KÖŞƏ

Zahid Rza

Milli mənliyi, ruhu qısırlaşmış antimilli ünsürlərin “Məhsul”da növbəti fiaskosu

25 sentyabr 2017 23:14
3855

Sentyabrın 23-də “Məhsul” stadionunda özlərini  “demokratik qüvvələrin Milli şurası” adlandıran qüvvələrin 1500 nəfərin iştirakı ilə növbəti mitinq-şousu keçirildi. O gün erməni lobbisi tərəfindən maliyyələşdirilən, antiazərbaycan qüvvələrin əlaltısı olan AXCP sədri Əli Kərimlinin və onun marionetkası olan “Milli Şura”nın sədri Cəmil Həsənlinin əsl antimilli sifəti yenidən ortaya çıxdı.

Milli maraqları, dövlət, xalq təəssübkeşliyini vəzifə, kreslo hərisliyinə, Azərbaycan əleyhdarlarının bəşəriyyətin bəlalarına çevrilən “ağ ölüm”dən, silah alverindən qazandıqları, qan qoxuyan, çirkli pullarından ayrılan tula payına dəyişən əli kərimlilər, cəmil həsənlilər, gültəkin hacıbəylilər yenə də millət, Vətən, Qarabağ kimi məfhumlardan çox-çox uzaqda dayanaraq dünya erməniliyinin və ermənipərəst dairələrin ocağına odun  daşıyaraq onu görükləməkdən əl çəkmirlər. Milli mənliyi, ruhu qısırlaşmış bu dönük məxluqatlar erməni lobbisinin və onların havadarlarının inhisarında olan mediya orqanlarının, neoimperialist ölkələrin gizli xidmət orqanlarının şübhəli qaynaqlarından maliyyələşən beynəlxalq QHT-lərin ölkəmizə qarşı apardığı “qara piar” kampaniyasına züy tutmaq üçün dəridən-qabıqdan çıxırlar. “Demokrat” maskasına bürünmüş bu marginallar  ətraflarına özləri ağılda olan beş-üç nəfəri, siyasi cəhətdən yetkinləşməmiş, müxtəlif vədlərlə aldadılmış gəncləri, ayrı-ayrı məkrli dairələrin toruna düşürülmüş, ruslar demişkən “verbovka” olunmuş adamları, bəzi qohum-əqrabalarını yığaraq yeni şou-mitinqlə gündəmdə qalmağa cəhd etsələr də, növbəti dəfə fiaskoya uğradılar. 23 sentyabr mitinqində səsləndirilən fikirlər bir daha sübut etdi ki, bu antimilli ünsürlər “demokratiya” anlayışını, onun dəyərini öz əxlaq tərzləri ilə ölçürlər. Belələri başa düşmürlər ki, bəşəri, hüquqi, əxlaqi, dini və s. norma və dəyərləri özündə ehtiva edən liberal-demokratiya, cəmiyyət tərəfindən qəbul edilən hər cür siyasi görüşün bir dam altında uzlaşaraq ümumi mənada xalqın mənfəətləri üçün lazım olan hər cür istiqamətdə gedə bilən bir rəhbərlik siyasəti modelidir. O, siyasi bərabərlik qanununa uyğun olaraq edilən nizamlı seçkilərlə iqtidarın təyin olunduğu bir sistemi ifadə etməkdədir. Demokratiya, həmçinin rəqabətə söykənən seçkilərlə davam etdirilər. Rəqabət isə siyasi fikirlərin azad bir şəkildə var ola bilməsi üçün lazımlıdır. Demokratiya həm də bütün  xalqların qərarıdır. Xalqımız isə bir ovuc antimilli ünsürlərin “dədə ocağına” çevrilən “Məhsul” stadionunda  deyil, ölkəmizdə azad, demokratik şəraitdə keçirilən bütün seçkilərdə AXCP sədri Əli Kərimliyə, “Milli Şura”nın sədri Cəmil Həsənliyə və onların cərgəsində yer tutanlara dəfələrlə “yox” deyib.  “Demokrat” mantiyasına bürünmüş bu antimilli sima(sız)lar “Məhsul” stadionunda ölkəmizin, xalqımızın əleyhinə, erməniliyə xidmət edən şüarlar səsləndirmək yarışına girməklə əslində özlərini bir daha ifşa etdilər. “Məhsul” stadionunun yerləşdiyi Yasamalda əsən şimal küləyi onların şər-böhtanlar üzərində qurulmuş çıxışlarındakı iftiraları, mənəviyyatsızlıqdan doğan iyrənc sözləri bir tüpürcək kimi elə öz sifətlərinə bulaşdırdı.

Şübhəsiz, “Milli Şura”nın sentyabrın 23-də “Məhsul” stadionundakı mitinqi Azərbaycana, xalqımıza, milli dövlətçiliyimizə qarşı antiazərbaycan qüvvələrin, dünya erməniliyinin və onların əlaltılarının apardıqları şər-böhtan, yalan, çirkin dolu, heç bir əxlaqa, mənəviyyata sığmayan kampaniyasının tərkib hissəsi olaraq iflasa uğradı. Onun təşkilatçıları olan Ə.Kərimli, C.Həsənli, G.Hacıbəyli kimilərin özlərini cəmiyyətə  fədakar “demokrat” obrazında təqdim etmək cəhdləri də  bir daha fiaskoya uğradı. Cəmiyyətimiz belələrinin nə yuvanın quşu olduqlarını yaxşı bilir.