KÖŞƏ

Sevinc Azadi

Paşinyanın vəd etdiyi “çiçəklənmə”nin ağır fəsadları

16 fevral 2021 17:44
1970

Dərin sosial-iqtisadi böhran və ağır hərbi məğlubiyyət nəticəsində yaranan siyasi xaos Ermənistanı uçuruma aparır

Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və ən əsası 44 günlük müharibədəki ağır məğlubiyyəti Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Paşinyan hesab edir ki, xalqı qarşısında danışdığı yalanlarla, müxalifəti tərk-silah etməklə hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hazırda Ermənistanda vəziyyət olduqca ağırdır, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyan hakimiyyəti itirməkdən qorxur. Yeganə məqsədi hansı vasitə ilə olursa-olsun hakimiyyətini qorumaqdır. Onun demaqoqcasına vəd etdiyi “çiçəklənmə” isə reallaşmır ki reallaşmır. Əksinə, ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistan özünün daha sürətli tənəzzül dövrünə qədəm qoyub. Bu ölkədə real vəziyyətin təhlili göstərir ki, Ermənistanın üzləşdiyi böhran qarşıdakı müddət ərzində daha da dərinləşəcək. Belə vəziyyətdə Ermənistanda sayı sürətlə azalmaqda olan əhalinin hakimiyyətə qarşı sosial narazılığının daha da güclənəcəyi təbiidir.

Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin keçmiş müavini Tadevos Avetisyan “Novosti Armeniya”ya açıqlamasında deyib ki, ölkədə hər 3 nəfərdən biri yoxsuldur: “Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizə yaxınlaşdığı halda, baş nazir Nikol Paşinyan isə fevralın 12-dəki çıxışında 2020-ci ili ölkənin “çiçəklənmə ili” adlandırıb”.

Onun sözlərinə görə, 2018-ci ildə yoxsulluq 23,5 faiz, 2019-cu ildə bu göstərici 26,5 faiz səviyyəsində olub. Keçmiş nazir müavini dövlət borcunun 10 milyard dollara çatdığını bildirərək əlavə edib ki, bu vəziyyət humanitar fəlakətə səbəb olacaq: “Yaşanan tənəzzül, idxal və ixrac əməliyyatlarında yaranan böyük ölçülü mənfi saldo ölkəni iqtisadi uçuruma aparır”

Göründüyü kimi, Paşinyan ya ağlını itirib, ya da erməni cəmiyyəti ilə məzələnir. Çünki Ermənistanda iqtisadi vəziyyət tamamilə fərqlidir. Müharibədəki ağır məğlubiyyət, əhalinin maddi rifah halının pisləşməsi və bunun yaratdığı fəsadlar hələ bir neçə il davam edəcək. Yaşanan tənəzzül, idxal və ixrac əməliyyatlarında yaranan böyük ölçülü mənfi saldo ölkəni iqtisadi uçuruma aparır. Belə olan halda, hansı iqtisadi çiçəklənmədən söhbət gedə bilər? Ötən il Ermənistan iqtisadiyyatında 7,2 faiz azalma qeydə alınıb. Tikinti sektoru 11,2 faiz, ticarət dövriyyəsi 13,5 faiz, xidmətlərin həcmi 13,6 faiz azalıb. O cümlədən ölkənin xarici ticarət dövriyyəsi 12,4 faiz, ixrac 5,2 faiz, idxal 15,9 faiz enib. İqtisadi vəziyyətin pisləşməsi dövlət büdcəsinə vergi gəlirlərinin azalmasına gətirib çıxarıb.

"Verelq.am'' saytı yazır ki, müharibədən məğlub çıxan ölkədən birbaşa xarici sərmayə gözləmək sadəlövhlükdür. Üstəlik, qeyri-müəyyənlik, təhlükəsizlik üçün təhdidlər mövcud investorları da qorxuda bilər. Bəziləri hətta öz kapitallarını Ermənistandan geri çəkə bilər. "Ameria Group Inc'' şirkətinin direktoru Tiqran Crbaşyan deyib ki, təhlükəsizlik riskləri, ölkədə hökm sürən siyasi qeyri-müəyyənlik, iqtisadi vəziyyətin pisləşməsi və Ermənistandan kapital axını yeni fəlakətlərə səbəb ola bilər. Bu, müharibədən, koronavirus pandemiyasından sonra baş verə biləcək ən böyük zərbədir. Qeyd olunur ki, böhranlı iqtisadi vəziyyətdə dövlət məcburən öz kapital qoyuluşlarını azaltmalıdır. Bu isə digər investorları ehtiyatlı olmağa sövq edəcək, investisiya aclığını artıracaq.