KÖŞƏ

Yaqut Ağaşahqızı

Həyat səni  güldürəndə gülürsən...

27 may 2019 11:54
5201

İşə tələsdiyim  növbəti günlərdən biri idi. Bakı metrosundakı sıxlığa baxmayaraq vaqona daxil oldum. İnsan  izdihamının  içində bir uşağa gözüm  sataşdı.  Əllərini  yuxarı qaldırıb, aşağı salırdı. Başı üzərindəki  yaşlı qadın isə deyəsən  nənəsi idi. Uşağın üzünü tərsinə çevirmişdi. Öz-özümdə bir qəribəlik  olduğunu  hiss etdim. Bir azdan isə gülüş səsləri qulaqcığımdakı mahnını üstələdi. Artıq uşağın qəhqəhəsi yüksəkdən eşidilirdi. Dodaqlarını yummağa çalışan  nənəsi isə  həm  uşağın özündən,  həm də ətrafdakılardan  daha  təlaşlı  və narahat idi.  İnsanlar məqamı onun  kimi   qeyri-adi deyil, normal qəbul  edirdilər. Nənənin utandığı isə həm yanağının qızarmasından, həm  də hərəkətlərinin nizamsızlığından  yaxşıca  duyulurdu. Nənənin narahatlığı qədər, uşaq  rahat  idi.   Onun  üçün  dünya  bir yana, onun  öz aləmi  bir  yana  idi.  Uşağın  əqli  qüsuru olduğunu nənəsi daha çox  hiss  etdirə bilmişdi.

Telefonda  izlədiyim filmi dayandırdım. Diqqətimi həmin  uşağa yönəltdim. Hamı mövcud  vəziyyəti  anlayırdı, bir  özündən başqa. Amma  artıq taleyi  ilə barışmışdı. Simasında  bir cizgi  belə narazılıqdan çəkilməmişdi. Həyat ona gülməmişdi, o  isə həyata  gülərək  cavab  verirdi. “Niyə mən” sualı  və özlüyündə müəyyənləşdirdiyi “haqsızlığı”  ilə gülə-gülə mübarizə aparırdı. Və çox  da  peşəkarcasına  bacarırdı... Sanki   içindəki  öc hissini   qəhqəhə ilə yatırırdı.  Beləcə qisasını alırdı. Həyatın  ona  verdiklərinə qane olur, vermədiklərinə isə sadəcə gülürdü.

Uşaq ilə  ətrafdakı insanların  simasına nəzər saldım. Necə böyük  fərq var idi... Düşündüm... Allah sizə  hər şeydən  öncə ağıl nəsib edib. Buna da şükür düşür. Amma o uşaq neyləsin? Axı,  onun  üzünə hər dərdindən bir cizgi  çəkilsə, bir  narazılıq çökərsə, necə olar ? O saf və ürəkaçan  indiki  üzündən əsər-əlamət qalarmı?  Çoxumuzun  içindəki həsrət zamanla vüsal tapacaq. O uşaq neyləsin? Bütün  bunlara nəzər  salıb özüm-özümə sual  verdim:  “Axı, bu qədər əsəb, gərginlik,  narazılıq, ahu-zar nəyə lazımdır?”

Baxan  kimi əqli qüsurlu diaqnozu qoyduğunuz uşağın ürəyinə baxın, özünüzə  baxın. Kimin ürəyi  daha  böyükdür? Əlbəttə ki, həmin uşağın. O balaca ürəyinə nələr sığdırmışdı. Öz qüsurunu, həyatında olan və olmayan  hər şeyi qəbul etmişdi. Özü də kədərlə deyil, gülüşlə. Gülüşləri ilə cavab  verirdi. Gülüşü o qədər məsum, saf və içdən idi ki, qüsursuz gülüş   ifadəsi məhz  ona  aid idi. O təbəssümlərin içində isə  sadəcə sevgi və xoşbəxtlik  var idi.  Bəlkə də, içində və üzündə  yaratdığı bu  təbəssümlər onun  dərdlərinə dəva olacaq, ya da hər şey  olduğu kimi də qalacaq. Halından  məmnunluğu  onun xoşbəxtliyinə  vəsilə olur.

Hər birimiz bu  sualı özümüzə verək ki, balaca və qüsurlu hesab  etdiyiniz uşaq adi  məqamlarda belə xoşbəxtlik  tapmağa çalışırsa və tapırsa, biz, “qüsursuz” və  böyük insanlar niyə xoşbəxt olmağı bacarmayaq? Böyük ürək olmur. Sadəcə ürəyi  geniş tutursan. Əbəs yerə deyilməyib ki, çox gülən  insanların  bəlkə də hər kəsdən çox dərdi var. Onlar hər kəslə gülüb, təklikdə ağlayırlar. Bütün bədbinliklərə, nikbinliklə cavab  verirlər.  Necə də  böyük ürək, hünər tələb edir... Ağlamağı gülməklə əvəz etmək.

Bəxtiyar Vahabzadənin məşhur bir misrasını xatırladım: “Həyat  səni  güldürəndə gülürsən, hünərin var  ağladanda  gül görüm...”  Bu  misralara nə qədər böyük məna və həqiqət sığınıb. Həyatımız boyu ağ, qara, rəngli  günlər yaşayırıq. Bulud kimi, günəş də var. Soyuq kimi, isti də olur. Rəngli günlərə gülürüksə, qaraya da gülək. Əsas olan odur ki, yaşanılan  hər anı özününküləşdirə biləsən, qəbul edəsən. Anlayışla qarşılayasan. Həyatda hər şey  insanlar üçündür : acı da, kədər də, şənlik və firavanlıq da. Mühüm  olan  odur ki, təbəssümü və ümidini  itirməyən o uşaqdan örnək  götürməyi bacaraq.  Həmin  gücü, iradəni, ən  əsası da hünəri  özümüzdə tapmağa çalışaq.