KÖŞƏ

Nurəddin Muğanlı

İran bizim dostumuz olsaydı...

06 oktyabr 2021 22:56
2410

Əgər İran  İslam Respublikası müsəlman təəssübkeşi obrazını dildə yox, əməldə  oynasaydı, o zaman Azərbaycanın tarixi  qələbəsinə sevinərdi. 30 illik erməni  işğalına son qoyan Azərbaycanın erməni vandallarını torpaqlarından qovmasından  sonra qonşu İranın ermənipərəst siyasətini davam etdirməsi nə Ermənistana, nə də İrana yaxşı heç nə vəd etmir.

Bu gün bizi əssassız ittiham edən  İran 30  ilə  yaxın   erməni işğalı altında  qalan ərazilərimizdə dini abidələrin, məscidlərin dağıdılmasına, təhqir edilməsinə, donuz damına  çevrilməsinə həmişə göz yumub.   Bəlkə də uzaq Avropanı,  yəni Azərbaycanın qələbəsini həzm edə bilməyən xristian  dövlətlərini  başa düşmək olardı,  amma  dinimiz, kitabımız, peyğəmbərimiz, imamlarımız eyni olan qonşu İranı isə  heç cür başa düşmək  mümkün deyil.  İşğal dövründə İran tərəfi bizim məscidləri təhqir edən, donuzxanaya çevirən Ermənistana qarşı sərt mövqe nümayiş etdirməkdənsə onunla daha da yaxınlaşdı.  Son günlərdə  isə İrandan ard-arda rəsmi şəxslərin, dindarların bəyanatları, hətta təhdid dilinə keçmək cəsarəti, Ermənistanla yüksək səviyyəli qarşılıqlı səfərlər, baş nazir Nikol Paşinyanın İranı ölkəsi üçün “nəfəslik” adlandırması çox mətləblərdən xəbər verir.

44 günlük Vətən müharibəsində ölkəmizin böyük Zəfəri regionda qonşu dövlətlərlə yeni əməkdaşlıq imkanları yaratmasına  baxmayaraq İranın Azərbaycana qarşı son zamanlar tutduğu mövqe qəti şəkildə qəbuledilməzdir.  Siyasi  ekspertlər haqlı  olaraq  bildirirlər ki, İran hakimiyyətinin alt niyyəti İslam həmrəyliyi deyil və bu ölkənin dini-siyasi rejiminin başında dayanan çoxluq sərhədlərinin yaxınlığında   Azərbaycan  müsəlmanlarının qurduğu dünyəvi dövləti və onun müstəqil inkişafını həzm edə bilmir.

Maraqlıdır ki,  ərazilərimizin işğal altında qaldığı 30 il ərzində bir dəfə də olsun təlim keçirməyən İran  torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanla sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə  rəvac  verir.  Üstəlik  İran bu və ya digər siyasətinə haqq qazandırmaq üçün  güya İsrail hərbçilərinin Qarabağda olması haqqında  saxta  bəyanatlar  yayır. İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı fikrə münasibət bildirərkən  bunun  fantaziyadan başqa bir şey olmadığını vurğulayıb. Səfir əlavə edib ki, bu fikir Qarabağda marslıların olması kimi bir xəyala bənzəyir: “Düşünürəm ki, bu fikir böyük axmaqlıqdır, Dağlıq Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə var.”

Rusiyalı hərbi analitik Aleksandr Artamonov da bu məsələyə eyni  prizmadan nəzər salır: “Tehran bəyan edir ki, guya Bakı İsrailə İranı hədələmək üçün Azərbaycan ərazisindən istifadə etməyə icazə verib. Bu, əsası olmayan absurd bir bəyanatdır. Bundan əlavə, İranın bu bəyanatı ümumiyyətlə, məntiqdən məhrumdur”.

Bir  çox  ekspertlərin  fikrincə, Azərbaycandakı İran Mədəniyyət Mərkəzi  də  İranın öz siyasəti nəticəsində bağlanıb.  Lakin Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov  mətbuata açıqlamasında bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb. “Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

Onu da qeyd edək ki, Hüseyniyyə məscidi İran İslam Respublikasının ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatinin ofisi kimi fəaliyyət göstərirdi.

“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Şəmsəddin Əliyevin   fikrincə,  Qarabağda ermənilər Allahın evinə, məscidlərə həqarət edəndə  niyə bir dəfə Hüseyniyyə məscidindən Ermənistana qarşı sərt bəyanat səslənmədi, niyə Ocaq Necatinin ofisi onlara etiraz ünvanlamadı? “Gövhərağa məscidini ermənilər təhqir edəndə niyə bir dəfə Hüseyniyyə məscidindən Ermənistana qarşı sərt bəyanat səslənmədi, niyə Ocaq Necatinin ofisi onlara etiraz ünvanlamadı? Ermənistan bizim torpaqları işğalda saxladığı dövrlərdə İran ordan öz şəxsi maraqları üçün istifadə edirdi... Belə faktlar çoxdur. İranın bizə qarşı yürütdüyü xoşagəlməz siyasət bir islam dövlətinə qətiyyən yaraşmır.” 

Bəli,  bu gün Azərbaycanla  təhdid dilində danışmaqdansa İran  beynəlxalq hüquqa hörmət etməlidir. Və unutmamalıdır ki, dünyada İranın Ermənistandan başqa dostu yoxdur.