KÖŞƏ

Zahid Rza

Deşifrə olunanlar

29 noyabr 2016 14:36
1632

Vahid mərkəzdən idarə olunan antiazərbaycan qüvvələr öz ənənələrinə sadiq qalaraq “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch” kimi üzdəniraq təşkilatları irəli verməklə kifayətlənməyib, köhnə “üslubları”na yeni rəng qataraq keçmiş “cib” diplomatlarını, dağıdıcı müxalifətin tör-töküntülərini də öz üzdəniraq dəstələrinə cəlb ediblər. Zaman-zaman hüquq müdafiəsi adı altında fəaliyyət göstərən müxtəlif xarici təşkilatların bəlli tapşırıqlar icra etdiklərini görmüşük. Buna görə də konkret cinayət əməli törətdiklərinə görə məsuliyyətə cəlb olunmuş, ciddi ictimai qınaq obyektinə çevrilmiş həmin insanları müdafiə etmək məqsədi güdən bəyanatlar, açıqlamalar ilk növbədə, onların və havadarlarının əsl simasını açıq-aşkar ortaya qoyur. Ölkəmizin əleyhinə işləyənlərin hamısını cəmiyyətimiz yaxşı tanıyır. Necə deyərlər, artıq onlar deşifrə olunublar.

Erməni lobbisinin çirkli maliyyəsi ilə bəslənən bu mənfur qüvvələr özlərinin “sınanılmış” təzyiq formalarına “yeniliklər” əlavə edərək son zamanlar Azərbaycana daha çox təzyiq göstərməyə çalışırlar. Özlərinin antiazərbaycan obrazlarını yaratmış “Human Rights Waths”, “Amnesty İnternational” kimi təşkilatların, keçmiş diplomat Riçard Kozlariç, Devid Kramer kimilərin ölkəmizlə bağlı iyrənc bəyanat və açıqlamaları bunun bariz nümunəsidir.Təbii ki, belələri öz şər-böhtanlarına, qərəzli, qeyri-obyektiv mövqelərinə görə zaman-zaman layiqli cavablarını alaraq geri çəkilməyə məcbur olurlar.

Antiazərbaycan dairələr öz çirkin məqsədlərini həyata keçirmək üçün müxtəlif vasitələrdən, eləcə də inhisarlarında olan media orqanlarından ən alçaq üsullarla istifadə edirlər. Bunlardan “Amerikanın səsi”ni, BBC və antimilli ünsürlərin tribunalarından olan “Meydan TV”ni xüsusilə qeyd etmək lazımdır.

Bir müddət bundan əvvəl aparılan araşdırmalarla sübut olunmuşdu ki, təkcə son iki ildə 4 beynəlxalq təşkilat antiazərbaycan təbliğatı aparmaq üçün müxtəlif xarici donorlardan 25 milyon avro qrant alıb. Hüquq müdafiəçilərinin dediyinə görə, bunlar Çexiyanın “PIN” təşkilatı, Norveç İnsan Hüquqları İnstitutu, Polşanın Helsinki İnsan Hüquqları Fondu və “Front Line” təşkilatlarıdır.

Şübhəsiz, belə bədxahlarımızın bütün cəhdləri uğursuzluğa düçar olacaqdır. Beynəlxalq ictimaiyyət və xalqımız yaxşı bilir ki, belələri və onların arxasında gizlənənlər “insan haqları”, “siyasi məhbus” məsələlərini əsassız şəkildə əldə dəstəvüz edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Eyni mərkəzdən idarə olunan, islamofob, antiazərbaycan mərəzinə tutulan bu beynəlxalq şəbəkənin üzvləri yaxşı olar ki, Qərb ölkələrində tüğyan edən dini, irqi ayrı-seçkiliyə, rasizmə, insan hüquqlarının kütləvi şəkildə pozulmasına, polis özbaşınalığına qarşı mübarizə aparsınlar, Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoysunlar. Çünki onların bu çirkin əməlləri kənardan çox eybəcər görünür.