KÖŞƏ

Sevinc Azadi

İndi də süni Zəngəzur gündəmi...

04 mart 2021 21:31
2458

Ermənistanda revanşist qüvvələr Qarabağ məsələsinin həllindən sonra Zəngəzur məsələsini qabartmaqla sülh prosesinə zərbə vurmaq niyyətindədirlər

 

Azərbaycanın Vətən müharibəsində inamlı Qələbəsi bu gün Cənubi Qafqazda tamamilə yeni bir mənzərənin yaranması ilə müşayiət edilməkdədir. İndi ölkəmiz üçün əsas məsələ müharibədən sonra əldə olunan sülhün davamlı xarakter almasına nail olmaqdır. Azərbaycan bu məqsədinə regionda iqtisadiyyat və kommunikasiya əlaqələrinin bərpası ilə nail olmağa çalışır. Ermənistanda bəzi qüvvələr buna müqavimət göstərməyə çalışsa da, onların səyləri, demək olar ki, nəticəsizdir.

Xatırladaq ki, Ermənistan işğal dövründə dövlət sərhədini Qubadlı və Zəngilan istiqamətdə irəli çəkərək, Gorus-Qafan-Mehri bölgəsini sərhəd bölgə statusundan çıxarmışdı. 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoyan Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədini də bərpa etdi. Hazırda işğal dövründə pozulan dövlət sərhəd xəttinin bərpası işləri davam edir.

Bu gün Azərbaycan üçün əsas prioritetlərdən biri də kommunikasiya əlaqələrinin bərpası üçün tərəflərin üzərinə götürdüyü öhdəliklərə əməl etməsidir. Bu fonda Azərbaycan Zəngilandan Naxçıvana Ermənistanın Mehri rayonundan keçən dəhlizin inşasının tezləşməsini istəyir. Özü də bu zaman dəhlizin Mehridə təhlükəsizliyi üçün Azərbaycan yaxın ərazilərdə nəzarət prosesini həyata keçirəcək. Ermənistanda isə bu fonda iddialar səslənir ki, proses zamanı Sünik (Zəngəzur) bölgəsinin bəzi əraziləri Azərbaycana təhvil veriləcək. Ermənistanın "Qraparak" qəzeti də bununla bağlı belə bir məlumat yayıb ki, Sünik bölgəsindəki Gorus-David-Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycana veriləcək.

Ermənistanda bəzi qüvvələr hələ də baş verənlərlə razılaşmır. Erməni politoloq Qaqik Hambaryan bu xüsusda bildirir: “Gözlənildiyi kimi, 10 noyabr biabırçı kapitulyasiyası, Sünikin sərhəd yaşayış məntəqələrinin yaxınlığından erməni mövqelərinin çıxarılması və onların azərbaycanlılara ötürülməsi ilk qaranquşlar idi ki, Bakı Ermənistanın cənub bölgələrinə qarşı hansı siyasəti yürüdəcək. Azərbaycanlı əsgərlər keçmiş erməni mövqelərində möhkəmləndikdən sonra ermənilərin özlərini təhlükəsiz hiss etməməsi üçün hər şey etməli idilər.

Davit Bek kəndinin başçısı Beniamin Poğosyan deyib ki, süniklilər kəndi tərk edir, çünki təhlükəsizlik zəmanətləri yoxdur. Sünik vilayətinin keçmiş başçısı Surik Xaçatryan isə deyir: “Hörmətli süniklilər və İrəvanda yaşayan həmvətənlərim, Sünik təhlükə altındadır, o, hissə-hissə əzəli rəqibimizə verilir. Mənfur və xain hökumətin əli ilə Sünikdən bəzi hissələr azərbaycanlılara bağışlanıb və bu çirkin sövdələşməyə qarşı çıxmasaq, çox tezliklə bütün Sünik onların nəzarəti altına keçəcək. Hamımız da bilirik ki, Süniki Azərbaycanın tərkibində görmək istəyi rəqibin ən böyük arzusudur”. Amma Nikol Paşinyan dəfələrlə millətə müraciət edərək izah etməyə çalışıb ki, Ermənistanın sovet sərhədlərinə qayıtması ölkənin təhlükəsizliyini təmin etmək və gələcəkdə baş verə biləcək insidentlərdən qaçmaq məqsədi daşıyır. Lakin erməni siyasətçilərin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı verdiyi hər bir açıqlama yalnız alovun üstünə yağ tökür və hökumət əleyhinə əhval-ruhiyyəni qızışdırır.

Qeyd edək ki, Sünik Azərbaycanın tarixi torpaqları olan qədim Zəngəzur ərazisində yerləşir. Rusiyanın “Kommersant” qəzeti də bu xüsusda yazır ki, kommunikasiya əlaqələrinin bərpası və Zəngəzur istiqamətində baş verənlər davamlı sülhün təminatçısı ola bilər. Sadəcə, Ermənistanda sülhə əngəl yaratmaq istəyən qüvvələrin mənfi fəaliyyətləri neytrallaşdırılmalıdır. Qəzet yazır ki, müharibə artıq keçmişdə qalıb: “Ermənistan tərəfinin “Dağlıq Qarabağın təhlükəsizlik kəməri” adlandırdığı Azərbaycanın 7 bölgəsi Bakının nəzarətinə qayıdıb. Quru ərazi baxımından bu, 7,5 min kvadrat kilomertrdən çoxdur. Bir zamanlar 600 mindən çox insanın qaçmaq məcburiyyətində qaldığı ərazi. Onlar ölkənin digər bölgələrinə köçürülüb. Ölkə rəhbərliyi ərazilərin reinteqrasiyası ilə bağlı genişmiqyaslı işə başlayıb. Vəzifə asan deyil: ərazinin əhəmiyyətli bir hissəsi minalanıb”.