KÖŞƏ

Yaqut Ağaşahqızı

İşğalçı Ermənistan yenə də gülünc durumda...

04 may 2020 10:17
4291

Məlumdur ki, aprelin 21-də Qorçakov Fondunun təşkil etdiyi onlayn dəyirmi masa zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov çox maraqlı fikirlər səsləndirib. S.Lavrov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri barədə danışarkən bildirib: “Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var.”

Ermənistan XİN-in başçısı Zöhrab Mnatsakanyan isə rusiyalı həmkarı Sergey Lavrovun danışıqlar prosesindəki sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair müddəaların əksini tapması bəyanatına “Ermənistan Azərbaycana heç bir ərazi güzəştinə getməyəcək”,- deyə cavab verməklə Ermənistanın regionada sülhü və sabitliyi pozmağa can atan siyasətini bir daha nümayiş etdirmiş oldu. Ardınca isə Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli həllinə əsaslanan danışıqlar aparmadığını iddia edən açıqlaması yayıldı. Bu əsassız mövqeyə cavab verən Azərbaycan tərəfi isə bildirdi ki, İrəvanın bu bəyanatı, yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın olsa belə, çox gülüncdür. Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsi şərhində onu da bildirdi ki, Ermənistan XİN-in dürüst şəkildə öz əhalisini münaqişənin həlli üzrə aparılan sülh prosesi barədə məlumatlandırması daha doğru olardı. 2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində, sonuncu 21 aprel tarixli videokonfrans da daxil olmaqla, 10 görüş keçirilib. Ermənistan XİN-in məntiqi ilə belə çıxır ki, iki ölkə naziri, eləcə də 3 ölkənin həmsədrləri və xarici işlər nazirlərinin heç bir işi yoxmuş kimi birgə vaxt keçirib söhbətləşmək üçün görüşüblər?! Sərgilədiyi bu gülünc mövqeyi erməni siyasətçilərin həm ən yaxın tarixi prosesləri belə düzgün təhlil etməkdə aciz olmasını, həm də görüşlərin, müzakirələrin nəticələrini danmaqda davam etmələrini sübuta yetirmiş olur. Sergey Lavrovun da bəyanatlarının az qala əsassız olduğunu bildirməyə tələsən Zöhrab Mnatsakanyan “torpaq güzəşti olmayacaq” deməklə, daxili auditoriyaya çatdırmaq istəyir ki, bizim Azərbaycan tərəfi ilə heç zaman belə razılaşmamız olmamışdır.

Halbuki, Z.Mnatsakanyanın açıqlamasına münasibət bildirən Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən Moskvanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin Rusiya, ABŞ və Fransa rəhbərliyi səviyyəsində birgə bəyanatlarda dəfələrlə səsləndirildiyi vurğulanıb: “Bu mövqenin əsasında güc tətbiq olunmaması, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri daxil olmaqla, Helsinki Yekun aktının əsas prinsipləri dayanır. Bu bəyanatlarda əks olunan nizamlanmanın elementləri sırasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, eləcə də Dağlıq Qarabağın yekun statusunun əhalinin iradəsi yolu ilə müəyyən olunması var.”

Göründüyü kimi, Rusiya XİN-in bu bəyanatı bir daha erməni diplomatiyasının yalan danışdığını, razılaşmalara əməl etməkdən boyun qaçırdığını, sülhə qarşı olmasını, Azərbaycan və Rusiyanı müharibəyə cəlb etmək istəyini sübuta yetirir. Təbii ki, işğalçı Ermənistanın bu məkr dolu siyasətini, sistemsiz planını, Rusiyanı bu münaqişəyə sövq etmək istəyini rus siyasətçiləri çox gözəl anlayır və elə buna görə də Lavrovun son açıqlamalarında münaqişənin həlli istiqamətində ətraf rayonların boşaldılması məsələsi xatırladılıb. Bir növ rus siyasətçi və strateqlər erməni hiyləgərliyini duyub və onları qabaqlayıblar.

Rusiyalı hərbi ekspert Aleksey Xlopotov da erməni tərəfinin yalan danışdığını vurğulayır: “Ermənistan mediasındakı Bakı ilə danışıqlardan imtina etmək və Qarabağı Ermənistana daxil etmək çağırışları sadəcə isterikadır. İlk növbədə isə “Qarabağ klanı”na aid bir isterika, hələ də Qarabağı və Azərbaycanın işğal olunmuş digər ərazilərini geri qaytarmağın onlar üçün qaçılmaz kədərli son olduğunu dərk etməkdən yaranan isterika.”

Göründüyü kimi, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda bütün mövqelərini itirib. Ermənistan birmənalı şəkildə regionda sülhün yaranmasında maraqlı olmadığını, Nikol Paşinyan və onun komandası isə son bəyanatları ilə diplomatiya sahəsində qeyri-peşəkarlıqlarını, bu səbəbdən də aciz şəkildə çabaladıqlarını bir daha nümayiş etdirmiş oldu.

Ancaq Ermənistan tərəfi bunu da unutmasın ki, Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən çox güclü dövlətdir. Mövcud siyasi durum da Azərbaycanın xeyrinə inkişafdadır. Əgər işğalçı Ermənistan münaqişəni sülh yolu ilə həll etmək üçün real addımlar atmasa, Azərbaycan öz torpaqlarını güc vasitəsilə geri almalı olacaq!