KÖŞƏ

Yaqut Ağaşahqızı

Həyat çiçək, sevgi onun şirəsidir

14 fevral 2019 11:37
8396

Əslində bədii, emosional yazı yazmaqda elə də çətinlik çəkmirəm. Bu cür yazılar içərisində sevgi və onun günü ilə bağlı fikirlərimi vərəqə tökmək düzünü deyim, çətin oldu. Bu, uzun zaman və dərin  düşüncə tələb etdi. Amma yaşanılan  bu gözəl duyğuların icmalı olan eşq haqqında yazmamaq olmazdı. Bu, ən azından onun bizə yaşatdığı rəngarəng, bəzən də ağ-qara hissləri inkar etmək olardı. Sevgi haqqında onun yaşamadan, bilmədən yazmaq çox süni çıxır. Çünki yazına keçirdiyin duyğuları, yaşadığın xatirələri, təəssüratları əlavə etmirsən. Fikirlərindən deyil, standartlardan  ibarət olur.

“Sevginin günü  olmur” deyirlər. Tamamilə razıyam. Bəli, sevgini  konkret zamana sığışdırmaq mümkün deyil. Sonsuz və konkret olmayan bu məfhumu  heç  bir ölçü vahidi ilə məhdudlaşdırmaq olmaz. Nə qiyməti, nə həcmi, nə ölçüsü, nə də zamanı... Beş hərflik bu sözün içində min bir məna, möcüzə, sehr var. Sevgi danışırsa məntiq susur, ağıl dinləyir, qürur isə seyr edir. Meydan yalnız sevginin olur. Sevilirsən, həyat rənglənir. Səni sevənin diqqəti, qayğısı səni səbəbsiz güldürür, həyəcanlandırır, yaşamaq həvəsini artırır. Sanki dünyada tək xoşbəxt varsa, o da sənsən. Çətin asan, olmaz olar, imkansız nə varsa, mümkün kimi gəlir.  Özünü  bir mahnıda deyildiyi kimi, “dünyanın xoşbəxti mənəm dünyada” əhvalında hiss edirsən.

Həyatda elə şeylər var ki insandan asılı olmur, bura aid olanlar sırasında sevgi ən birincisidir. Bəli, insan sevgi hissini  idarə etməyi bacarmır. Bu, içdən gələn duyğudur. Onu yönləndirmək, idarə etmək  mümkün deyil.  Sevginin müəyyən subyektləri  var; insana, Vətənə, ailəyə, uşağa, valideynə. Bəli , bu hiss o qədər geniş o qədər şaxəlidir. Bu hissi təkcə  əks cinslərin arasında olur düşüncəsi ilə məhdudlaşdırmaq doğru deyil. Sevgi ən dərin dənizlərdən tapılan incidir. Dəyərlərin dəyəridir.

Sevgidə qürur olmur. Olmasın da. Sevgi fədakarlıq tələb edir. Cəsarət, hünər, mərdlik tələb edir. Qürur isə insanı cəsarət və hünərdən uzaqlaşdırır. İlk addım atmaq  hissini, sevgini sərhədsiz, sonsuz şəkildə açıq-aşkar göstərməyin qarşısını alır. Hər zaman gözləyən olursan  cəhdləri... Zaman dayanmır, hərəkət edir. Sevgidən dolayı fədakarlıqlar edirik. Başqa vaxt bizə olmaz, qeyri-adi gələn hər şey bizim üçün adiləşir. Edilməz dediyimiz  bir çox şeyi icra edirik. Bunun idarəsi isə sevgi adlı duyğudan qaynaqlanır.Cəsarət etməkdən qorxmuruq.

Həyatın əsas stimullaşdırıcı qüvvəsi məhz sevgidir. Kimə və nəyə fərqi yoxdur. Əsas sevmək, sevilməkdir. Sevginin tərkibinə bir çox hisslər daxildir: məsumiyyət, sevinc, xoşbəxtlik, həyəcan, həvəs, qorxu, fəxarət, kədər, həsrət, vüsal.

