KÖŞƏ

Sevinc Azadi

Ermənipərəst fars şovinistindən növbəti sərsəmləmə

23 dekabr 2022 01:58
5703

Movahhediyan da, digərləri də bilməlidirlər ki, əgər molla rejimi hər hansı formada Azərbaycan və Türkiyəyə qarşı addımlar atmağa cəhd edərsə, o zaman “qüdrətli İran”a “qardaş yumruğu”nun enməsinə də hazır olmalıdır

İran Azərbaycana qarşı ərazi iddialarını gah mollaların, gah “hüseynçilərin”, gah jurnalistlərin, gah da “siyasətçilərin”, “ekspertlərin” dili ilə irəli sürür. Bu günlərdə Azərbaycan və Türkiyəni “Twitter” hesabında hədələyən iranlı “siyasətçi” Ehsan Movahhediyan Azərbaycan dövlətini “Bakı” adlandıraraq növbəti sərsəm fikirlər irəli sürüb. O, deyir: “Türkiyənin hərbi naziri bildirib ki, Bakı əsgərlərinə təlim keçmək üçün bu ölkəyə daxil olan ordumuz Zəngəzur dəhlizi açılana qədər Bakı Respublikasında qalacaq. Bu isə, o deməkdir ki, Türkiyə, Bakı və İsrail Ermənistanın cənubuna hücum edib Süniki (Zəngəzur) işğal etməkdə qəti qərara gəliblər. Əsgərlərinin sayını dəqiqləşdirsələr, onlara kifayət qədər qəbir qazarıq!”

Bu yerdə Azərbaycanın el deyimi yada düşür: "Keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtər". Biz dəfələrlə İran rəsmilərindən Azərbaycana qarşı müxtəlif təhdidlərin, saxta informasiyalarla təbliğatın şahidi olmuşuq. Ehsan Movahhediyanın Azərbaycana qarşı kin qusmasının səbəbi isə İrandaxili hazırkı siyasətdən ilham almasıdır. Məlumdur ki, İranda Azərbaycan əleyhinə fəaliyyət bir dövlət siyasətidir. Bu xəstə təxəyyüllü məxluqun Azərbaycan əleyhinə ifadələri elə əslində, İranın, xüsusi xidmət orqanlarının mövqeyi kimi qəbul edilməlidir. Çünki İran “siyasətçiləri” tərəfindən ölkəmizin adının “Bakı respublikası” adlandırılması ilk dəfə deyil. İranın hətta rəsmi şəxsləri belə öz çıxışlarında ara-sıra bu cür ifadələr işlədiblər. Konkret Ehsan Movahhediyana gəldikdə isə bu adam “Bakı və Türkiyənin fitnəsinə son qoymaq üçün İran Naxçıvanı geri almalıdır”, “Naxçıvan İranın Qüdsüdür və azad edilməlidir”, “Türkiyənin Qafqazdan həmişəlik əlaqəsini kəsmək üçün Naxçıvanın alınması şərtdir” və bu kimi başqa açıqlamaları ilə də konkret olaraq Azərbaycan ərazilərinə təcavüz üçün çağırışlar edir. İndi də Azərbaycan və Türkiyə tərəfinin Zəngəzur dəhlizinin açılmasının vacibliyi ilə bağlı bəyanatlarına bu şəkildə həyasızcasına münasibət bildirərək, Zəngəzuru “Sünik” adlandırmasına və bizi guya ki, işğala hazırlaşmaqda ittiham etməsinə onun indiyə qədərki böhtanlarının davamı olaraq baxmaq lazımdır. O ki qaldı bu savadsız fars şovinistinin Azərbaycan və Türkiyə əsgərinə xitabən “onlara kifayət qədər qəbir qazarıq” ifadəsinə, hər kəs bunu bilir ki bu, qorxudan verilmiş bir bəyanatdır. Çünki Movahhediyan da, elə rəsmi Tehran da qorxu içindədirlər. Türkün birliyindən, gücündən, Azərbaycanın hər gün artan nüfuzundan qorxurlar. İstər İslam Əməkdaşlıq Təşkilatında, istər dünyanın 120 dövlətini özündə birləşdirən Qoşulmama Hərəkatında nüfuzunun artması, Çinin, Rusiyanın, ABŞ və Avropa İttifaqı dövlətlərinin, o cümlədən müsəlman ölkələrinin böyük əksəriyyətinin dünyəvi ölkə olan Azərbaycanla əməkdaşlığa böyük maraq göstərməsi fonunda İran nüfuzunun yetərincə azaldığını hiss edir və qabaqlayıcı tədbirlər görməyə çalışır. Xüsusilə Azərbaycanın təxminən 4 il ərzində işğal edilmiş torpaqlarını cəmi 44 günə işğaldan azad edərək dünyada qalib dövlətlər sırasına çıxması, Türkiyə və Pakistanla strateji müttəfiqliyini daha üst səviyyəyə çatdırması İranın narahatlığını bir az da artırıb ki, bunun da nəticəsində əndişə və qorxunun verdiyi cəsarətlə Azərbaycana əzələ nümayiş etdirməyə çalışır. Rəsmi Tehranda unudurlar ki, artıq Azərbaycan onların dedikləri kimi imperialistlərin müstəmləkəsi deyil, dünya güclərinin hesablaşdığı müstəqil, qüdrətli dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılda – Araz çayının sahilində verdiyi bəyanat da buna sübutdur. Dövlətimizin başçısı deyib: “Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.

Odur ki, Movahhediyan da, digərləri də bilməlidirlər ki, nə Azərbaycanın, nə də Türkiyənin İran qorxusu yoxdur. Əgər İranın molla rejimi hər hansı formada Azərbaycan və Türkiyəyə qarşı addımlar atmağa cəhd edərsə, o zaman “qüdrətli İran”a “qardaş yumruğu”nun enməsinə də hazır olmalıdır.