KÖŞƏ

Nurəddin Muğanlı

30 il əvvəl Xankəndidə başlanan faşizm “marofonu”

04 sentyabr 2021 01:37
644

Millətçilik dalğası və faşizm ideyaları üzərində XX əsrdə İtaliyada Almaniyada, Portuqaliyada, İspaniyada  dövlət quran  adamların aqibəti dünya tarixinə yaxşı məlumdur. Lakin Avropada faşizm dövrü iflasa uğrasa da əsrin sonunda - 1991-ci ilin  sentyabrın 2-də  Azərbaycanın Qarabağ bölgəsində  yaşayan  bir qrup erməni millətçisinin  dünyaya səpələnmiş daşnak tör-töküntülərinin  fitnəsi ilə bir araya gəlib  əvvəlcə "dqr", sonra isə "Artsax" adlı  qondarma dövlətçilik elan etməsi Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoydu.

Ötən 30 ərzində  3 müharibədə (1991-1994, 2016, 2020) və dəfələrlə atəşkəsin  pozulması nəticəsində xeyli  sayda  insan həlak  oldu.  Çox təəssüf ki,  44 günlük müharibədə  Azərbaycan  Ordusunun  tarixi Qələbəsindən  sonra  Rusiya sülhməramlı (?!) qüvvələrinin  labüd ölümün pəncəsindən qurtardığı  erməni  faşizmi yenə Xankəndidə  odu  sönmüş qondarma rejimin  külü ilə oynayır.

Elə  sentyabrın 1-də “Artsax Respublikasının parlamenti”nin sədri Artur Tovmasyanın sədrliyi ilə  qondarma dqr-in müstəqilliyinin elan edilməsinin 30 illiyinə həsr olunmuş xüsusi iclası da əslində, Xankəndidə  gözlərindən məyusluq yağan ermənilərin  gözünə kül üfürməkdən  başqa bir şey deyildi. 

Nə qədər  qəribə olsa da  iclasda erməni apostol kilsəsinin artsax teminin rəhbəri Vrtanes yepiskop Abrahamyanın,  Ermənistan Respublikası  parlamentinin nümayəndə heyətinin iştirakı  və çıxış  edənlərin “arsax xalqının” 30 il əvvəl  verdiyi qərarı “müdrik” hesab etmələri, eləcə də  həmin qərarın “Artsaxı erməniləşdirməyin yeganə yolu  adlandırmaları” 30 illik  fazim "marafonunu" davam etdirmək cəhdi kimi diqqətləri cəlb etdi.

Çünki  təbrik nitqi ilə  çıxış edən  qondarma   respublikanın  xarici işlər naziri Davit Babayanın  “həyatını qurban verən ermənilərin sayəsində vətənə sahib olmuşuq”  və  “onların xatirəsi naminə hamımız Artsaxı gücləndirmək məcburiyyətindəyik, bu da Ermənistanı gücləndirmək deməkdir" ifadəsində  bir növü  qorxu faktoru özünü  büruzə  verdi.

Qorxu faktlarının  nədən, kimdən, haradan qaynaqlandığını erməni siyasi ekspert Tevan Poqosyan  açıqlamasında qeyd edir ki, sentyabrın 2-də "ilk dəfə olaraq "müstəqillik günü" münasibətilə Ermənistan rəhbərliyinin  Qarabağa gəlməməsinin səbəbini adı çəkilən ölkə rəhbərliyinin “qorxu və narahatlığında axtarmaq lazımdır.”

Tevan Poqosyan öz açıqlamasında  bildirib ki, ortada iki qorxu səbəbi var: “Necə deyərlər, iki qorxu - bir ölüm. Bəlkə də vəzifələrini itirməkdən, bəlkə də Azərbaycan və İlham Əliyevin reaksiyasından qorxurlar.”

