KÖŞƏ

Yaqut Ağaşahqızı

1 iyun sözü

03 iyun 2019 10:10
6617

Səhər oyanıb yatağının kənarına, yastığının  altına, otağın  hər küncünə diqqətlə baxdı.  Balaca əllərini  yumurlayıb, qollarını yanına  saldı. Başı üzərində divardan asdığı 3  nəfərlik  rəsmə baxdı. Bu,  xəyalında  canlandırdığı ailəsinin şəkli idi.  Barmaqları ilə şəklin  üzərinə, valideynlərinin  qələmlə cızdığı cizgilərinə toxundu. Sanki  onları salamlayırdı. Rəsmdə valideynlərini gülərüzlü və bacardığı qədər  xoşbəxt  çəkmişdi. Həyatda onun  olmayan ailəni, xoşbəxtliyi, sevinci məhz   rəngli qələmlərlə yaratmağa çalışmışdı.  

Hazırlaşıb otaqdan  çıxdı.  Həyətdə uşaqlar üçün  bayram ab-havası yaradılırdı. Qızcığaz təkcə öz içindəki  deyil, ətrafdakı uşaqların da  üzgün  olduğunu hiss edirdi. Həmin  körpələr evində təkcə  onun  deyil, əslində bütün  uşaqların  qəribə bir yarımçıqlıq hiss etdiyini  çox  gözəl anlayırdı.

Rəfiqəsi gəlib  yanında  əyləşdi. Sanki ikisi  də bir-birinə “necəsən”  sualını verməyə çəkinirdi. Çünki  hər ikisi  həmin  günün   necə olduğunu  bilirdilər. Müəllimləri şənlənməyə çağırsa  da, içlərindən  şənlənmək gəlmirdi. Sakit durmaqla sanki günü ötüşdürmək  istəyirdilər. Ətrafdakı yoldaşlarından  bəziləri oynayır, bəziləri də onlar kimi  susqun  və sakit dayanırdılar. Balaca rəfiqələr bu  gün  də biri-birilərinə dəstək oldular. “Dost dar  gündə tanınar”, - deyirlər. Digər uşaqlar üçün  bayram  olan  bu gün, onlar üçün  həm  çətin, həm  ağır, həm  də ağrılı gün idi. Çünki... Çünki həmin  günün  səhəri böyük bir ümidsizliklə açılıb, davamı isə sonu olmayan  gözlənti ilə davam edirdi. Uşaq olsalar da, günün məna  və mahiyyətini çox  gözəl dərk edirdilər. Qızlar arabir  bir-birilərinə baxır,  sonra isə  gözləri dolaraq yerə zillənirdi.

Bir  azdan uşaqları  şəhəri gəzməyə çıxardılar. Qızlar könülsüz halda yola düşdülər. Şəhərdə nə qədər uşaqlar, valideynlər gördülər. Ailə onlara  necə əlçatmaz görsənirdi. Ailənin  yalnız çəkdiyi rəsmlərdə görən qızlara  hər şey qəribə gəlirdi. Balaca qolları ilə valideynlərini qucaqlayıb şəkil çəkdirən, şar almaq üçün  inad  edərək ağlayan, əlindəki pambığı valideynləri ilə bölüşən,  çəmənlikdə  oyan-buyana  qaçaraq, valideynlərini narahat qoyan  uşaqlara baxardılar. İstəsələr də, bu uşaqlardan  biri ola  bilmirdilər. Uşaqların sevinci, gülüşü onların içində  qəribə bir hiss  yaradırdı. Suallar  içində cavabsız qalırdılar. Bu  gözəl bayram  günü  onlara qəribə bir sıxıntı verirdi. Valideynlərini  yanlarında   görmək istəyirdilər, amma...

Bəlkə də nə tərbiyəçilər, nə müəllimlər o  uşaqların nəyə görə üzüldükləri, balaca  ürəklərinə nəyi saldıqlarını bilmirdilər. Onları elə özlərindən  başqa  da heç  kəs anlaya da  bilməz. Yaşamayan  bilə bilməz...

Qızlar  həmin  gün yenə biri-birilərinə ənənəvi  “1 iyun”  sözünü  verdilər: “Biz  heç vaxtı uşaqlarımızı tək  qoymayacağıq, hər zaman,  hər yerdə, şərtlər nə olursa-olsun   körpələrimizdən  ayrılmayacaq, son   nəfəsimizə qədər onların  yanında  olacağıq. Həyatımızda   nə baş versə də, biz  onlardan qopmayacağıq.  Onların  sevinci üçün bir  valideyn  olaraq  əlimizdən  gələn   hər şey  edəcəyik. Və hər il iyunun 1-də  görüşüb övladlarımızla bu  günü  qeyd edəcəyik. Biz  onları heç bir  zaman  tək  qoymayacağıq. Uşaqlarımızın  sıxıntısına, həsrətinə, kədərinə  səbəb olmayacağıq.” 

