KÖŞƏ

Sevinc Azadi

İranın “Zəngəzur dəhlizi” xofu

25 oktyabr 2022 02:41
6683

Azərbaycan 1918-ci ildə müstəqil olduqdan və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən indiyədək qonşularla daim sülh və əməkdaşlıq şəraitində yaşamağa çalışıb. Təəssüf ki, həm Cümhuriyyət dövründə, həm də müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı düşmən mövqedə olan qonşular olub və bu gün də var. Bu iki qonşunun biri Ermənistandırsa, digəri İrandır.

Ermənistan bütün dövrlərdə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib. Hərçənd Ermənistan tarixi Azərbaycan torpaqları üzərindən qurulmuş bir dövlətdir və Azərbaycan torpaqlarını da 30 ilə yaxın işğal altında saxladı. Təəssüf ki, rəsmi adında “İslam” sözü olan İran Ermənistanla birgə Azərbaycana qarşı düşmən mövqeyi göstərib və göstərməkdə davam edir. Bu düşmən mövqeyi Azərbaycan torpağı işğal altında olduğu dövrdə də İranın Ermənistana yardımı ilə gördük. Habelə, Azərbaycan torpaqlarını işğaldan azad etdiyi 44 günlük müharibə zamanı da İran Ermənistana dəstəyi ilə əsl üzünü göstərmiş oldu. Bu azmış kimi İran cəfəng fikirləri ilə Ermənistana təbliğati baxımdan da yardım edirdi. Həmin vaxtlar iddia edirdi ki, guya Azərbaycan torpaqlarında muzdlu əsgərlər, terrorçular döyüşür… Bunu İranın adi kütləvi informasiya vasitələri deyil, ölkənin ali rəhbərindən tutmuş, prezidentinə, xarici işlər nazirinə, səfirinə qədər hər kəs səsləndirirdi.

İranın Azərbaycana qarşı düşmənçilik mövqeyi bu gün də davam edir. Ötən müddət ərzində Azərbaycan İrana xoşməramlığını dəfələrlə nümayiş etdirsə də, İran “xain xoflu” xislətindən əl çəkmir. İran Türkiyə-Azərbaycan münasibətlərindən, əməkdaşlığın inkişaf etdirilməsindən qıcıqlanır, buna xaincə yanaşır. Bütün bunlar azmış kimi, İran Cənubi Azərbaycandakı soydaşlarımızın milli haqlarını addımbaşı tapdalayır. Hər kəs yaxşı bilir ki, indiki İranda mərkəzləşdirilmiş fars düşüncəli sistem hakimiyyətə Qacar səltənətini devirməklə gəldi. Pəhləvilər xarici qüvvələrin əli ilə hakimiyyətə gəldilər və türklərin – azərbaycanlıların hakimiyyətinə son qoyaraq fars şovinist düşüncəli sistemi hakimiyyətə gətirdilər. Bu gün də İslam pərdəsi altında həmin panfarsist şovinist düşüncəli ideologiyanın daşıyıcıları hakimiyyətdədir. Bu ideologiyanın adı İran mərkəzli fars düşüncə sistemidir. Məhz bu düşüncəyə görə Cənubi Azərbaycandakı 30 milyonluq azərbaycanlılar təzyiqlərə məruz qalaraq sıxışdırılır. Onların məktəblərdə ana dilində təhsil almasına imkan verilmir. Bax, İranın azərbaycanlılara, Cənubi Azərbaycana, Azərbaycan Respublikasına münasibəti budur.

Bu günlərdə İranın Azərbaycanla sərhəddə hərbi təlimlər həyata keçirməsi, ardınca xarici işlər nazirinin tez-tələsik İrəvana gedib ardınca Qafanda konsulluq binasının açılışını etməsi Tehranın son hadisələr fonunda açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərdi. Belə anlaşılır ki, əslində Tehranın əsas narahatlığı Azərbaycanın Türkiyə ilə daha da yaxınlaşması və Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsidir. Tehranda anlayırlar ki, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi İranın uzun illərə hesablanmış regional siyasətinə zərbədir. Ya da başqa deyimlə Tehranın regionla bağlı planlarını pozur. Bu səbəbdən də İran indi açıq şəkildə, bütün imkanları ilə Ermənistana “stavka” edir. Çünki Tehran düşünür ki, ermənilər vasitəsilə Zəngəzur dəhlizi layihəni pozmaq, Türkiyənin Qafqazda möhkəmlənməsi prosesini ləngitmək olar. Araz sahilindəki təlimlər və Qafanda konsulluğun açılması o deməkdir ki, Tehran güc tətbiq etməklə də olsa Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışacaq. Ancaq bunu özü birbaşa edə bilmədiyi üçün ermənilər vasitəsilə etməyə çalışır.

İndi də İran Silahlı Qüvvələrinin Quru Qoşunları Qərbi Azərbaycan vilayətində, İraq və Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıb. Bu barədə “Mehr” məlumat yayıb. Manevrlər xüsusilə Pasve və Piranşəhr yaşayış məntəqələri ərazisində təşkil olunub. Məlumata görə, hərbi təlimlərin keçirilməsində məqsəd bölmələrin döyüş hazırlığının artırılması və gecə saatlarında hərəkətlərin işlənib hazırlanmasıdır.

Lakin İranın bu “əzələ nümayişi” bu gün heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat etmir. Qlobal gücə çevrilən, dünyada söz sahibi olan Azərbaycan bu gün Avropanın, ABŞ-ın bu sahədə əsas tərəfdaşlarından biridir. Azərbaycanın Türkiyə ilə müttəfiqliyi isə bu gün regionda sülhün və sabitliyin əsas təminatına çevrilməkdədir. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla oktyabrın 20-də Cəbrayılda mətbuata birgə bəyanatında bildirdiyi kimi, “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

Öz mədəni və tarixi keçmişinə xəyanət edərək məzlumun deyil, zalımın yanında olmağa üstünlük verən İran bu mesajdan ciddi nəticə çıxartmalı, hansı qüvvə ilə üz-üzə gəlmək istədiyini anlamalıdır.