KÖŞƏ

Qvami Məhəbbətoğlu

Əli Kərimlinin “timsah göz yaşları”

29 iyun 2018 14:19
4098

Bu günlərdə AXC sədri Əli Kərimli mərhum prezident Əbülfəz Elçibəyin məzarı başında çıxışı ilə yenə özünü biabır edib. Belə ki, hər yerdə Əbülfəz Elçibəyə “sevgi”si ilə fərqləndiyini vurğulayan dağıdıcı müxalifətin bu nümayəndəsi burada da yalanlar danışmaqla tədbir iştirakçılarını ələ almağa, daha doğrusu, öz əhatə dairəsində saxlamağa səy göstərib. O bildirib ki, guya ölkədə Əbülfəz Elçibəyin 80 illiyi ilə bağlı tədbirlər keçirilməsinə imkan verilmir, bu da ona olan ögey  münasibətdən qaynaqlanırmış. Sən demə, bu,  onu yaman narahat edirmiş, odur ki, gecə-gündüz bununla bağlı göz yaşı tökürmüş.

Halbuki elə bu günlərdə Əbülfəz Elçibəyin anadan olduğu Ordubad rayonunun Kələki kəndində onun 80 illik yubileyi qeyd olunub. Üstəlik, Beynəlxalq Mətbuat Mərkəzində “Əbülfəz Elçibəy - 80” İctimai Təşkilat Komitəsi tərəfindən genişmiqyaslı tədbir təşkil edilib. Əbülfəz Elçibəyin əksər tərəfdaşlarının qatıldıqları bu mərasimə Əli Kərimli nədənsə təşrif buyurmayıb. Halbuki Əli Kərimlinin bu tədbirdə iştirakı ilə bağlı ona dəvətnamə göndərilib. Amma özünü hər yerdə Elçibəyin varisi kimi qələmə verən Əli Kərimli keçmiş əqidədaşlarının “bayrağı” altında keçirilən tədbirdə iştirak etməyi özünə sığışdırmayıb. Üstəlik, o, yarandığı gündən bəri nəzarəti altında saxladığı “Milli Şura”nı və onun sədri Cəmil Həsənlini də bu məsələdə özünə ortaq edib və özü əlahiddə bir tədbir keçırıb. Görünür, Əli Kərimli müxalifət düşərgəsində özündən başqa bir kimsəni təşkilatçı, rəhbər kimi görmək istəmir, yaxud da görməyə gözü yoxdur. Təbii ki, bu, onun məlum xislətindən irəli gəlir. Yəni o, yenə də əvvəlki ampuluasındadır.

 İndi hamı yaxşı bilir ki, Əli Kərimlinin işi-gücü yalnız dağıtmaqdır. Onun leksikonunda bir yerdə olmaq, bir araya gəlmək, ümumiyyətlə, yoxdur. Nədən ki, o, yaxşı dərk edir ki, bir araya gələndə bir zamanlar can bir qəlbdə olduqları tərəfdaşları tərəfindən onun daha çox paxırı açılır. Odur ki, Əli Kərimli onlardan yan qaçır. Qorxur ki, ona  desinlər ki, axı sən hansı haqla Elçibəylə bağlı danışırsan? Hələ sağlığında o kişini urvatsız etməyə çalışan sən deyildinmi? Sən deyildinmi Əbülfəz Elçibəyin otağına dinləyici qurğu yerləşdirib onun hər danışığını dinləyən, əlinin altındakı  “Azadlıq” qəzetində əleyhinə sifarişlə yazılar yazdıran, ağır ifadələrlə, silsilə məqalələrlə onu təhqir etdirən? Bu çirkin kampaniyaya Əbülfəz Elçibəy Türkiyədə ölüm yatağında canı ilə əlləşdiyi vaxtlarda da son verməyən sən deyildinmi? İndi də öz yalanlarınla onun ruhu ilə alver etməyə çalışırsan. Barı, heç olmasa Elçibəyin məzarı başında yalan danışmaqla onun ruhunu incitmə.

Bütün bunlar isə o deməkdir ki, Əli Kərimli, hamını, o cümlədən onu irəli çəkmiş liderini belə öz şəxsi və siyasi maraqlarına qurban verib, onlara  xəyanət edib. Hətta bəzi məlumatlara görə, Əbülfəz Elçibəy “komsomolçu” adlandırdığı Əli Kərimlini AXCP-dən uzaqlaşdırmaq da istəyibmiş.

Bir sözlə, Əli Kərimlinin əvvəlki ittihamları kimi, bu ittihamı da yersiz olmaqla yanaşı, heç bir məntiqə, yaxud fakta söykənmir. O sadəcə, bu kimi yalan və böhtanları ilə gündəmə gəlmək və insanlarda hakimiyyətə qarşı etimadsızlıq yaratmaq istəyir. Odur ki, Əli Kərimli fürsət düşən kimi yırtıcı heyvanlardan sayılan timsahlar kimi göz yaşları tökür. Amma timsahlardan fərqli olaraq Əli Kərimlinin göz yaşları fizioloji yox, siyasidir. Bir də... Əli Kərimli bir şeyi unudur ki, artıq onun siyasi göz yaşlarına inananların sayı da həndəsi silsilə üzrə azalmaqla davam edir.