Sanki onlar günün ağırlığını bu  sözü  verməklə yüngülləşdirmiş, özlərini müəyyən  mənada  təsəlli   etmiş  olurlar. Ona  görə də heç bir uşağı sözün  istənilən mənasında  yarım  buraxmaq  doğru  deyil. Təkcə iyunun  1-də yox, ilin  bütün  günlərində. Yaşanan  ömürdən bizə qalan  xatirələr olur. Körpəlikdən qocalığa qədər. Ən gözəl, dəbdəbəli, qayğısız gün də belə uşaqlıqda yaşadıqlarını unutdura bilmir.  Körpələrimiz üçün  hər günü özəl edək.  Uşaqlıq xatirələrini  sözün  yaxşı mənasında  özəl  edək. Onlara sevinc, xoşbəxtlik, sevgi, hüzur bəxş edə bilməyəcəyimiz  dünya bəxş etməyək. Əlimizdən  və qəlbimizdən  gələn  nələr varsa, onlar  üçün edək. Onların saf ürəyi,  günahsız varlığı bütün  bunlara  həqiqətən də layiqdir. Gözyaşlarını, gülüşlə, həsrəti vüsalla, uzaqları yaxınla əvəz edək. Səbəb hər nə olursa olsun,  uşaqları küçəyə, körpələr evinə, başqasına  həvalə etməyək.  Uşaqların güldüyü  dünyada sülh, əmin-amanlıq, ruzi-bərəkət,  ən  əsası isə sevgi olur.  Körpələrin olmadığı,  körpə gülüşünün  eşidilmədiyi  dünyadan  axı nə gözləmək olar.

Uşaqlar bizim gələcəyimiz, ümidimiz, sevgimiz, canımızın  parçasıdır. Onlar güləndə dünya da  gülür. Övladlarınızın  qorxanda  qucağınıza qaçması, ağlayanda  ana deməsi, narahatlığını ilk  sizə deməsi, ilk  sözünün ana yaxud da ata olması, ayaq  açanda   ilk  sizə doğru addımlaması, sizi qucaqlayarkən  həm  sizi, həm  özünü  xoşbəxt etməsi, dünyaları bəxş etməsi  nə qədər dəyərlidir?

Gərgin, yorğun olduğunuz  zamanlarda  balaca  qolları ilə sizə sarılması, boynunuzu  qucaqlaması nə qədər gözəldir, necə əvəz olunmaz duyğudur. Düşünün, sizə  ana, ata  statusunu  verən   dəyərli, müqəddəs, günahsız varlıq. Həyatda  ondan  qiymətli maddi-mənəvi nə ola bilər ki? Hər bir şey  qurban  olsun  övladlarımızın içdən  gələn gülüşünə,  məsum  xoşbəxtliyinə, əvəzi olmayan  varlığına.

İyunun  1-i uşaqların günüdür. İlin  bütün  günlərini  bacardığınız  qədər övladlarınız üçün  xoş keçirməyə çalışın. İzn  verməyin ki, siz  var ola-ola övladınız yarımçıq  qalsın, hər özəl gün, bayram  onun  üçün  əsl mahiyyətini itirmiş olsun, günlər öz  ağırlığı ilə onun balaca  qəlbini  incitsin  və yorsun. Siz  onun  yanında  olun. Çünki   ən  çox  ehtiyacı olan məhz  siz və sizin  sevginizdir. Çünki uşaqlar  üçün  heç nə sizi  əvəz etmir. Sevginizin  boşluğunu  doldurmur. Nə müəllimlərin qayğısı, nə tərbiyəçilərin  nəvazişi, nə yoldaşlarının  təsəllisi, nə də başqasının  “valideynliyi”.

Övladlarınızı atmayın. Onlara hər an  dəstək  olun. Unutmayın  ki, siz həm də  gələcəyin  valideynini  yetişdirirsiniz. Psixologiyasına vurulan  ən kiçik  “zərbə” belə uşağa  təsir edir.  Bu  da onun  da gələcəkdə övladının  tərbiyələnməsində qüsur  yarada  bilər.