KÖŞƏ

Sevinc Azadi

Tarix saxtalığı sevmir, yalanı qəbul etmir

29 yanvar 2021 16:27
3368

Vətənimizin tarixini saxtalaşdıran yadellilərin, düşmənlərimizin və öz içimizdə olanların yazdıqlarını da saf-çürük etmək zamanıdır

Xalqımızı 70 il öz hökmranlığı altında saxlayan bolşevizm hökumətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi siyasət bizi öz tarixi köklərimizdən ayırmağa, tariximizə, tarixi dövlətçiliyimizə, milli ideologiyamıza düşmən münasibət göstərməyimizə xidmət edirdi. Təəssüf ki, Sovet imperiyasının başbilənləri öz tarixçilərimizin əli ilə 70 il tariximizi qara ləkələrlə “zənginləşdirdilər”. Sovet dövründə Azərbaycan tarixi, demək olar ki, tamamilə saxtalaşdırıldı, əsl qəhrəmanlarımız bizə unutduruldu və onların əvəzinə qondarma qəhrəmanlar tanıdıldı.

1991-ci ildə öz müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının tarixşünaslıq elmi yenidən formalaşmağa başladı. Sovetlərin bizə düşmən kimi təqdim etdiyi xanların, dövlət xadimlərinin, tarixi şəxsiyyətlərin, əslində, gerçək kimlikləri, onların xalqımızın azadlığı uğrunda verdikləri mücadilələr tarixçilər tərəfindən üzə çıxarıldı. Bununla belə, yenə də müasir tarixşünaslıq elmi hələ də tam olaraq bolşevizm ideologiyasının təsirindən çıxa bilməyib və bəzi tarix kitablarında o ideologiyanın təsiri hiss olunmaqdadır. Hətta tarixçilərin verdiyi məlumata görə, son 10-15 ildə nəşr edilən bəzi tarix kitablarında Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə və digər böyük dövlət xadimlərimiz “qaniçən”, “başkəsən”, “işğalçı” kimi təqdim edilir. İkinci Dünya müharibəsində Azərbaycanın və azərbaycanlıların iştirakı məsələsinə yanaşmada da Sovet hökuməti xeyli təhriflərə yol verib. Təbii, bu da təəssüf doğuran haldır. Ona görə də bu gün Sovet dövrü Azərbaycan tarixinin yenidən öyrənilməsinə, yazılmasına ciddi zərurət var. Hətta bəzi tarixçi-alimlər hesab edirlər ki, həm qədim Azərbaycan dövlətlərinin, həm xanlıqların, həm də Cümhuriyyət dönəminin Sovet dövründə təhrifə uğramış səhifələrinə tamamilə yeni baxış formalaşdırılmalıdır.

“Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir”. Bu sözləri Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezidentin bu mesajından gerçək tariximizi saxtalaşdıran alimlər nəticə çıxarmalıdırlar. Ölkə başçısının vurğuladığı kimi, vaxtilə “26 Bakı komissarı” kimi əfsanələr, miflər yaradıb xalqa sırımağa çalışıblar.  26 Bakı komissarı adı ilə şöhrətlənən müvəqqəti hökumətin bir neçə nazirinin (komissarının) liderliyi ilə formalaşmış bu “güllələnmə” qrupu Qafqaz sovetləşdikdən sonra əfsanəvi qəhrəmanlar taqımına çevrildi. Necə oldu ki, nəinki Azərbaycan Xalq Cümhuriyyəti və İngiltərə dövləti hərbi cani hesab olunan, hətta özünün hakimiyyəti ötürdüyü Sentrokaspi Diktaturası tərəfindən də cinayət məsuliyyətinə cəlb edilən, üstəlik, məmləkətimizdə törətdiyi soyqırım aktları ilə Leninin də qınağına gələn bu “şayka” bir dönəm ötəndən sonra nağıl qəhrəmanlarına döndülər?!.. Törətdiyi cinayətlərin miqyasından sonralar özü də qorxaraq əməllərinə başqa don geydirən; vəhşilikləri ört-basdır edərək soyqırımını sinfi mübarizə çərçivəsini qeyri-iradi aşmış, “yol verilməsi mümkün olan” milli qırğın kimi təqdim edərək vəziyyətdən çıxmağa çalışan, qırğına məruz qalmış müsəlmanların sayını (kəskin şəkildə azaltmaqla) gizlədən; bu olaylarla bağlı “qanunsuzluqları araşdırmaq üçün” Koksemyakonun (bəzi mənbələrdə: Kojemyako) başçılığı ilə formal bir Fövqəladə İstintaq Komissiyası da yaradan və bütün bu kimi addımlarla özünü bataqlıqdan qurtarmağa çalışan Şaumyan hökuməti hər bir parametrə görə tamamilə iflas etmiş durumdaydı... Ancaq nədən “26-lar” “güllələndikdən” və Azərbaycan 1920-ci ildə XI Qırmızı Ordu tərəfindən yenidən qırılıb-çatılıb, sovetlərə qatıldıqdan sonra bu namərd kommunarlar əfsanəvi qəhrəmanlar kimi öyüldü?! Xalqa indi bəlli olur ki, bütün bunlar dünya erməni mafiyasının və onun Mikoyan kimi “şeytana papış tikən“ hiyləgər simalarının böyük dövlətlərarası oyunlar qurması və arxivləri ələk-vələk edərək zəruri materialların iz-tozunu “silib-süpürməsi” yolu ilə nail olunmuş bir məsələ imiş...

Çox təəssüflər olsun ki, Sovet dövründən qalan o xoşagəlməz ənənələr müstəqillik dövründə də bəzi tarixçilər tərəfindən davam etdirildi. Yəni bəziləri Sovet dövründə saxta tarix yazıb yüksək elmi adlar almışdılar, sonradan da yazdıqları saxta tarixdən əl çəkə bilmədilər, özlərini sübut etməyə çalışdılar.

90-cı illərin əvvəllərində, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkəmizə səriştəsiz, yarıtmaz adamlar rəhbərlik edirdi. Bu adamların səriştəsizliyini, yarıtmazlıqlarını, ölkəmizi hansı bəlalara düçar etdiyini hər kəs yaxşı bilir. Yalanlarla, eyforiyalı sözlərlə baş qatmaq istəyən, “Şuşa getsə, başıma bir güllə çaxacağam” deyən bir müdafiə nazirinin cinayətkar fəaliyyətinə tarixçilər diqqətlə fikir verməli, bunu olduğu kimi əks etdirməlidirlər. O dövrdə öz yalanları ilə camaatın başına oyun açan, pafoslu, yalan dolu çıxışlarla məşğul olan, səriştəsiz, bacarıqsız hökumətin, onun satqın, səriştəsiz, ordumuzu qalibiyyətə aparmaq üçün heç bir planı, bacarığı olmayan nazirlərinin yarıtmaz fəaliyyəti tarixi həqiqətdir. AXC-Müsavat cütlüyü dönəmində tarixi, siyasi, hərbi biliyi olan peşəkar adamların kənara qoyulmasını, öz qohumlarını komandir təyin edənləri, döyüşə getməyib, qaçıb gizlənən, fərarilik edənləri hər kəs tanımalıdır. Tarixçilərimiz bütün bu faktların hamısını yazmalıdır, bu reallıqlar tariximizdə əks olunmalıdır, gənclərimiz, gələcək nəsillər bilməlidir ki, torpaqlarımızın 28-30 il müddətində işğalda qalmasının baiskarı kimlər olub.  Bu adamların səriştəsiz, satqın fəaliyyəti tariximizin böyük qara ləkəsidir.

Artıq xalqımız üçün fərqli tarix və şərait yetişib. Azərbaycan xalqının ən ağır problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, buna nöqtə qoyulması göstərir ki, biz tarixdə baş verənlərə çox diqqətlə yanaşmalıyıq. Vətənimizin tarixini saxtalaşdıran yadellilərin, düşmənlərimizin və öz içimizdə olanların yazdıqlarını da saf-çürük etmək zamanıdır.