KÖŞƏ

Qvami Məhəbbətoğlu

Əli Kərimlinin növbəti fiaskosu

22 iyun 2018 22:29
3855

Azərbaycan Ordusunun heç bir itki vermədən Naxçıvanın Şərur rayonu istiqamətində 11 min hektar torpaq sahəsini və Günnüt kəndini erməni işğalçılarından azad etməsi və hazırda həmin əraziləri nəzarətində saxlaması Ermənistan rəhbərliyi ilə yanaşı, sən demə, AXCP sədri Əli Kərimlinin də ürəyincə olmayıbmış. Bu onun feysbukdakı statuslarından açıq-aydın görünür. Görün dağıdıcı müxalifətin nümayəndəsi kimi tanınan Əli Kərimli nə yazır: “Naxçıvanda guya 11 min hektar torpaq sahəsinin Ermənistanın işğalından azad edilməsi haqda məlumat yalan idi. Bütün yalanlar kimi, bu da tez ifşa olundu. Məlum oldu ki, heç bir döyüşdən, torpaq azad etməkdən söhbət getmir”. Daha sonra o qeyd edir ki, sadəcə olaraq ön mövqelərimiz boş ərazilər hesabına irəli çəkilib: “Ermənistan postları ilə bizim postlar arasındakı 5 kilometrlik məsafə 750 metrə qədər qısaldılıb”.

Bu isə Əli Kərimli tərəfindən, hər şeydən əvvəl, uğurla həyata keçirilmiş bir əməliyyatın əhəmiyyətini, həmçinin ordumuzun qüdrətini kiçiltmək cəhdindən başqa bir şey deyil. Nə yazıq ki, bu biçarə hələ də anlamır, yaxud  anlamaq istəmir ki,  Vətən torpağının bir qarışı belə düşməndən geri alınırsa, bu yüksək dəyərləndirilməlidir. 

Özü də bu tarixi faktı özünəməxsus əda ilə “11 min hektar torpaq azad etmə şousu” adlandıran Əli Kərimli utanmadan belə bir sualla da özükimilərə müraciət edib: “25 il ərzində bizə aid olan torpaqlar nəyə görə postları irəli çəkməklə nəzarətə götürülmürdü?” Özünü “mahir siyasətşi” adlandıran Əli Kərimli hələ də dərk etmir ki, son illər istər bölgədə, istərsə da cəbhədə hərbi-siyasi vəziyyət ölkəmizin   xeyrinə dəyişib. Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə orduda aparılan islahatlar nəticəsində bu gün Silahlı Qüvvələrimiz dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycan həm yaranmış real vəziyyətdən, həm də bu üstünlükdən səmərəli yararlanmaqla işğal altındakı ərazilərini ermənilərdən azad edir. Bunun harası şoudur axı? Nə vaxtdan bəri belə uğurlar şou adlandırılır?

Əli Kərimlinin dəstəsi də “lider”lərinə uyğun formada onu dəstəkləyiblər. Məsələn, onlardan biri yazıb ki, guya Azərbaycan hakimiyyəti Kremldən alır bu tapşırıqları, Paşinyanı şantaj edirlər... Digəri yazıb ki, millət bilmir ki, Naxçıvanın işğal altında ərazisi yoxdur. Bu yerdə adam özünü saxlaya bilmir. Bəlkə, deyəsiniz ki, heç Kərki kəndi Ermənistanın Silahlı Qüvvələrinin işğalı altında deyil? Şübhəsiz ki, Günnüt kəndinin nəzarətimizdə olması 1990-cı il yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuş Sədərək rayonunun Kərki kəndinə gedən yola da işıq saçacaq. İnanırıq ki, bu uğurlu əməliyyatdan sonra Yerevan-Gorus-Laçın yoluna da tam nəzarətı ələ keçirən ordumuz bu missiyanın  öhdəsindən şərəflə gələcək və yeni bir tarix yazmaqla bütün azərbaycansevərləri sevinclərə qərq edəcək. Yəqin, o zaman da Əli Kərimli bir şey uydurar və növbəti şounun müəllifi olar.

Təbii ki, bu uğura Əli Kərimlinin və onun tərəfdaşlarının bu şəkildə yanaşmaları, reaksiya vermələri, düşmən dəyrimanına su tökmələri onların məkrli niyyətlərini bir daha ortaya qoyması deməkdir. Bəli, ölkəmizin sosial-iqtisadi inkişafını, beynəlxalq aləmdəki uğurlarını həzm edə bilməyən, öz ambisiyaları məngənəsində boğulmaqda olan Əli Kərimli artıq neçə ildir ki, öz millətini, Vətənini bu və ya digər məsələlərlə bağlı hazırladığı şoularla gülləbaran edir. Bu kimi nəsnələrdə isə xaricdəki və daxildəki antiazərbaycan qüvvələrin silah anbarlarından istifadə edir.

Bu həm də Əli Kərimli tərəfindən yurdumuza, ordumuza, öz doğma yurd-yuvalarının həsrətində olanlara açılan atəşdir. Özü də Əli Kərimlinin növbəti atəşi. Orduya, onun uğurlarına kölgə salmaq ən azı nadanlıqdır. Bir də... onun iqtidara qarşı bu formada mübarizə aparması isə heç cür başa düşülən deyil. Axı ordu üzərindən siyasət aparmaq nə deməkdir?

Əli Kərimli unudur ki, erməni ictimaiyyəti bu uğurumuzu səssiz qarşıladı. Çünki onlar yaxşı başa düşürlər ki, Azərbaycanın Dağlıq Qarabağın işğalı ilə barışmaq kimi təslimçi əhval-ruhiyyəsi yoxdur. O, itirdiyi torpaqlarına sahib çıxacaq. Bu isə o deməkdir ki, Azərbaycan bu kimi addımları ilə həm də erməni xalqının arzularını gerçəkləşdirir. Amma Əli Kərimli bu cür şouları ilə yanlara dəstək verir...

Qvami Məhəbbətoğlu, “İki sahil”