Sevinc Azadi |
Fransa Prezidenti Emmanuel Makronun, o cümlədən bu ölkənin siyasətçilərinin Ermənistan sevgisi rəsmi Parisin Cənubi Qafqazda olan-qalan mövqeyini də əhəmiyyətli dərəcədə sarsıdıb. Ümumiyyətlə, fransız siyasətçilər tərəfindən hadisələrin birtərəfli təsviri Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə və uzunmüddətli sülhün bərqərar olmasına ciddi zərər vurur. Bundan ən çox zərər görən tərəflər isə elə ermənilərin özləridir. Çünki sülh müqaviləsinin imzalanmasının uzanması Ermənistanın qonşularla normal münasibətlər qurub inkişaf yoluna qədəm qoymasının qarşısını alır.
Ümumiyyətlə, Makron heç zaman bitərəf, qərəzsiz və tarazlaşdırılmış siyasət apara bilmək qabiliyyətinə malik olmayıb. Buna Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul etməsi zamanı bir daha şahid olduq. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Qətnamə layihəsində Fransa hökumətinə “Dağlıq Qarabağda humanitar büro açmaq”, qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması və s. yer alır. Əslində Fransanın belə addım atacağı gözlənilən idi. Hələ iki il əvvəl Yelisey sarayının xeyir-duası ilə qəbul olunan və hökumətdən Qarabağın müstəqilliyini tanımağı tələb edən qətnamə Fransa Xarici İşlər Nazirliyi tərəfindən zərərli sayılaraq icra olunmamışdı. Nazirliyin rəsmi nümayəndəsi açıq şəkildə bildirmişdi ki, bu qərarın qəbulu “Fransanın və Ermənistanın maraqlarına xidmət etmir”. Ancaq nədənsə bunu əvvəlcədən bilə-bilə layihənin Senatda müzakirəsinə razılıq vermişdilər. Görünür düşünmüşdülər ki, qətnamənin qəbulu dünya ictimai rəyinə təsir edər və bəlkə Qarabağın müstəqilliyini digər dövlətlər tanıyarlar və Fransanın qabağa düşməsinə ehtiyac qalmaz. Məlum olduğu kimi, həmin dövrdə onların gümanları özünü doğrultmadı və qəbul olunan qətnamə əhəmiyyətsiz “kağız parçası”ndan başqa bir şey ola bilmədi. Bu qətnaməni də özündən əvvəlkinin taleyi gözləyir və o da Fransa Senatının dayanmadan “istehsal etdiyi” mənasız sənədlər içərisində öz “şərəfli” yerini tutacaq.
Amma Ermənistan özünü yenə də riyakarcasına aparır. Ölkə Fransa Senatının məlum qətnaməsində yer almış Qarabağ ermənilərinə, Xankəndidəki separatçı və terrorçu rejimə müstəqillik ideyalarından dəm vuran tezislərdən əməlli-başlı ruhlanıb. Ölkənin xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın danışıqlar prosesində guya maksimalist mövqe tutduğunu bildirir. O, ilk dəfə bu fikri Ermənistan parlamentində ölkənin 2023-cü il üçün dövlət büdcəsinin müzakirəsi zamanı dilə gətirmişdisə, Avropa İttifaqının və Avropa İttifaqına üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndələrindən ibarət heyət ilə görüşdə yenə eyni tonda danışdı. Fransa Senatının qətnaməsi, Azərbaycanın “maksimalist” sayılan mövqeyini guya ölkəmizin Ermənistanın ərazi bütövlüyünü pozması ilə izah edir. Halbuki Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Ümumilikdə, sülh prosesini uzadan İrəvandır. Belə olan halda, qətnamədən ruhlanmış erməni siyasilər hansı ərazi bütövlüyündən danışırlar? Bu yerdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərsəmləməsini də xatırlayaq. O deyib ki, “Dağlıq Qarabağ konflikti həll edilmədən və ya bu məsələnin həlli yoluna aydınlıq gəlmədən Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkün deyil”.
Göründüyü kimi, Ermənistan rəhbərliyi nəticə çıxarmaq niyyətindən tam uzaqdır. Növbəti Brüssel raundu öncəsi bu durumun yaşanması isə görüşün əhəmiyyətini bəribaşdan heçə endirməkdədir. Azərbaycanın səbri isə tükənməz deyil. Ermənistan rəhbərliyi, xüsusən də baş nazir Nikol Paşinyan vəziyyəti düzgün qiymətləndirməlidir. Nəzərə almalıdır ki, növbəti hərbi qarşıdurma Ermənistan dövlətçiliyinin mövcudluğunu sual altına sala bilər.