KÖŞƏ

Qvami Məhəbbətoğlu

AŞPA-da ikili standartlar və erməni lobbisinə “sadiqlik”

22 may 2018 23:39
3201

Azərbaycanın son illər əldə etdiyi uğurlar, dünya miqyasında getdikcə artan nüfuzu demokratiya və insan hüquqlarından dəm vuran bəzi beynəlxalq qurumların yuxusunu ərşə çəkib. Odur ki onlar nəyin bahasına olursa-olsun ölkəmizin imicinə xələl gətirmək, onu beynəlxalq aləmdə gözdən salmaq məqsədi ilə dəridən-qabıqdan çıxırlar. Bu sırada Avropa Şurası  Parlament Assambleyası (AŞPA) ön sırada gedən qurumlardandır.

 Bu günlərdə AŞPA-nın ermənipərəst Müstəqil Araşdırma Qurumu təşkilat daxilindəki korrupsiya faktları ilə bağlı hesabatında heç bir əsas gətirmədən ölkəmizin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun da adını hallandırıb. Bununla AŞPA bir daha erməni lobbisinə sadiqliyini nümayiş etdirib. Bu isə hər şeydən əvvəl, AŞPA-nın Ermənistan qarşısında Azərbaycanla bağlı yeni bir öhdəlik götürdüyündən xəbər verir.

Artıq bu bir faktdır ki, hazırda korrupsiya girdabında çabalayan Ermənistanda baş verənlərə rəğmən, işğalçı ölkə bu qurumda az qala demokratiyanın “beşiyi” kimi təqdim olunur. AŞPA qarşısında bütün öhdəliklərini yerinə yetirməyə çalışan Azərbaycan isə hər dəfə təzyiqlərə məruz qalır. Yəni Azərbaycan AŞPA-ya Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarları xatırladanda, daşnakların işğalçılıq siyasətini gündəmə gətirəndə, Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini vurğulayanda aləm bir-birinə dəyir... Üstəlik, Azərbaycanın ədalətli mövqeyini müdafiə edən avropalı deputatlar da cəzaya, sanksiyaya məruz qalırlar. Amma Azərbaycan torpaqlarını işğal edən, zəbt etdikləri ərazilərdə etnik təmizləmə siyasəti yürüdən, beynəlxalq normaları ayaqlayan Ermənistan belə sanksiyalara məruz qalmır.

Görünür, öz milli maraqlarına uyğun siyasət yeridən Azərbaycanın belə mövqe sərgiləməsi, son illər Qərbdə nüfuzlu təşkilat və siyasətçilərlə işləməsi erməni lobbisi və onun himayədarlarını, o cümlədən AŞPA-dakı ermənipərəst qüvvələri  daha çox narahat edir. Odur ki, onlar bunu həzm etmək istəmir və həmin qurumda da birləşərək ölkəmiz əleyhinə daha böyük qüvvə ilə hücuma keçirlər. Amma AŞPA-da bir kimsə demir ki, ermənilər məhz rüşvət gücünə onları ələ alır, öz əhatə dairəsini genişləndirirlər. Bu AŞ PA-nın artıq ermənipərəstlərin tribunasına çevrilməsinin, həm də  ikili standartların bu qurumun “ruhuna” hopmasının göstəriciləridir.

Saxta məlumatlar əsasında hazırlanan bu cür “hesabatların” yalnız ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, bu qurumda Azərbaycan naminə daha çox döyüşən Səməd Seyidova qarşı yönəldiyini düşünənlər də var. Amma bu, heç də belə deyil. Elə Səməd Seyidov da keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub. O, sanksiyalarla bağlı yaradılan qrup tərəfindən dindirildiyini bildirərək əlavə edib: “... deyirdilər ki, “sadəcə etiraf edin ki, burada başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınıza qarşı heç bir siyahı tətbiq olunmayacaq”.  Bu isə “sən dövlətini pis hala sala biləcək ifadə ver, sizinlə işimiz olmayacaq” anlaşmasına təhrikdən başqa bir şey deyil. Budurmu Avropa dəyərləri? Bu,  hər şeydən əvvəl,  bütövlükdə Azərbaycana qarşı uzun müddət aparılan təzyiq kampaniyasının davamıdır. Bu, Azərbaycan nümayəndə heyətinin timsalında ölkəmizə qarşı qarayaxma kampaniyasına yeni əlavələrdir. Basqa sözlə desək, bu, Azərbaycan haqqında xoş sözlər söyləyən, ölkəmizdəki inkişafla, demokratiya ilə bağlı müsbət fikirlər səsləndirən və elə bu kimi səbəblərə görə ittiham  olunmuş Luka Volontenin cari ilin fevralında Milan şəhər məhkəməsinin hökmü ilə bəraət almasından sonra AŞPA-nın Azərbaycan əleyhinə ikili standartlar siyasətinin yeni mərhələsidir.

Onu da qeyd edək ki, AŞPA-nın tətbiq etdiyi sanksiya Azərbaycan nümayəndə heyətinin rəhbərinin fəaliyyətinə heç bir məhdudiyyət qoymur. Sadəcə, nümayəndə heyətinin rəhbəri iki il müddətinə AŞPA-nın prezidenti ola, seçki missiyasında iştirak edə bilməz.