KÖŞƏ

Zahid Rza

Sönmüş arzuları alovlandıracaq qəzəb qığılcımları

25 noyabr 2016 00:03
1619

Öz geosiyasi maraqları naminə neoimperializm siyasətlərinə “yeni rənglər” əlavə edən supergüc dövlətlər dünyanın siyasi xəritəsinin yenidən cızılmasını qəddarcasına, xalqların fəlakəti, səfaləti və qanı bahasına həyata keçirirlər. Bu qüvvələr öz məkrli məqsədlərinə nail olmaq üçün  dünyanın ayrı-ayrı regionlarında milli və etnik zəmində münaqişələr alovlandırır, planetin neft və qaz yataqları ilə zəngin olan bölgələrində fitnə-fəsadlar törədir, “demokratiya”, “insan haqları” spekulyası ilə müstəqil dövlətlərin daxili işlərinə qarışaraq onları öz iradələrinə tabe etdirmək siyasəti yürüdürlər.  Öz məkrli niyyətlərini həyata keçirmək üçün maliyyələşdirdikləri “beyin mərkəzlərinin” hazırladıqları strategiyalar əsasında ayrı-ayrı dövlətlərin ərazisində  sonu görünməyən qanlı-qadalı inqilablar edir, insan hüquqları, vətəndaş cəmiyyəti, mətbuat azadlığı kimi anlayışlardan ən əlverişli müdaxilə vasitəsi  kimi istifadə edirlər.

Birqütblü dünyanın idarəçiliyi missiyasını öz üzərinə götürən Qərbin bəzi ölkələrində  bütün bəşəri dəyərlər ayaqlar altına atılır, dini, irqi ayrı-seçkilik, rasizm, antimüsəlman meyillər gündən-günə güclənir. Ksenofobiyanın və dözümsüzlüyün ən iyrənc formalarından olan islamofobiya  bu gün Qərbdə artıq dövlət siyasətinin bir parçasına çevrilib.  Bunun təzahürüdür ki, Qərbdə yaşayan müsəlmanlar iş yerindən başlamış, həyatın müxtəlif sahələrində özlərinə münasibətdə diskriminativ münasibəti hiss edirlər. Bir müddət əvvəl Avropa Monitorinq Mərkəzinin dərc etdiyi “Avropa İttifaqında müsəlmanlar” hesabatında bu nəticəyə gəlinir ki, qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunması və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etməsi qarşısında duran əsas maneə olaraq qalmaqda davam edir.

Elə götürək qondarma “erməni soyqırımı”nı. Xristian təəssübkeşliyi və islamofobiya xəstəliyinə tutulan avropalılar özləri də yaxşı bilirlər ki, qondarma “erməni soyqırımı” tarixin ən böyük yalanı və ermənilərin uydurmasıdır.  O illərə aid arxiv sənədləri və hadisələrin şahidlərinin danışdıqları sübut edir ki, birinci dünya müharibəsi illərində və ondan  əvvəl, hələ XIX əsrin sonlarında ermənilər  kənar qüvvələrin təsiri, gizli olaraq göndərdikləri silahlarla Osmanlı dövlətinə qarşı qiyam və üsyanlar təşkil etmişlər. 1914-cü ildə Qərb dövlətləri tərəfindən məcburən I Dünya savaşına qatılan Osmanlı dövləti dörd cəbhədə yunan, ingilis, fransız işğalçılarına qarşı vuruşarkən erməni komitəçiləri və silahlı quldur dəstələri dinc müsəlman -türk əhalisinə divan tutur, kəndləri sakinləri ilə bərabər  məhv edirdilər. Bu qırğınlar nəticəsində bir milyona yaxın türk-müsəlman əhalisi həlak oldu.

Yaxud iyirmi il müddətində  beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktına zidd şəkildə Azərbaycanın ərazilərini işğal edən Ermənistandan öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını tələb edərdilər. Ermənistanın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin və qaçqın düşmüş bir miyondan çox insanın haqq və hüquqlarının bərpa olunması üçün çalışar, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını tanıyardılar.

Görünən budur ki, Qərb dövlətləri üçüncü minillikdə ulu babalarının yolu ilə gedərək xristian həmrəyliyi nümayiş etdirib türk, islam dünyasına qarşı yeni “səlib yürüşləri” təşkil edərək  Şərq dünyasını cəhənnəm odunda yandırırlar. Ancaq unudurlar ki, fələyin fırtınalı bir küləyi qoca Şərqin sönmüş arzularını yenidən alovlandıracaq. Qəzəb qığılcımları gec-tez Qərbə sıçrayıb onların “dünyasını” qaynar qır qazanına çevirəcək.