KÖŞƏ

Qvami Məhəbbətoğlu

Orduxanlar, turallar... kəsəklər

07 aprel 2018 15:07
2039

Bu nə bəladır, ilahi, haqlı da ədalətdən, demokratiyadan danışır, haqsız da... Başı çıxan da siyasətdən dəm vurur, çıxmayan da... Siyasətdən başları çıxmayanlar istəyirlər  ki, odu öz qabaqlarına çəkə və hər şeyi öz xeyirlərinə həll edələr. Ambisiyaları, istəkləri səmərə verməyəndə də xarici ölkələrdəki antiazərbaycan dairələrin təkidi, dəstəyi ilə Avropanın küçələrinə çıxıb başlayırlar ağıllarına gələnləri nəql etməyə, iqtisadi göstəriciləri ilə dünyanı heyrətləndirən və nəticədə gündən-günə inkişaf edən respublikamızın uğurlarından danışmaq əvəzinə cəfəngiyatlar söyləməyə, bir sözlə, ölkələrinin ünvanına hədyanlar yağdırmağa... Söyüş, təhqir, yalan, böhtanla - əxlaq normalarına uyğun gəlməyən nəsnələrlə silahlanmış  və bu yolla xalqa təsir göstərməyə çalışan orduxanlar, turallar... hələ də anlamırlar ki. Azərbaycanda əsl xalq hakimiyyəti bərqərar olub və bütün xalqımız da öz dövlət başçısının ətrafında sıx birləşib.

Bununla da onlar özlərini gülünc vəziyyətə qoyurlar. Təbii ki, 5-6 nəfərin düzənlədiyi belə şou xarakterli olaylar heç bir halda ictimaiyyət tərəfindən müsbət qarşılana bilməz. Camaat çörəyi qulağına yemir ki... Bu adi həqiqəti orduxanlar, turallar... da bilsələr,  yaxşı olardı. Kim bilir, bəlkə də bilirlər, amma  yenə öz yalanlarından, iftiralarından əl çəkmirlər.  Bu isə o deməkdir ki, onları elə zəncirləyiblər, elə təlimatlandırıblar ki, hər bir an əleyhimizə hürməsələr, havadarları tərəfindən kötəklənərlər.

Sirr deyil ki, bu gün Azərbaycan dövlətinin, onun başçısının daha çox uğur qazanması, gücünün və nüfuzunun artması, dünyada söz sahibi olması güclü erməni lobbisinin ürəyincə deyil. Bu kimi nailiyyətlərimiz onları narahat edir, nəfəslərini boğur, haldan-hala salır. Xüsusilə 11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərində  Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin uğurlu təbliğat-təşviqat kampaniyası onları daha çox əndişələndirir. Odur ki, erməni lobbisi  hər vasitə ilə ölkəmizin imicinin korlanmasına çalışır,  respublikamız  əleyhinə dünya miqyasında bütün imkanlarını səfərbər edərək var gücləri ilə təbliğat aparırlar, amma öz istəklərinə nail ola bilmirlər. İstəklərinə çatmaq məqsədilə orduxanlardan, turallardan... məharətlə istifadə edirlər. Bu mənada orduxanların, turalların... belə canfəşanlıqları, təbii ki, hər addımda fürsət gözləyən erməni lobbisinin, o cümlədən son illərdəki uğurlarımızı həzm edə bilməyənlərin işinə yarayır. Məhz onların  sayəsində Vətən, dövlət sevgisinin nə olduğunu anlamayan orduxanlar, turallar ... daşnakların əsrlər boyu başımıza gətirdikləri müsibətlərdən, o cümlədən  ərazilərimizin 20 faizinin işğalından, bir milyon qaçqın-köçkünümüzdən  söz açmırlar. Ermənilərin əleyhimizə, necə deyərlər “meydan suladığı” bir zamanda bizim üzdəniraq həmvətənlərimiz düşmən dəyirmanına su tökməkdə davam edirlər.  Su tökmək artıq onların məşğuliyyətinə çevrilib. Bu mənada, orduxanlar, turallar... , sözün həqiqi mənasında, erməni lobbisinin nökərlərinə çevriliblər. 

Belələrini haradasa palçıq yumrusu mənasını verən kəsək adlandırmaq olar... Kəsəklər, bir qayda olaraq, zamanın yağışı, qarı ilə ovulur,  qırıntıları da kanalizasiya sularına qovuşur.  Orduxanlar, turallar... kimi kəsəklər isə həm də Azərbaycan həqiqətləri ilə, ölkə başçısının yürütdüyü müdrik siyasətlə ovulur və ovulmaqda davam edəcəklər.