KÖŞƏ

Qvami Məhəbbətoğlu

Paşinyan Ermənistanın axırına çıxacaq

20 iyun 2018 23:27
3733

Artıq xeyli müddətdir ki, Ermənistanda ciddi daxili qarşıdurma və gərginlik yaşanır. Siyasətdən uzaq yeni baş nazir Nikol Paşinyan bu qarşıdurma və gərginliyin qarşısını almaqda aciz görünür. O, sadəcə kimlərisə həbs etməklə, gah da vəzifələrindən uzaqlaşdırmaqla kifayətlənir. Yəni ciddi islahatlara girişməkdən ehtiyat edir. Bir tərəfdən də o, hakimiyyətə gəlmək üçün xalqa verdiyi vədləri yerinə yetirə bilmir. Ermənistanın hazırkı iqtisadi durumu - sabiq prezident Serj Sarkisyan tərəfindən dövlət büdcəsinin talan edilməsi, xaricdən kifayət qədər maliyyə dəstəyinin olmaması da buna imkan vermir.

Odur ki, başını itirmiş Paşinyan indi gah nala vurur, gah da mıxa. İlk baxışda elə gəlir ki, onun Dağlıq Qarabağa səfərləri də bu kimi problemlərdən irəli gəlir. Amma bu hec də belə deyildir. Görünür, o da sələfləri kimi bulanıq suda balıq tutmaq sevdasına düşüb.

Nə qədər qəribə olsa da, Nİkol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə baş nazir seçilməsindən iki ay keçməmiş ikinci səfərini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdən sonra reallaşdırıb. Halbuki bu hiyləgər erməni həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilərin roluna böyük önəm verdiyini vurğulamışdır. Bu isə münaqişənin beynəlxalq normalar çərçivəsində həlli deməkdir. Amma Paşinyanın gedişləri göstərir ki, o, heç bir beynəlxalq normalarla hesablaşmaq niyyətində deyil. Yəni danışıqlar Nikol Paşinyan üçün arxa plandadır. Bu mənada o, tutduğunu buraxmayan kora bənzəyir.

Onun bu səfəri həm də Dağlıq Qarabağ bölgəsində vəziyyətin açıq-aydın ürəkaçan olmadığını göstərir. Görünür, Azərbaycan Ordusunun heç bir itki vermədən Şərur rayonunun Günnüt kəndini işğalçılardan azad etməsi və nəzarətində saxlaması oradakı erməni əsgərləri və zabitlərinin canına vəlvələ salıb. Odur ki, Paşinyan onlara ürək-dirək verməklə məşğuldur. Ona görə də o, yüz cür oyundan çıxır. Paşinyanın təmas xəttindəki mövqelərdə istehkamlarda görünməsi, Xankəndidə Bako Saakyanla separatçı rejimin ordu qərargahında müşavirə keçirməsi, Rusiyanın onlara hədiyyə etdiyi Su-30 CM qırıcı təyyarəsinin pilot kabinetində şəkil çəkdirməsi və onu sosial şəbəkəsindəki səhifəsində yerləşdirməsi buna misaldır. Elə “Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir” sözləri də onun bu kimi pozalarından sonra dövriyyəyə buraxılıb.

Bütün bunlar isə o deməkdir ki,  Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti kəskinləşdirməkdə daha maraqlı görünür. Onun bu məkrli niyyətinin arxasında daha nələrin dayandığını isə zaman göstərəcək. Bu mənada Nikol Paşinyan sələfləri - Serj Sarkisyandan, Koçaryandan da separatçıdır. Bu həm də onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişikliyi əslində mahiyyət dəyişikliyi deyil, hakimiyyətin daha qəddar təxribatçıya hər vədəyə aldanan erməni xalqının əli ilə ötürülməsidir.

Şübhəsiz, Paşinyanın məqsədi Dağlıq Qarabağla bağlı səsləndirdiyi təxribat xarakterli populist bəyanatını, yəni tərəf kimi “DQR”nı danışıqlara cəlb edilməsini gerçəkləşdirməkdən, bununla da vəziyyəti müharibə həddinə gətirib çıxarmaqdan ibarətdir. Bu isə Azərbaycana “Şələni qoy yerə, gəl dalaşaq” mesajından başqa bir nəsnə deyil. Amma nə yazıq ki, Nikol Paşinyan və onun bu kimi addımlarına dəstək verən bədbəxtlər hələ də anlamırlar ki, müasir silahlarla silahlanmış Azərbaycan Ordusu istənilən an onları susdurmağa və işğal altındakı əraziləri qaytarmağa qadirdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bəyan etdiyi kimi, əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin. Bu sözləri başqa bir formada Paşinyana da aid etmək olar: əgər Paşinyan Ermənistanı dünya səviyyəli bir ölkə kimi görmək istəyirsə, onda Dağlıq Qarabağdan gözünü çəksin. Əks halda o, beynəlxalq normalarla səsləşməyən ideyaları ilə Ermənistanın axırına çıxacaq.