. Məsələ burasındadır ki,  münaqişənin həll edilməsi üçün vasitəçilik missiyasını öz üzərlərinə götürən dövlətlər sözdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etsələr də, reallıqda təcavüzkar,  regional, beynəlxalq sülhə və təhlükəsizliyə real təhlükə yaradan Ermənistana qarşı hərbi və qeyri-hərbi sanksiyalar tətbiq etmir, onu durdurmaq üçün heç bir addım atmırlar. Əksinə, ədalətsiz, qeyri-obyektiv, bir az da irəli getsək, ikiüzlü mövqe nümayiş etdirərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü  çərçivəsində nizamlanmasını təmin etmək əvəzinə öz qaranlıq məqsədləri, geosiyasi maraqları naminə diplomatik manevrlər edərək proseslərin quyruğunda sürünməyə üstünlük verirlər. Bütün bunlar regionda daha qorxunc proseslərin başlanmasına rəvac verə bilər.

Bu bur həqiqətdir ki, hazırda bütün dünyanı, təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir. Əks-halda “güclüyəm haqlıyam” prinsipi ilə hərəkət edərək separatizmi şirnikləndirənlər, ona ideoloji-siyasi dəstək verənlər, ikiüzlü mövqe, ikili standartlar sərgiləyənlər, irrasional, qeyri-sağlam düşüncə və məntiqlə hərəkət edənlər öz məkrli əməlləri ilə dünyadakı sabitliyi, beynəlxalq münasibətlər sistemini ciddi şəkildə zədələyəcək və bundan da ən çox özləri zərər çəkəcəklər. Ona görə də biriləri hər şeyi “dərk edə-edə” heç nə dərk etməyən bu  idraksızlara “Roma hüququ”ndakı bu müddəanı xatırlatsalar çox yaxşı olar: “Vic consilii expers mole ruit sua”- İdrakdan məhrum güc özü-özünü məhv edər.