Bəzi erməni ekspertləri və siyasətçiləri sentyabrın 2-də   Xankəndiyə getməmələrinə görə Ermənistanın birinci şəxslərini açıq şəkildə qınayırlar. Onların fikrincə, indiki çətin vaxtda Ermənistan hakimiyyəti "artsax"ı heç vaxt olmadığı kimi dəstəkləməli, yanında dayanmalı idi. Ancaq gördüyümüz kimi,  prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyan qısamüddətli  dincəlmək və  məzuniyyət adı ilə aradan çıxıb Xankəndiyə gəlməkdən ermənisayağı  bicliklə yayındılar.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Vahan Xaçatryan ölkə rəhbərliyinin qondarma “dqr”nın saxta müstəqilliyi gününə niyə getməmələrinə aid verilən sualı cavablayarkən onların aradan çıxmağına belə haqq qazandırmağa çalışıb: "Deməli belə lazımdır. Bunun üçün siyasi qərar qəbul edilib. Başqa heç nə axtarmayın, hər şey yaxşıdır. İnanıram ki, heç bir problem yoxdur”.

Erməni  nazir  Paşinyanın məzuniyyətə getməsinə isə belə münasibət bildirib: “Hesab edirəm ki, bunu problem etməyə ehtiyac yoxdur”.

Bu fikirlər adamda  belə  təəssürat yaradır ki,  deyəsən, Ermənistanın rəhbərləri indi  həqiqəti yavaş-yavaş dərk etməyə başlayırlar.

Fəqət  çox yaxşı  olardı  ki, 30 ilə  yaxın  Azərbaycanın qədim  torpaqlarında  "böyüdüb bəslədikləri" bu  qondarma, separatçı qurumun sentyabrın 2-də ortada tək qaldığını  millətçi ermənilərin  şər yuvası olan erməni apostol kilsəsinin rəhbərliyi dərk edəydi.

Axı,  bu gün  gerçəkdən də istər dünyada,  istərsə də  Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasında  ilk  növbədə din xadimlərinin fəaliyyəti  böyük rol  oynaya  bilər.  Bəs  30 il əvvəl  Xankəndidə başlanan və günahsız  insanların əmin-amanlığını təhdid edən  faşizm “marofonunu”  dayandırmaq üçün  niyə erməni din xadimləri  etiraz səslərini  qaldırmırlar?

Ötəni ilin  noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə Bəyanatdan sonra istər Ermənistan dövlətinin, istərsə Xankəndidə  rus  sülhməramlılarının  kölgəsində   gizlənən  ermənilər qonşulara qarşı quldur kimi, təcavüzkar kimi davrana bilməzlər.  Armen Sarkisyanın və Nikol Paşinyanın sentyabrın 2-də  Xankəndiyə gəlməkdən boyun qaçırmaları Qarabağdakı erməni separatçılarına ağır psixoloji travma yaşatdı. Onlar başa düşdülər ki, artıq yolun sonudur, "artsax"ın dövlət kimi yaşamaq, mövcud olmaq şansı yoxdur.

Ermənilər terror dəstələrini  himayə  edənlər də  bu gerçəyi nə qədər tez anlasalar, onların nazı ilə oynamaqdan əl çəkib sülhməramlı  missiyalarını  yerinə doğru-dürüst  yetirsələr daha faydalı olar. Çünki   Qarabağda atəşkəsin məhz erməni təxribatı nəticəsində pozulması sülhməramlı qüvvələrin  təmsil etdikləri  dövlətin imicinə böyük zərbə vurur.

Rusiyanın dövlət başçısı V. Putin sentyabrın 1-də  Uzaq Şərqdə məktəblilərə açıq dərs keçərkən ABŞ qoşunlarının 20 il  ərzində  əfqan xalqını  öz  diktəsi  ilə  idarə   etməyin  necə yalnış  olduğunu bildirdi. Qeyd etdi ki,  sülhməramı  adı altında Əfqanıstanda fəaliyyət göstərən qoşunlar burada yaşayan yerli xalqların adət-ənənələrini heç nəzərə almayıblar. Nəticədə  ABŞ-ın həmin  ölkədə siyasəti iflasa uğrayıb.

Bax, elə  buna görə də  daha yaxşı olardı ki,  Qarabağdakı  rus sülhməramlıları da Azərbaycan xalqının  sülh mövqeyini nəzərə alıb,  30 il əvvəl  Xankəndidə yaşayan azərbaycanlı əhalinin  öz doğma yurd-yuvalarına qayıtmaq arzusunu reallığa çevirəydilər. 

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?