21 yanvar 2021 19:02
1293

Azərbaycan müsəlman aləminin ayrılmaz parçası, islami dəyərlərə sadiqlik nümunəsidir

Ölkəmizin İSESCO və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə möhkəmlənən əlaqələri müsəlman ölkələrinin birlik və həmrəyliyini gücləndirir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  (TDƏŞ) Qırğızıstanda  keçirilən Zirvə Görüşündə «2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir» söyləyən Prezident İlham Əliyev  sədrlik etdiyi müddətdə TDƏŞ-də təmsil olunan ölkələrin birgə səyi ilə   İslami dəyərlərin təbliği, müsəlman ölkələri  arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində  mühüm addımların atılacağını bildirdi.  BMT,  ATƏT, Qoşulmama Hərəkatı,  İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin davam etdiriləcəyi diqqətə çatdırıldı.

Ənənəvi olaraq keçirilən Zirvə görüşlərində  iqtisadi əlaqələri  genişlənən müsəlman ölkələrinin islami dəyərlərin təbliği istiqamətində  birgə fəaliyyəti ilə bağlı təşəbbüslər irəli sürülür.  Bakıda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası müsəlman ölkələrinin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından əhəmiyyətli idi.  Ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  həmişə ölkəmizin   ədalətli mövqeyini dəstəkləyən,   beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistanın  işğal etdiyi  torpaqlarımızda  apardığı etnik təmizləmə siyasətini pisləyərək,  xalqımıza məxsus  tarixi-mədəni irsin, İslam abidələri və məscidlərimizin dağıdılmasını  bəşəri cinayət  adlandıraraq  mövqelərini   Zirvə görüşlərinin  yekun bəyanatlarında rəsmən təsdiqləyən  TDƏŞ-in  üzvləri Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını bəyan edirlər.
 Dünyanı bürüyən  pandemiya dövründə  TDƏŞ-in üzvlərinin iştirakı  ilə  keçirilən birgə  videokonfransda  COVID-19-a qarşı mübarizə   istiqamətində  görülən işlərdən bəhs edən Prezident İlham Əliyevin   beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən təşəbbüsləri humanizmə əsaslanan islami dəyərlərə verilən qiymətdir.

Prezident İlham Əliyev  İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdikdən sonra  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş direktoru  Bağdad Amreyev ilə  videoformatda görüşünün keçirilməsi  bir daha göstərdi ki, İslam aləminin ayrılmaz parçası olan Azərbaycana maraq və dəstək  hər  zaman aktualdır.

Müsəlman dövlətlərinin təmsil olunduğu təşkilatların yüksək səviyyəli nümayəndələri ilə söhbətində 30 illik danışıqlar prosesinin heç bir nəticə vermədiyini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi ,  44 gün davam edən müharibədə  bölgədə yeni reallıqların təməlini qoyan Azərbaycan  erməni faşizmini də  çökdürdü,  yeni səhifələr açdı. Beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini güc yolu ilə reallaşdıran  Azərbaycan tarixi torpaqlarını işğaldan azad etməklə, XXI əsrin müharibə  salnaməsinə yeni səhifələr yazdı. İşğal olunmuş ərazilərdə 70 məscidi dağıdan, islami dəyərlərə, müsəlman mədəniyyətinə zərbə vuran  ermənilər vəhşiliklərini gizlətməyə çalışsalar da, buna nail ola bilmədilər. Dağıdılımış ərazilərdə olan, erməni  silahlılarının törətdikləri cinayətlərdən dəhşətə gələn xarici qonaqlar Azərbaycanın işğal edilmiş ərazilərində  heç yerdə görmədikləri faciənin, vəhşiliklərin şahidi olduqlarını  etiraf etdilər.

