KÖŞƏ

Nurəddin Muğanlı

Azərbaycan yaşıl diyara çevriləcək

04 fevral 2021 16:58
3523

Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamında müstəqil Azərbaycanın iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqda olduğu vurğulanır və beş əsas istiqaməti özündə ehtiva edir. Beşinci prioritet Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi də şöhrətlənməsidir.

Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin təmizlənib bərpa olunması istiqamətində göstərilən səylər ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına və su ehtiyatlarından səmərəli istifadə edilməsinə mühüm töhfə olacaqdır.

Bu prioritet  daxilində diqqəti çəkən əsas məqamlardan biri strateji dövrdə  iki məqsədin effektiv reallaşdırılmasına nail olunmasıdır: yüksək keyfiyyətli ekoloji mühit və  yaşıl enerji məkanı.

 Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişafın diqqət mərkəzində olması  vacib  hesab olunur. Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır.Ölkədə iqtisadi artımla ekoloji mühitin tarazlı olması və  yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resursların bərpası ilə yanaşı,  keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməsi qarşıya mühüm vəzifə kimi qoyulur. Azərbaycan, həmçinin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi nümunəyə çevriləcək. Bunun üçün ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması istiqamətində genişmiqyaslı işlər görülməli,eyni zamanda, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Strateji dövrdə bu prioritet daxilində iki məqsədin səmərəli şəkildə reallaşdırılmasına nail olunmalıdır ki, bunlardan biri yüksək keyfiyyətli ekoloji mühit, digəri isə “yaşıl enerji” məkanıdır. Yəni ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Sözügedən dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin artacağı gözlənilir. Azərbaycanda da enerjidən səmərəli istifadə edilməsinə və yeni dayanıqlı enerji mənbələrinə üstünlük veriləcək. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinin vacib olduğu qeyd olunur.

 Ətraf  mühitin  yaşıllığı sakinlərin uzunömürlülüyü, sağlam həyat tərzini və məhsuldar fəaliyyətinə müsbət təsir göstərir.  Buna  görə gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi vacib sayılır. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəkdir.

Qarşıdakı illərdə uzun müddət ərzində yaranan ekoloji problemlərin kompleks həlli  bu sahədə davamlı inkişafin diqqət mərkəzində olacağından xəbər verir. İqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər təbii  ki, azaldılacaq. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılacaq. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu regionun ölkənin ən abad guşələrindən birinə çevrilməsi üçün  yaşıllıqların salınması da  başlıca məqsədlərdən  biridir. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların  artırılması  ölkəmizi  başdan-başa çiçəklənən diyara çevirəcək.