07 oktyabr 2020 17:53
1040

Prezidentin dünyaya örnək olacaq qətiyyətli çıxışları

İşğalçı Ermənistan və onun himayədarları anlamalıdırlar ki, indi onların qarşısında 90- cı illərin gücsüz, zəif Azərbaycanı deyil, regionun lider dövləti var

Qoca qitənin qoca dövlətlərindən olan və dünyaya guya demokratiya, insanlıq  dərsi keçməyə çalışan Fransa antitürk və antislam  xarakterini bir daha açıq şəkildə birüzə verdi. Bu həmin Fransadır ki, üzərində bir çox xalqların və millətlərin soyqırımı ləkəsi var.

Belə ki, 1830-cu ildə Əlcəzairi işğal edən Fransa 1962-ci ildə Əlcəzair müstəqillik qazanana qədər ölkəni fransızlaşdırmaq üçün bir assimilyasiya prosesi gerçəkləşdirmişdi. 19-cu əsrin sonlarında 1  milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən  fransızlar əhəmiyyətli imkanlarla təmin edildi. 1954-cü ilin 31 oktyabrında Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladıldı. Ancaq bu qiyama Fransa çoxsaylı həbslər və hərbi müdaxilə ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Fransa ələ keçirdiyi müqavimətçilərə qarşı böyük bir işgəncə tətbiq etdi. Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər. 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirdi.

Afrikanın ortasında  yerləşən Ruandada da müxtəlif qəbilələr hakimiyyət uğrunda mübarizə aparırdı. Fransa Hutu hökumətinə hərbi dəstək verməyə başladı. Bu dəstəklə birlikdə qətliama uğrayan Tutsilərin və qarşı tərəfdən Hutulardan ölənlərin sayı ümumilikdə 800 minə yüksəldi.  Liviyada xaos və terror hadisələrinin ilk səbəbkarı da məhz Fransa oldu. Bütün bunlara  isə  Fransa   və özünü demokrat kimi göstərən digər Avropa ölkələri hələ də susurlar

Bu gün Qarabağda Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etmək uğrunda zəfər döyüşlərindən ciddi narahat olan Fransa dövləti və onun ermənipərəst prezidenti Emmanuel Makronun sərgilədiyi anti-Azərbaycan mövqeyi bir daha onu göstərdi ki, Fransa özünün ermənilərə «sədaqət hissi» kimi «tarixi msssiyası»ndan əl çəkmək fikrində deyil.

 Bəli, məhz bu ağır dönəmlərdə dostlarımız və düşmənlərimiz açıq şəkildə özlərini birüzə verdilər. Tarixən Azərbaycanın yanında olduğunu bəyan edən, İkinci Qarabağ müharibəsinin başlanması ilə Azərbaycanın haqq səsini yenidən dəstəkləyən qardaş Türkiyə Cümhuriyyəti, Pakistan, Əfqanıstan, eləcə də Azərbaycanın hərbi-strateji müttəfiqlərindən olan İsrail və digər dövlətlər ölkəmizi dəstəkləsələr də, düşmənin yanında yer alan Fransa, qərəzli mövqe sərgilədi. Lakin ölkə başçısının cavabı da özünü çox gözlətmədi. Cənab Prezident birmənalı olaraq bildirdi ki, həm Fransa, həm də ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri  Ermənistanın azğınlığına biganə yanaşıblar və Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Bu günə kimi bizim ədalətli mövqeyimizi qulaqardına vuranların hazırda əl-ayağa düşməsi ikili standartların bariz nümunəsidir. Kimlərinsə Azərbaycanı ittiham etməyə heç bir haqqı və hüquqi əsası yoxdur. Hazırkı vəziyyətin yaranmasında əsas günahkar Ermənistan və bu məsələyə biganə yanaşan, daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən Fransa kimi antitürk və antiislam ölkələridir.  

Ali Baş Komandanımız İlham Əliyev həm xarici KİV-lərə verdiyi əhatəli müsahibələrində, həm də xalqa müraciətlərində  ölkəmizin qəti mövqeyini çox aydın şəkildə ortaya qoydu. Prezident dəfələrlə vurğuladı ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Ölkə başçısının «Bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır» söyləməsi isə onun Azərbaycanın tarixi torpaqları haqqında əvvəllər də dəfələrlə qeyd etdiyi fikirlərini bir daha möhkəmləndirmiş oldu.

Dövlətimizin başçısının xalqa müraciət zamanı daha bir neçə tutarlı fikirləri barbar Ermənistan dövlətinə və onun havadarlarına bir sarsıdıcı dərs oldu: «Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən- Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə «andiçmə mərasimi» keçirmişdir. Amma indi siz orada yas mərasimi keçirəcəksiniz».

Təbii ki, Prezident İlham Əliyevin  qətiyyətli çıxışlarının və düşmənə qarşı  əzmkar mübarizəsinin təməlində güclü dövlət, sarsılmaz ordu və milli birlik dayanır. Eyni zamanda, işğalçı Ermənistan və onun himayədarlarından biri olan Fransa dövləti birdəfəlik anlamalıdırlar ki, indi onların qarşısında 90- cı illərin gücsüz, zəif Azərbaycanı deyil, regionun ən güclü ordusuna və iqtisadiyyatına sahib bir Azərbaycan dövləti durur. Bu qüdrətlə biz nəinki Qarabağı alacağıq, hətta tarixi Azərbaycan torpağı olan İrəvana qədər gedib çıxcağıq.

Elçin Zaman, «İki sahil»