Bugünlərdə  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edən Prezident İlham Əliyev 44 gün davam edən, 30 illik işğala  son qoyulan  müharibədə  Azərbaycan  Ordusunun şücaəti,  erməni vandallarının  dağıtdıqları şəhər və kəndlərdə  viran qoyulan tarixi abidələrimiz, məscidlərimiz, ziyarətgahlarımız haqqında ətraflı danışdı. «Təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı «Qafqazın Xirosiması»” adlandırıblar. Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar. Zəngilan da, Cəbrayıl da, Qubadlı da praktiki olaraq tamamilə dağıdılıb. Təkcə şəhərlər yox, kəndlər də. Siz Füzuliyə, Ağdama gedəndə yol boyunca yəqin ki, tamamilə dağıdılmış kəndləri görmüsünüz» söyləyən Prezident İlham Əliyev bildirmişdir ki,  insanlara qarşı  törətdikləri  cinayətləri ilə faşist xislətlərini həyata keçirən,  Azərbaycanın mədəni irsinin izlərini məhv edən erməni quldurları  evləri dağıdaraq aparılması mümkün olan nə varsa hamısını daşıyıblar. İşğal etdikləri ərazilərdə süni məskunlaşdırma siyasəti aparan ermənilərin Cenevrə konvensiyalarını ən kobud şəkildə pozmaları isə hərbi cinayətdir. Erməni vəhşiliklərinin    KİV-lərdə, sosial şəbəkələrdə yayımlanması ilə  dünya ictimaiyyəti erməniliyin mahiyyətini gördü.  «Lakin noyabrın 10-da imzalanmış Bəyanata müvafiq olaraq, işğalçılar həmin əraziləri tərk edəndə, onlara təxminən 20 gün vaxt verilmişdi, bu müddətdə onlar özlərinin tikmədiyi, qanunsuz olaraq soxulduqları evləri yandırır, meşələri qırır, bütün infrastrukturu məhv edirdilər. Laçın və Kəlbəcər rayonlarında 10-dan çox su elektrik stansiyası vardı, onlar hamısı dağıdılıb, yəni bu, barbarlıqdır. Bütün dünyanın gözü qarşısında buna sadəcə, başqa ad vermək mümkün deyil. Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib» söyləyən Prezident İlham Əliyev bildirdi ki,  Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa  tamamilə boşalıb, məscidlər dağıdılıb, tarix və mədəniyyət abidələri, görkəmli şəxsiyyətlərin yaşadıqları evlər tanınmaz hala salınıb,  büstləri güllələnib. «Müharibə qurtarıb, Azərbaycan qələbə qazanıb. Lakin biz bunu heç vaxt unutmayacağıq və heç vaxt unutmamalıyıq»  söyləyən Prezident İlham Əliyev  bildirdi ki,  Azərbaycan xalqı öz gücü ilə  dağıdılmış  əraziləri bərpa edəcək.   Görüşdə vurğulandığı  kimi TDƏŞ-ə daxil olan müsəlman dövlətlərinin,  TÜRKSOY-un   Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi   illərdə,  döyüşlərin davam etdiyi  zaman Azərbaycanı dəstəkləməsi, müsəlman dövlətlərinin  birlik və həmrəyliyi  islamofobiya yaradan erməni havadarlarına   zərbədir. İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində Türk Şurasının Baş katibi adından 4 rəsmi  bəyanatın verilməsi ölkəmizin haqq işinə dəstək,  İslam həmrəyliyinin nümunəsidir.

«Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək» söyləyən Prezident İlham Əliyev  işğaldan azad olunmuş bölgələrdə  TÜRKSOY-un iştirak edəcəyini bildirdi. «Buna görə də düşünürəm ki, işğalçı qüvvələrin barbarlığını, məhz bizim mədəni-tarixi irsin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin bizim tarixi-mədəni abidələrin bərpa edilməsində bizə kömək də TÜRKSOY-un diqqət mərkəzində olacaq» söyləyən dövlət başçımız vurğulayıb ki, bu proses artıq başlanıb.

Bu yerlərin əvvəlki şöhrəti,  siması çox tezliklə bərpa olunacaq. Bərpa işlərində  müsəlman ölkələrinin  iştirakına dair böyük biznes forum keçiriləcək. Dini abidələr müsəlman ölkələrinin iştirakı ilə daha  möhtəşəm görkəm alacaq. Ötən illərdə İslam Mədəniyyətinin Paytaxtı elan olunan Bakı və

Naxçıvandan sonra bu dəyər yenə də Azərbaycana nəsib olacaq. «Biz hər il türk dünyasının mədəni paytaxtını elan edirik. 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik. Bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar» söyləyən TDƏŞ Baş katibinin  Türk Şurasının cari gündəliyi barədə söylədikləri də Azərbaycana verilən dəstək, göstərilən diqqətdir.  Bakı Sammiti zamanı 2020-2025-ci illər üçün türk strategiyasının və 2020-2040-cı illər üçün türk dünyası barədə təsəvvürləri əks etdirən sənəd  artıq hazırdır. Bu sənəddə  türk dünyasının gələcəyi,  siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, gənclər və başqa sahələrdəki  əməkdaşlığın perspektivləri əks olunub. Diqqətçəkən başlıca məqam isə  Prezident İlham Əliyevin Zirvə görüşündə  Zəngəzurla bağlı   söylədiklərinin   reallaşması, Azərbaycanın tarixi torpaqlarının həqiqi sahiblərinə qayıtmasıdır.

Xuraman İsmayılqızı, «İki sahil»