KÖŞƏ

Sevinc Azadi

44 günlük Vətən müharibəsi 30 illik işğala son qoydu

08 yanvar 2021 18:51
1822

Bu tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirməklə bərabər, bizləri gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidinə çevirdi

Azərbaycan dövlətçiliyi Azərbaycan xalqının son otuz illik dövrü ərzində apardığı mübarizənin nəticəsində formalaşaraq müasir vəziyyətə gəlmiş, çoxsaylı faciələr və qanlı-qadalı hadisələr yaşamış, şəhidlər vermişdir. XX yüzilliyin sonları Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi. Ölkə daxili və xarici düşmənlərin əli ilə parçalanmaqda idi. Azərbaycanı güclənməkdə olan fəlakətdən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilas etdi. Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü Heydər Əliyev onilliyidir. Məhz bu dövrdə "müvəqqəti atəşkəs rejiminin" yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitliyə nail olunmuş, dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar keçirilmiş, qlobal layihələrə imza atılmış, respublikamız tədricən dünya birliyinin sıralarında yer almış və sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdı.

Azərbaycanın bütün sahələrdə güclənməsinə baxmayaraq, xristian Ermənistanına himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün təsis edilmiş ATƏT-in Minsk qrupu 28 il ərzində problemin hərbi yolla həllinə imkan verməmişdi. Nəinki imkan verməmiş, hətta BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qəbul etdiyi 5 qətnamə, habelə AŞPA və ATƏT-in özünün qəbul etdiyi qətnamə və qərarların da kağız üzərində qalmasına səbəb olmuşdu. Süni şəkildə yaradılmış çətinliklərə, xristian həmrəyliyinə, Ermənistana edilən havadarlığa, onun hərtərəfli şəkildə silahlandırılmasına, regionda gedən geosiyasi mübarizəyə baxmayaraq, zaman Azərbaycanın xeyrinə işləyirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə diplomatik-siyasi müstəvidə getdiyi üçün bu mübarizə səbir, qətiyyət və iradə tələb edirdi. Ümummilli lider Heydər Əliyev təsadüfi olaraq demirdi ki: "Diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbir, iradə və əzm göstərməklə istədiklərinə nail ola bilirlər''. Bu əzm və qətiyyəti Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev göstərdi və göstərməkdə davam edir.

Hələ prezidentliyinin əvvəllərindən münaqişənin siyasi yollarla həll olunmasına sadiqliyini sərgiləyən cənab İlham Əliyev bununla belə, əgər zərurət yaranarsa hərb yolunun da istisna olunmadığını vasitəçilərə bildirmiş, beynəlxalq tribunalardan səsləndirmişdi. Zaman etibarı ilə qısa müddətə müasir beynəlxalq standartlara cavab verən güclü və mütəşəkkil Azərbaycan Ordusu yaradılmış, müasir silahlar və döyüş texnikaları ilə silahlandırılaraq NATO nümunəsində ordu quruculuğu həyata keçirilmişdi ki, onun hansı gücə qadir olduğunu 2016-cı ilin Aprel döyüşləri göstərdi. Ermənistanın keçmiş rəhbərliyi 2016-cı il Aprel döyüşlərindən olduqca ciddi "dərs aldı".

2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Sonuncu təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu, Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının kapitulyasiyası ilə başa çatdı.

Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq, çaxnaşma və olduqca mürəkkəb vəziyyət yaratdı. Ermənistanın qüdrəti, lobbisinin gücü, etməni quldur dəstələrinin məğlubedilməzliyi haqqında onilliklərboyu formalaşdırılmış miflər Milli Ordumuzun aramsız zərbələri altında dünyanın gözü qarşısında "cəhənnəmə vasil oldu". Azərbaycan Ordusu xalqımızın son otuz ildə verdiyi şəhidlərin və qurbanların intiqamını aldı. Noyabrın 10-da gecə imzalanmış Bəyanat Ermənistanın qeyd-şərtsiz təslim olduğunu bütün dünyaya bəyan etməklə, eyni zamanda türk-İslam birliyinin qüdrətini də göstərdi, suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin tarixi qətnamələrini kağız üzərindən gerçək həyata köçürdü.

Bu 44 günlük zəfər yürüşü adi yürüş deyildi. Bu yürüş tarixin axarına yeni nizam verən zəfər idi. Bu zəfər iki yüz ildə itirilən torpaqların geri qayıdış Zəfəri idi. Bu qayıdış haqqın geri qayıdışı idi. Bu qayıdış Ali Baş Komandanın müdrik siyasətinin, uzaqgörənliyinin nəticəsi idi. Bu qələbə ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan Ordusunun qələbəsi idi. Düşmən tapdağında olan torpağımızın hər qarışının şəhid qanı və canı ilə qayıdışının qələbəsi idi. Xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inam və güvəninin qələbəsi idi. Bu tarixi qələbəni isə xalqımız başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, şəhidinin qanı ilə qazandı.

Bəli, Ermənistan artıq həm döyüşdə, həm də siyasət meydanında məğlub tərəfdir. Nə qədər çox aqressiya sərgiləsə, bir o qədər çox uçuruma yuvarlanacaq. Necə ki, hazırda İrəvanda siyasi proseslər idarəolunmaz hala çatıb, ictimai-siyasi böhran dərinləşib, Ermənistan iqtisadi uçurumla üz-üzə dayanıb. Azərbaycan isə tarixi ədaləti, beynəlxalq hüququ bərpa edərək qələbənin sevincini yaşayır.