KÖŞƏ

Zahid Rza

Antimilli ünsürlərin erməni lobbisi ilə işbirliyinin qaranlıq məqamları

22 sentyabr 2017 22:03
5566

Özlərini cəmiyyətdən təcrid etmiş dağıdıcı müxalifət düşərgəsinin “başbilənlərindən” olan AXCP-nin “lideri” Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli kimi saxta “demokrat”ların erməni lobbisinin təsiri altında olan beynəlxalq təşkilatlardan maliyyələşdiyini ictimaiyyətimiz çoxdan bilir. Cəmiyyətimiz, həmçinin yaxşı bilir ki, bu “ştatnı demokratlar” ermənipərəstlərin beş-üç qəpik puluna şirniklənərək, onların qarşısında quyruq bulayaraq antimilli fəaliyyətlərini böyük canfəşanlıqla davam etdirirlər. Ancaq hələ də sağa-sola hədyanlar yağdırmaqla, öz ölkəsi haqqında şər-böhtan dolu donoslar hazırlayaraq ora-bura şikayət etməklə məşğul olan bu başıpozuq dəstədəkilər anlamırlar ki, onların bu fəaliyyətinin heç bir mənası yoxdur. Artıq ötən əsrin 90-cı illəri deyil ki, bu marginallar  kimisə pafoslu nitqlərlə, ləbbeyk deməklə aldatsınlar.

AXCP sədri Ə.Kərimlinin xəyanətkar əməllərindən hamı yaxşıca xəbərdardır. Öz liderinə xəyanət edən, onun haqqında muzdlu mirzələrinə min cür hədyan və təhqir yazdıran bir adamdan daha nə gözləmək olar? Ə.Kərimli, C.Həsənli kimi siyasətbazlar hər fürsətdə  ölkədəki ictimai-siyasi sabitliyə, əmin-amanlığa zərbə vurmağa çalışıblar. Bir neçə il bundan əvvəl “ərəb inqilabları” zamanı bu üzdəniraqlar təmsil olunduqları antimilli cəbhənin digər nümayəndələri ilə birlikdə boyunlarına narıncı əskilər sarıyaraq meydan sulamağa, aranı qarışdırmağa cəhd etdilər. Lakin cəmiyyətin etirazı ilə qarşılaşdıqlarından geri çəkilərək antiazərbaycan dairələrin növbəti işarəsini gözləsələr də, öz çirkin məqsədlərinə nail ola bilmədilər.

Cəmiyyətimiz dağıdıcı müxalifətin məkrli niyyətini bildiyindən həmişə olduğu kimi 2013-ci ilin prezident seçkilərində ona “yox” dedi. Təbii ki, seçkidəki rüsvayçı məğlubiyyətdən sonra bir müddət yoxa çıxanlar yenidən meydana atıldılar. İnhisarlarında olan mətbuat orqanları vasitəsilə dağıdıcı fəaliyyətlərini davam etdirən bu antimilli mikroblar ölkəmizin əleyhinə təbliğat aparmaqla xaricdəki erməipərəst “ağalarının” könlünü alaraq onların sifarişlərini yerinə yetirmək üçün yeni metodlardan, daha doğrusu, köhnə priyomlardan istifadə etməyə başladılar. Ancaq budəfəki oyunbazlıqları da baş tutmadı. Keçən il müxtəlif vədlərlə aldadıb “Məhsul”a yığdıqları azyaşlı uşaqlar aldadıldıqlarını anlayaraq qısa müddətdə oranı tərk etdilər. Ən dəhşətlisi isə odur ki, bu antimilli parazitlər çıxardıqları siyasi tamaşa zamanı bu gün dünyanı öz qanlı əməlləri ilə lərzəyə salan, dövrümüzün ən qəddar terror qruplaşması olan İŞİD-in bayrağını başları üstünə qaldırdılar. Xəyanətkar, iblisanə əməlləri ilə tanınan Ə.Kərimli və onun qulbeçəsi C.Həsənlinin əsl siması bir daha ortaya çıxdı. Terrorçu qrupun bayrağını öz mitinqlərində dalğalandırmaqla bu üzdəniraqlar bir daha  göstərdilər ki, onların məqsədləri ölkəni qarışdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ermənipərəst dairələrin və ermənilərin sifarişlərini yerinə yetirməkdir.

Dağıdıcıların əvvəllər təşkil etdikləri mitinqvari tədbirləri, orada çıxardıqları hoqqabazlıqlar, səsləndirdikləri şüarlar bir daha sübut etdi ki, sosial bazası və tərəfdarı olmayan bu antimilli ünsürlər yalnız və yalnız antiazərbyacan dairələrin tapşırıqlarını yerinə yetirirlər. “Məhsul” stadionunda mitinq zamanı terrorçu qruplaşmanın bayrağının qaldırılması isə bu marginal və dağıdıcı dəstənin başbilənlərinin təhlükəli və şübhəli əlaqələrinin qaranlıq məqamlarına bir daha diqqət etməyin vacibliyini ortaya qoydu.