KÖŞƏ

Sevinc Azadi

Paşinyanın siması Ermənistanın biabırçı məğlubiyyətinin rəmzidir

07 dekabr 2020 16:31
1897

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları böyüməkdə davam edir. Müxalifət hesab edir ki, 44 günlük döyüşləri uduzan, Ermənistanı ağır siyasi, sosial, iqtisadi və hərbi vəziyyətə salan baş nazir və hökumətin bundan sonra dövləti idarə etməyə haqqı çatmır. Odur ki “Ermənistan cəmiyyətini düşdükləri və uzun illərdir çıxa bilmədikləri bataqlıqdan kim və hansı qüvvə çıxara bilər” sualı təbii olaraq düşündürür. Müstəqillik əldə etdikdən sonra Ermənistanın başı Qarabağla bağlı boş-boş vədlərə və xülyalara qarışdı. Dövlət və cəmiyyət ələbaxan oldu.

Əslində, cəmiyyətin müəyyən hissəsi 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliyinə inanmışdı. Ancaq bu inamın da ömrü noyabrın 9-dək sürdü. Qərbin dəstəklədiyi Nikol Paşinyanın başçılıq etdiyi siyasi qüvvə ümidləri doğrultmadı. Nəticədə həm özü, həm dövləti, həm də ermənilik adlı faşist ideologiyası uduzdu. Başqa sözlə, Ermənistanda Qərb partiyası məğlub oldu. İndi Ermənistanın ənənəvi olaraq gözləri Şimala dikilib. İndi bu ölkədə Rusiyanı razı salacaq hökumətin qurulacağı gözlənilir.

Paşinyanın rəhbərlik etdiyi hökumətə qarşı etirazların fasiləsiz olaraq davam etməsi, demək olar ki, ölkədə xaos yaradıb. Digər tərəfdən, iqtisadiyyatın tam tənəzzülə uğraması, koronavirus pandemiyasının dərinləşməsi, müharibədə öldürülənlərin cəsədlərinin hələ də ailələrinə verilməməsi Paşinyan hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Bu səbəbdən də iqtidar komandasında parçalanma baş verib, onların arasında müxalifətlə həmrəy olub baş nazirin istefasını tələb edənlər var. Son etiraz aksiyaları zamanı N.Paşinyanın istefasını tələb edən Yerevan sakinləri şəhərin iki prospektini hərəkət üçün tam bağlayıblar. Polis yolu güc tətbiq etməklə açmağa cəhd göstərib, aksiyanı dağıtmaq üçün hərbi bölmələr cəlb olunub. Onlarla aksiyaçı hadisə yerindən polis şöbəsinə aparılıb. Onların arasında Ermənistan parlamenti aparatının keçmiş rəhbəri Ara Saqatelyan, separatçıların nümayəndəsi Tiqran Abramyan, keçmiş deputat Miqran Akopyan və başqaları da var. Etirazçılar küçələri avtomobillərlə bağlayıblar. Polislər evakuatorların yardımı ilə yolu açırlar. Ermənistan KİV-inin məlumatına görə, son aksiyalardan etibarən zorakılığa məruz qalan jurnalistlər də etiraz edənlərə qoşulublar. Noyabrın 10-dan başlayan mitinqlər zamanı polislərin zorakılığına məruz qaldıqlarını bildirən jurnalistlər onlara qarşı güc tətbiq edənlərin həbsini tələb edirlər. Söz azadlığı adı altında yayılan bəyanatda deyilir ki, noyabrın 9-dan 10-na keçən gecə Yerevanda Ermənistan xüsusi xidmət idarəsinin əməkdaşları bir qrup jurnalisti döyüb. O cümlədən KİV nümayəndələrinin toplandığı əraziyə səs qumbaraları atılıb və jurnalistlərin arasında xəsarət alanlar var. Zərərçəkənlər ədalət bərpa olunanadək bütün lazımi vasitələrə əl atacaqlarını deyiblər.

