13 sentyabr 2018 17:22
2446

Dəliməmmədli stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bununla yanaşı, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması işləri həyata keçirilir.

Qeyd olunub ki, ilk belə yoldəyişən 2016-cı ilin sentyabrın 9-da quraşdırılıb və bu günədək 206 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda isə Dəliməmmədli stansiyasında 7 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. Bu işləri 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

İşlər mərhələli şəkildə davam etdiriləcək.