KÖŞƏ

Sevinc Azadi

Ermənilərin bitib-tükənməyən fiaskosu

03 noyabr 2020 18:53
1636

Qarabağda gedən döyüşlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. İndiki halda araşdırmalar sadə həqiqətləri üzə çıxarır və bəlli olur ki, Azərbaycan öz ərazilərini işğalçılardan təmizləyir. Bilməyənlər də bildilər ki, 1994-cü ilin 12 mayından indiyədək münaqişənin sülh yolu ilə bağlı aparılan saysız-hesabsız danışıqlar heç bir fayda verməyib. Təəssüf ki, Minsk qrupunun işi turistlərin gəzinti sərgüzəştlərindən uzağa getməyib. Çünki Ermənistan tutduğu ərazilərdən çıxmaq fikrindən uzaq olub, bunu heç ağıllarından belə keçirməyiblər.

İlk olaraq Ermənistan bu müharibəöncəsi güclü beynəlxalq siyasi dəstəyə ümid edirdi və Paşinyanın özündənrazılığı da bundan irəli gəlirdi. Lakin aktiv hərbi əməliyyatlar başlayar-başlamaz Ermənistanın baş nazirinin dünya ölkələri liderlərinə və beynəlxalq qurumlara ünvanlanan zəng və bəyanatları nəticəsiz qaldı. Ermənistanın hər zaman kölə kimi əlinə baxdığı Rusiyanın mövqeyi isə İrəvan üçün ölüm hökmündən betər oldu. Belə ki, Prezident Vladimir Putin müharibənin ilk günlərində “Döyüşlər Ermənistan ərazisində getmir”, son dəfə isə Valdaydakı çıxışında “Azərbaycan torpaqlarının itirilməsi ilə daimi olaraq razılaşa bilməz” kimi fikirləri ilə qurbağa gölünə daş atdı. Eyni vəziyyət ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan Fransa və ABŞ-ın münaqişəyə münasibətinə də aid edilə bilər. Fransa ilk öncə açıq ermənipərəst mövqe nümayiş etdirsə də, sonradan durmalı olduğu yerə çəkildi. ABŞ isə həmişəki nisbi neytrallığını saxladı. Nəhayət, Türkiyənin ilbəil nəinki regionda, dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilməsi və Azərbaycana hərtərəfli açıq siyasi və mənəvi dəstək verməsi Ermənistanın siyasi tabutuna vurulan son mıx effektini verdi. Bir sözlə, ermənilər beynəlxalq aləmdə heç vaxt ağıllarına belə gətirmədikləri siyasi fiaskoya uğradılar.

Məsələnin hüquqi tərəfindən isə bəlkə də heç danışmağa dəymir. Çünki ermənilərin uzun illər mikroskop altında axtarmalarına rəğmən, beynəlxalq hüquqda Qarabağın işğalını haqlı çıxaracaq bircə maddə belə yoxdur. Əksinə, ortada bütün dünya ölkələrinin Dağlıq Qarabağ da daxil olmaqla tanıdığı Azərbaycanın suveren əraziləri, heç kimin, hətta Ermənistanın da tanımadığı qondarma rejim və BMT-nin məlum dörd qətnaməsi var ki, bu qətnamələri də 30 ilə yaxındır nə ATƏT-in Minsk qrupu, nə də beynəlxalq birlik icra edə bilmədiyindən Azərbaycan əsgəri özü cəbhədə icra etməkdədir. Deməli, Ermənistanın bu müharibədə istinad edə biləcəyi beynəlxalq hüququn heç bir bəndi, söykənəcəyi dayaq nöqtəsi yoxdur. Azərbaycanın öz torpaqlarını azad etmək haqqının olması ilə əlaqədar beynəlxalq arenada məsələ qaldıranda isə ermənilər həmişə mövzunu başqa istiqamətə çəkməyə cəhd göstəriblər. Bu gün gərgin döyüşlər getdiyi bir vaxtda biz həmin siyasi taktikanın yenidən istifadə edilməsinin şahidi oluruq. Ermənistanın baş naziri Nikol Paşinyanın dünyanın müxtəlif televiziya kanallarına müsahibələri zamanı sərsəmləməsinin əsl səbəbi onun döyüş meydanında Azərbaycanla üz-üzə qalmasından doğan təlaş, qorxu və məğlubiyyət hissi ilə bağlı idi. Ermənistan rəhbərindən fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin müsahibələri zamanı təmkinli və məntiqli çıxışı lakonik və təkzibolunmaz faktlara söykənir. Dövlət başçısı mövzudan kənara çıxmadan Azərbaycanın öz haqqı uğrunda döyüşdüyünü konkret və sərrast fikirlərlə ifadə edir.

Təbii ki, müharibə təkcə döyüş meydanında aparılmır. Arxa cəbhədəki əhval-ruhiyyə, təchizat imkanları, əhalinin hərbi vəziyyət qaydalarına uyğun səfərbər edilməsi və bütün lazımi resursların bir istiqamətə doğru yönləndirilməsi əsas şərtdir. İctimai düşüncə qələbəyə köklənməlidir. Sözsüz ki, hazırda ölkə daxilində mövcud vəziyyətin şərtlərinə uyğun koordinasiyalı düzgün addımlar atılır. Digər bir nüans var ki, onu qəti unutmayaq. Bu, düşməni yaxşı tanımaqdır. Düşmənin kimliyi məlumdur və onun nə edəcəyi səhih proqnozlaşdırılır.

Bu gün hər kəs Ali Baş Komandanın ətrafında sıx birləşərək, "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını əsas tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışır. Bu günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirməsi də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardandır. Dövlət başçısının qismən səfərbərlik elan edilməsi barədə Sərəncamına müvafiq olaraq əli silah tutan minlərlə insanın, o cümlədən gəncin cəbhəyə yollanması cəmiyyətdə döyüş və qələbə əzminin yüksək olduğunu göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hərbi əməliyyatların dayandırılması üçün konkret şərtlər irəli sürməsi, Ermənistanın bu şərtlərə əməl etməyəcəyi təqdirdə ərazi bütövlüyümüzün güc yolu ilə bərpa ediləcəyi barədə qətiyyətli fikirləri xalqımızda ruh yüksəkliyi yaradır. Hər kəs ürəkdən əmindir ki, Azərbaycanın işğal altında olan bütün ərazilərinə öz üçrəngli bayrağını sancacağı, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdacağı gün uzaqda deyil. Vətən müharibəsində qələbə bizimlədir!