Ermənistan mediasının yazdığına görə, hər gün axşam saatlarınadək Yerevanın küçələrində istefa şüarları səsləndirilir. Etirazçılar küçələrə əllərində "Paşik qatildir!”, "Xəyanətkar Nikol!” yazılmış şüarlarla çıxıblar. Yerevandakı etiraz aksiyaları ilə əlaqədar həbs olunanların sayının artacağı istisna edilmir. Çünki hakimiyyət özü üçün təhlükəli saydığı şəxsləri daha çox həbsə atmaqla onları neytrallaşdırmağa üstünlük verir. Elə baş nazirin açıqlamaları da həbslərin davam edəcəyini deməyə əsas verir. "4rd.am” saytı yazır ki, N.Paşinyan ölkədə ona qarşı etirazların artıq sona yetdiyini, amma tam həll olunmadığını deyib. O, yaxın ətrafına söhbəti zamanı paytaxtdakı yolları bağlayanları, hökumət binalarına qanunsuz daxil olanları vətənpərvər şüarlar və sosial ədalət çağırışları altında gizlənən terrorçular adlandırıb: "Ermənistan baş naziri deyib ki, bu məsələ ilə bağlı hərtərəfli istintaq aparılmalıdır. Yerevan nə Beyrut, nə də Hələbdir və burada qiyam mümkün deyil, hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir”.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan “5-ci kanal”a müsahibəsində deyib ki, baş nazir Nikol Paşinyanın siması Qarabağ müharibəsində Ermənistanın biabırçı məğlubiyyətinin rəmzidir. “Təslim sənədinə imza atan, məğlub olan hakimiyyət xalq naminə dəyişdirilməlidir. Paşinyan hər dəfə peyda olanda, hər ekranda görünəndə və ya “Facebook”da nəsə yazanda itirən bir millət olduğumuzu göstərir", - deyə Köçəryan bildirib. Onun sözlərinə görə, erməni xalqını və dövlətini bu yükdən azad etmək üçün Paşinyan sadəcə getməlidir ki, insanlar özlərini məğlub hiss etməsinlər: "Başqa cür ola bilməz. Bizim “varçapetimizin” sifəti məğlubiyyətin ağrısını xatırladır".

Ölkənin indiki prezidenti Armen Sarkisyan isə yerli "Arovat” nəşrinə müsahibəsində deyib ki, Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub. Bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb: "1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi. Biz bu demoqrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi”. Sarkisyan həmçinin vurğulayıb ki, Azərbaycan öz diplomatiyasını da gücləndirmək üçün hər şey etdi.

Prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycandan geri qaldıqlarını deyib. Bundan başqa, o, Ermənistanda informasiya texnologiyaları sahəsinin inkişafı ilə bağlı deyilənlərlə razı olmadığını bildirib. Sarkisyanın sözlərinə görə, Ermənistanda elm də geri qalıb: "Ölkənin Elmlər Akademiyası bir neçə dəfə ixtisar edilib, daha pis maliyyələşdirilir. Çox yaxşı alimlərimiz var, insanlar var, amma sistem yoxdur”.

Göründüyü kimi, Ermənistanda bir sıra sahələrdə vəziyyətin ağır olduğu, heç bir inkişafın baş vermədiyi ölkənin prezidenti tərəfindən də etiraf olunur. Lakin Ermənistan müstəqil ola bilmədiyi üçün dövlətin rəhbəri əksər problemlər barədə danışa bilmir. Ən azından Ermənistan iqtisadiyyatı barədə fikirlərini bildirməkdən yayınır.

Ermənistanın bütün problemlərinin kökündə dayanan əsas səbəb isə illər ərzində işğal siyasəti yürütməsidir. Bu siyasətin nəticəsində ölkə inkişafdan geri qalıb, vətəndaşları səfil vəziyyətinə düşüb. Azərbaycan isə 44 günlük müharibədə torpaqlarını azad etməklə yanaşı, Ermənistana olduqca dərin siyasi, hərbi, həm də iqtisadi və mənəvi zərbə vurub. Hazırda tarixinin ən ağır günlərini yaşayan Ermənistanın bu zərbələrdən özünə gələ bilməsi mümkün deyil.