Bəzən  uşaqlar belə “sevdiyini” zənn edir. Xoşlanmağı eşq zənn edər. Elə həyəcanlı ,elə sevincli olar ki, onun olduğu ünvana getmək üçün tələsər.  Sevgisinə qarşılıq hiss edərkən necə xoşbəxt olur. O xoşbəxtlik heç bir xoşbəxtliyə bənzəmir. Bəli, sevdiyinin sənə  gülümsəməsi hüzur bəxş edir. Sevginin yaşı olmur. Hər yaşın öz sevgi hekayəsi, təcrübəsi, nəticəsi  var. Sevgi hər yaşda özünəməxsus  gözəldir. Sevgi insanın içinə qəribə bir fərəh bəxş edir. Onun yaşatdığı mənəvi  duyğunun  isə konkret adı yoxdur. Sevib-sevilmək  hər zaman ruhu, yaşamaq, yaratmaq həvəsini yüksək edir.

Hər açılan sabahda,  yeni gündə insanın sevdiklərinin, ailəsinin yanında olması necə də gözəldir?.. Ailənin üzvləri böyüdükcə bu halqa daha da böyüyür, həyatda  itirməkdən qorxduğun insanların sayı çoxalır.  Uşaqlar bizim dünyamızın saf möcüzələridir. Günahsız, məsum mələkləri sevməmək mümkün deyil. Sevgimizin əsas hissəsi məhz onlara aiddir. Onları sevməmək mümkün deyil. Ən kədərli anlarda belə onların şıltaq gülüşü bizi sakitləşdirir. Onları xoşbəxt edib, sevindirmək bizim əsas həyat qayələrimizdən biridir. 

Viktor Hüqo deyirdi: “Həyat çiçəkdir, sevgi isə onun şirəsi.” Sevgi dəyəri sonsuz anlayışdır. Sevgini göstərməyin yolları çoxdur. Maddi və mənəvi metodlardan istifadə edərək  bunu nümayiş etdirə bilərik. Amma  eşqi, sevgini yalnız maddiyyatla da bağlamayaq. Sevgimizi göstərmək üçün pulun yoxluğunu bəhanə edib, acizləşməyək. Pul çox şeydir,amma hər şey deyil. Bizi maddi deyil, mənəvi məfhumların sevindirməsinə şərait yaradaq.

Sabah fevralın 14-dür. Bu tarix neçə illərdir ki, təqvimdə sevgiyə ayrılan xüsusi bir gündür.  İnsanlar bu gün daha sevgi dolu olurlar. Hər kəs öz sevdiyi üçün  bu günü özəl etməyə çalışır. Ağıllarda ideyalar, sürprizlər... Yaşından asılı olmayaraq hər kəsdə  bir fərqli həyəcan.

“Səni sevirəm”, içdən, səmimi şəkildə deyilən bu cümlə pulla alınan  istənilən hədiyyədən daha qiymətlidir, üstündür. Çünki həqiqətən həyatda səni sevən, səninlə bütünləşən, sənsiz heç var olmaq istəməyən, pisi də, yaxşını da səninlə yaşamaq istəyən birinin olması bu həyatda qazandığınız uğurdur. Bir gül, bir cümlə... Yetər sizi sevənə.

Hər zaman hər biriniz sevib-seviləsiniz. Həyat çox qısadır. Hər günü, hər anı sevgi, məhəbbət, eşq qoxan xatirələrlə yaddaşa həkk edin. Məhəbbət cümlələri qurmağa çəkinməyin. Hisslərinizi gizlətməyin. Sevginizi açıq-aşkar göstərin. Dünya  bu gözəl hissin varlığı ilə gözəlləşsin. Təkcə “14 fevral” yox, hər gün bir-birinizə sürprizlər edin, təəccübləndirin, sevindirin. Sevinc eşqin əsas qoludur. Bir-birinizi pis, ağır hisslərlə yorub, yükləməyin, məhəbbət bəxş edin ətrafa. O zaman həyat daha gözəl olacaq...